İnam Kərimovdan olan şikayətimə İnam Kərimov baxacaq- İqtisadçı ekspert

İnam Kərimovdan olan şikayətimə İnam Kərimov baxacaq- İqtisadçı ekspert
 

Qalib Toğrul yazır:

İnam Kərimov nazir olandan sonra qapalı quruma çevrilən Kənd Təsərrüfatı Nazirliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri kimi 10-dan çox sorğu göndərmişəm. Bəzilərinə ümumiyyətlə cavab verməyiblər, bəzilərini isə, keflərinin xoş dəminə düşüb, cavablandırıblar. Amma başdansovdu, necə gəldi...
Nazirlik 2021-ci ilin yanvarında göndərdiyim sorğuya cavab verməkdən imtina edəndən sonra qərara gəldim ki, “İnam müəllimin kontorunu” məhkəməyə verim. Təbii ki, aşağı instansiya məhkəmələri (Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) iddiamı təmin etmədi, mən də üz tutdum Ali Məhkəməyə. “Ölkənin nüfuzunu qorumaq”da iddialı olan Ali Məhkəmə isə İnsan hüquqları üzrə Avropa Məhkəməsinə getməməsi üçün işi 12 oktyabr 2022-ci ildə yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytardı. Bu arada Ali Məhkəmənin 13 səhifəlik qərarını oxuyub başa düşənə eşq olsun, necə deyərlər, bir çəkic nala, bir çəkic mıxa. Qəradan belə çıxır ki, iddiamın təmin olunmamasında ikimiz də günahkarıq, mən də, Apellyasiya Məhkəməsi də.
Bakı Apellyasiya Məhkəməsi işə mayın 11-də baxacaq. İndi Apellyasiya Məhkəməsi iddiamı təmin etməsə, mən də acığa düşüb yenidən Ali Məhkəməyə müraciət etsəm, belə çıxır ki, kənd təsərrüfatı naziri İnam Kərimovdan olan şikayətimə Ali Məhkəmənin sədri İnam Kərimov baxacaq.
Şair belə yerdə deyib:
Balaları gülə-gülə yatırdıb,
Ağlayıram, yatmıram ki, gecələr...

"Paralel.az"

0.02679705619812