Bərdə DYP əməkdaşları kənardan rayona gələn sürücülərə əsassız cərimə yazır - Sürücü narazılıq edir

Bərdə DYP əməkdaşları kənardan rayona gələn sürücülərə əsassız cərimə yazır - Sürücü narazılıq edir
 

Öncə qeyd edim ki, hər zaman DYP əməkdaşlarının sürücülərə qarşı dayanma-durma qaydalarını pozma hallarına görə, əsassız cərimə yazmalarının şahidi olmuşam.

Əsassız cərimə deyəndə, şəhərin hər hansı ərazisində "saxlamaq qadağandır" işarəsi və avtomobillərin parklanması üçün xüsusi yer yoxdursa, sürücülər avtomobilini yol kənarlarında saxlamağa məcburdur və yol polisi bu vəziyyətdən istifadə edib, onlara qarşı parklanma qaydaları tələbini pozma halına görə, cərimə yazmamalıdır.

Əlbəttə, bu cərimə qanunsuz və əsassızdır. Bu cür cərimələrin bir adı var - cibgirlik və soyğunçuluq, yaxud nəqliyyat sahibinin cibinə girmə.

Yaxşı yadımdadır, cənab prezident BNA rəhbəri Vüsal Kərimlini qəbul edərkən, ona tapşırıq verdi ki, avtomobillərin saxlanması üçün xüsusi dayanacaq olmayan yerlərdə maşın saxlayan sürücülərə cərimə yazmağa son qoyun.

Ölkə prezidentinin bu tapşırığı DYP rəhbərliyi və əməkdaşları üçün də əsas olmalıdır.

DYP əməkdaşları o zaman bu tələbin pozulmasına görə cərimə yazmalıdır ki, həmin ərazidə avtomobillərin parklanması üçün ayrıca yer olsun. DYP rəhbərliyi və əməkdaşları bilir ki, sürücülərin cibinə qanunsuz girməklə büdcəyə pul yığmaq vətəndaşa qarşı törədilən ən ağır cinayətdir.

Cərimə yazan hər bir DYP əməkdaşı hər şeydən öncə insan olduğunu unutmamalıdır, insanları, onların durumunu nəzərə almağın vacib olduğunu dərk etməlidir. Təssüf ki, bəzi DYP əməkdaşları bunun fərqinə varmır, sürücülərə qarşı amansız davranır, onlara əsassız cərimə yazır.

Bu gün haqqında söz açdığım qüsurları, qanunsuz halları Bərdə DYP-nin fəaliyyətində gördüm və əmin oldum ki, onlar əllərinə düşən hər fürsətdə sürücülərin açıq-aydın cibinə girirlər.

Bərdə DYP əməkdaşları bilir ki, bu gün bir neçə rayonun 11-ci sinif şagirdləri Bərdə şəhərində buraxılış imtahanları verirlər.  Mənim də övladım 11-ci sinifi bitirdiyinə görə, (ingilis dili üzrə) imtahanı Bərdə şəhər 5 nömrəli məktəbə düşüb. Hamı kimi mən də öz övladımı Bərdəyə gətirmişəm. Hər kəs məktəbin qarşısında həyacanla övladını gözləyir. Övladını imtahana gətirən valideynlər ərazidə xüsusi dayanacaq yeri olmadığına görə, şəxsi avtomobillərini məktəbin qarşısındakı yolun kənarında saxlayıblar.

Bərdə rayon DYP əməkdaşları isə, fərq qoymadan yol kənarında dayanmış bütün avtomobillərin dövlət qeydiyyat nömrə nişanlarının şəkilini çəkib, dayanma durma qaydalarının pozulması tələbi ilə bütün avtimobillərə cərimə cərimə yazırlar.

Qeyd etdiyim kimi, məktəbin ərazisində isə, avtomobillərin dayanması üçün xüsusi dayanacaq yeri yoxdur. Lakin Bərdə şəhər DYP əməkdaşları bu fürsətdən sui-istifadə edərək, bütün avtomobillərin sahiblərinə cərimə yazdılar.

Xatırladım ki, insanların vəziyyətini nəzərə almaq ölkənin əsas qanunu-Konstitusiyanın başlıca meyarıdır.  İnsanların ah-naləsi ilə büdcəni doldurmaq, mükafat almaq humanizmə və qanunlara ziddir!

Heç olmasa, bu günkü vəziyyəti, valideynlərin övladlarını başqa rayonlardan imtahan üçün Bərdəyə qonaq gələn insanların durumunu nəzərə alın, ayıbdır axı!

Bərdə şəhərində kənar rayonlardan uşaqlarını imtahana gətirmiş avtomobil sahibi olan valideyn-sürücülərə qarşı baş vermiş bu xoşagəlməz hadisə ilə əlaqədar DİN-in DYP İdarəsinin rəhbəri, general-leytenant, cənab Ramiz Zeynalovdan xahiş edirik ki, bu kimi hallara son qoymaq üçün DYP əməkdaşlarına belə həssas məqamlardan sui-istifadə hallarına son qoymaq üçün DYP əməkdaşlarına müvafiq təlimat verilməsinə kömək etsin.

Ramin Qurbanov
RealMedia.az saytının redaktoru

0.01984715461731