Boyunbağı -Təranə Məmməd
TƏRANƏ MƏMMƏD
Boyunbağı
Nihad işə getməyə hazırlaşırdı. Bir fincan qəhvə və kiçik bir buterbroddan ibarət olan səhər yeməyi yekunlaşmaq üzrə idi. Ümumiyyətlə, Nihadın yeməklə o qədər də arası yox idi. İş adamlarının çoxundan fərqli olaraq, yeyib-içmək məsələsindən uzaq idi. Bəlkə, ona görə də yaşından çox cavan, həddindən artıq yaraşıqlı görünürdü.
Ad günlərini də o qədər sevmirdi. Hətta 48 yaşını qeyd etməmək üçün heç kimə xəbər etmədən telefonunu söndürüb bölgələrin birində balıq ovuna getmişdi.
Ən yaxın dostu Rüfət də bəzən Nihadın belə hərəkətlərini başa düşmürdü. Ancaq neyləmək olardı? Hər kəs həyatını bildiyi kimi yaşayır və istədiyi kimi hərəkət edir.
Nihad fincandakı qəhvənin son damlasını içirdi ki, telefonuna zəng gəldi. Zəng edən dostu Rüfət idi.
-Nihad, maşınım xarab olub. Məni də yolüstü götür.
-Yaxşı. Gözlə. Gəlirəm.
-Hara gəlirsən?
-Evinizin qarşısına.
-Yox eee. Evdə deyiləm. Gülyanın evindəydim...
-Ay səni! Əcəb olub sənə! Sənin o ... nə isə, gələn deyiləm ora. Taksi ilə gələrsən.
-Sən öl cibimdə bir manatım da yoxdur. Dünən...
-Hesabı sən vermisən eləmi?
-Hə. Nə bildin?
-Bunu bilməyə nə var. Birinci dəfə deyil ki. Bax, sənə deyirəm: “İşə geciksən, səni işdən çıxaracam.”
-Dəlisən?
-Dəli sənsən. Sənə Gülya lazımdır?
-Yox.
-Onda otur taksiyə, pulunu da Gülya kartdan ödəsin.
Nihad bu sözləri deyib telefonunu söndürdü və deyinə-deyinə maşına oturub işə getdi.
O, işlədiyi şirkəti demək olar ki, sıfırdan yaratmışdı. İşçilərini yaxşı tanıyırdı. Etibar etmədiyi insanları dərhal şirkətdən uzaqlaşdırırdı.
Nihadın ailəsinin olmadığını hamı bilirdi, amma heç kim onunla bu baraədə danışmırdı. Çünki evlənməməyinin səbəbini hamı yaxşı bilirdi. Nihada görə ailə təkcə arvadın, uşağın olması ilə deyil. O, ailəni ideal bir qurum kimi dəyərləndirirdi. Onun üçün qadının gözəlliyi, tutduğu mövqe, hətta yaşı o qədər də önəmli deyildi. Nihad onu ruhən anlaya bilən, onunla eyni tərzdə düşünən, söz deməmiş anlayan, susaraq danışa bilən və ən əsası, yüksək intellektli bir qadın axtarırdı. Tanış olub vaxt keçirdiyi qadınların heç biri onun bu parametrlərinə uyğun gəlmirdi. Bəlkə də, dostu Rüfətin harda gəldi, hansı qadınla oldu oturub durması idi onu daha çox əsəbiləşdirən.
Havalar yavaş-yavaş isinməyə başlayırdı. Günəş artıq öz hərarətinin göstərməkdə di. Nihad son illər yayda normal istirahət də edə bilmirdi. Şirkətin işləri onu yorsa da, fürsət tapan kimi rayona, anasının yanına gedirdi. Uzaq səfərləri və səviyyəli otelləri əvəz edə bilməsə də, bölgənin təmtəraqsız həyatı və səmimi insanları onu ruhən dincəldirdi. Yeganə narahatlığı anasının hər dəfə ”bu gün-sabah ölüb gedəcəm, amma nəvə görmədim!” - deməsi idi.
Qəribədir ki, başqa şirkət rəhbərlərindən fərqli olaraq Nihad görüşləri çox da sevmirdi. İşgüzar görüşlər onu yorurdu. Hər dəfə belə görüşlərdən sonra mütləq kabinetinə çəkilib bir qədər mürgüləyirdi. Bu gün də katibəsi xəbər verəndə ki, görüşü var, Nihadın əhvalı korlandı.
-Off. Yenə kimdir bu? Nə vaxt görüşmək istəyir?
-Yeni yaranan bir şirkətin başçısıdır. Deyir ki, sizə təklifi var.
-Adı, soyadı?
-İradə Orxan.
-Nə? Qadındı?
-Bəli, Nihad müəllim.
-İşimiz var da. Qadınlar zəbt ediblər dünyanı. Yaxşı. Bir saat əvvəl yadıma salarsan.
-Oldu, Nihad müəllim.
Görüşə düz bir saat qalmış Nihadın katibəsi onu xəbərdar etdi və o, əvvəl pəncərəni açıb
otağın havasını dəyişdi, sonra güzgüyə yaxınlaşıb əlləri ilə gümüşü saçını arxaya darayaraq bir az gülümsədi. “Mən niyə belə hazırlaşıram? Sanki şirkətə auditor gəlir. Qadındı da, gəlir, gəlsin. Allah bilir hansı bir pullunun qızı, ya arvadıdır. Gəlib əzilib-büzülüb gedəcək. Qadın hara, biznes hara? Hara gəldi başlarını soxurlar, sonra da inciyirlər ki, kişilər bizə yer vermirlər, bizi saymırlar. Nə isə, gəlsin görək bu nə deyir”, - öz-özünə deyindi.
Katibəsi zəng edib deyəndə ki, İradə xanım gəlib, Nihad özündən asılı olmayaraq bir
qədər həyacanla “buyursun!” - deyib gözünü qapıya dikdi.
Qapı döyülüb astaca açıldı. İçəri təxminən 50 yaşlı orta boylu incə bir qadın daxil oldu. Otağı xəfif, zərif və sanki bir qədər də ədviyyat rayihəsi qarışmış ətir qoxusu bürüdü. İlk baxışdan geyimi ofis geyimi təsiri bağışlasa da, bu qadının əynindəki qara kostyum onun incə və yaşına görə çox yaxşı görünən bədən cizgilərni daha da çazibədar göstərirdi. Pencəyin altından geyindiyi dümağ köynəyin düymələrinin olması şübhə doğururdu. Belə ki, köynəyin görünən hissəsi ancaq qara kostyuma sadəcə əlavədən başqa heç nə deyildi. Qadının ağappaq üzündən ta pencəyin ilk düyməsinə qədər uzanan görüntü həm ciddilik, həm də bir qədər şıltaqlıq təəssüratı bağışlayırdı. Belə qadınlarla özünü necə aparmağı müəyyənləşdirmək adətən çətin olur. Ciyinlərinə qədər uzanan saçının rəngini təyin etmək asan olmasa da, bu rəngin qadının bütün görkəminə çox uyğun olduğu gözə çarpırdı. Paltarın dizdən bir qədər aşağı “midi” adlanan uzunluqda ətəyi o qədər dar idi ki, sanki otursaydı, əynində sökülə bilərdi. Ayağındakı hündür dabanlı ayaqqabının rəngi ilk baxışdan heç nəyə uyğun gəlməsə də, qadının ümumi görkəminə bir şarm verir və onun yüksək zövqə malik olduğunu göstərirdi. İlk baxışdan diqqəti ən çox cəlb edən isə qadının boynundakı kulon idi. Diqqətlə baxdıqda kulonun qaşının moruq rəngi ilə qadının ayaqqabısının rənginə uyğunluğunu görmək olardı. Ürək şəklində olan bu kulonun qaşı, sanki qadına baxan gözlərin mənfi enerjisini özündə toplayıb onu şər qüvvələrdən qoruyurdu.
Nihad qadını gördükdə qeyri-ixtiyari ayağa qalxıb:
-Buyurun. Xoş gəlmisiniz! - dedi.
-Çox sağ olun. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, - deyə qadın cavab verdi.
Otağa, sanki həzin bir musiqi səsi yayıldı. Qadının mövcud orijinallığına onun qeyri-adi titrək səsi də əlavə olundu.
Nihad xanıma yer göstərib özü də əyləşdi. Bir saniyəlik sükutdan sonra Nihad:
-İradə xanım, dedilər ki, mənə təklifiniz var.
-Bəli.
Qadın çantasını açıb stolun üstünə içində sənədlər olan bir neçə qovluq qoydu.
Nihad sənədlərə baxmazdan əvvəl onlara hopmuş başgicəlləndirici ətiri hiss etdi. O, sənədləri əlinə götürüb gülümsədi:
-Məzmununu bilməsəm də, ətri çox gözəldir.
-Güman edirəm ki, məzmun da sizi ətir kimi ram edəcək, - deyə qadın yenə səsini nümayiş etdirirmiş kimi dilləndi.
- Mən bunlara indi baxmalıyam, yooxsa...
-Yoxsa, - deyə qadın qısa cavab verdi.
-Onda oxuyub müzakirə etmək üçün gərək mənə vaxt verəsiniz.
-Vaxtınızı almaq istəməzdim, amma icazənizlə, sizə qısa məlumat verim ki, nə oxuyacağınızdan xəbəriniz olsun.
-Bəli, bəli, buyurun. Xahiş edirəm.
Qadın bir qədər irəli oturub danışmağa başladı. Bayaqdan ancaq gözəl, incə məxluq təəssüratı bağışlayan qadının məntiqi, hər sözünün arxasında əsaslar olması və çox ciddi məsələləri belə asanlıqla izah etməsi heyrət doğururdu. Nihad sanki ovsunlanmışdı. Bir tərəfdən qadının cazibədarlığı, ətirinin qoxusu, səsi, digər tərəfdən biliyi, savadı və yüksək intellekti onu valeh etmişdi.
-Nihad bəy, ona görə kifayət qədər aydın izah etməyə çalışdım ki, bu layihə sizin şirkətdə tətbiq edilərsə, şirkətiniz xeyli gəlir əldə edə bilər. Təbii ki, bizim də faizimizi ödəmək şərti ilə, - deyə qadın söhbəti yekunlaşdırdı. Sonra o, süzgün, bir qədər kədərli və eyni zamanda tam arxayınlıq dolu baxışlarını lazer şuası kimi Nihada yönəltdi.
Nihad bu baxışları da qəbul edib qadına işgüzar cavab vermək əvəzinə -“Qəribə boyunbağınz var!” - dedi.
Qadın bu diqqətin olacağını əvvəlcədən bilirmiş kimi:
-Belə kulonlar qədimdə öldürücü zəhərlə dolu olarmış. Qadınlar özləri, ya da tapşırıqla müəyyən adamları zəhərləyib aradan götürmək üçün həmin kulonlardan istifadə ediblər.
-Maraqlı məlumatdır. Üzükdə zəhər saxlandığını bilirdim, amma kulonda...
-Üzüklər sonradan meydana gəlib.
-Güman edirəm ki, indi bu üsul arxaik sayılır və siz özünüzlə zəhər gəzdirməzsiniz.
-Təbii. İndi daha müasir üsullar var.
-Nəyə görə?
-İnsanları ilk baxışdan ələ almaq və arxanca aparmaq üçün.
-Qəribə qadınsınız.
-Xeyr. Sadəcə siz gördüyünüz qadınlardan fərqliyəm.
-Bu qədər fərqliliklə yəqin ki, özünüzə həmsöhbət tapmaq çətin olar.
-Mənim söhbət etmək yaşım çoxdan keçib. Mən indi daha çox ....
-Daha çox cazibənizdən istifadə edib insanlara istədiyinizi qəbul etdirirsiz, deyilmi?
-Xeyr.
-Bəs nə?
-Sözümü kəsməsəydiniz deyəcəkdim. Amma indi, bağışlayın, getməliyəm.
-Sizinlə necə əlaqə saxlaya bilərəm?
-Sənədlərin sonunda bütün əlaqə nömrələrim və şirkətə aid hər şey yazılıb.
-Çox sağ olun. Gəlişinizlə şərəf verdniz.
-Siz sağ olun. Bir də yadınızda saxlayın ki, hər bir kişi ömründə heç olmasa bir dəfə bir qadına boyunbağı hədiyyə edir. Bilirsiniz niyə?
-Niyə?
-Çünki ürəyində düşünür ki...
-Nə?
-Bir zaman hədiyyə edəndə özünüz biləcəksiniz
-Nə bilirsiniiz ki, mən hələ heç bir qadına bu hədiyyəni etməmişəm?
-Çox qadına çox hədiyyələr etmisiniz, amma kiminsə boynuna hələ kulon taxmamısınız.
-Siz...
-Sağ olun. Ya da, hələlik. Cavabınızı gözləyəcəm.
Qadın bu sözəri deyib otaqdan çıxdı. Nihad o qədər çaşqın idi ki, heç ayağa durub onu ötürə də bilmədi. O, siqareti yandırıb tüstüsünü içinə çəkdi. Elə bu zaman dostu Rüfət içəri girib “Bu qadın sənin yanında idi?” - soruşdu.
-Hə. Nədi ki?
-İda? Burda?
-İda kimdi?
-Onun adı İdadı da!
-İda? Yəhudidi?
-Yox. Mən bilən təmiz azərbaycanlıdır.
-Bəs İda niyə?
-İradədi adı, İda deyirlər.
-Kim deyir onu?! - deyə Nihad əsəbiləşdi.
-Niyə əsəbiləşirsən eee? Mən nə bilim kim deyir.
-Bilmirsən bəs niyə danışırdsan? Sən hardan tanıyırsan onu?
-Sənə nə olub !? Səhərdən əsəbisən.
-Bura bax, sənə söz vermişdim ki, səni işdən çıxaracam. Yaz ərizəni! Yox, dayan! Bu qadın haqda nə bilirsən?
-Xalamgilin qonşusudur.
-Necə yəni?
-Hə. Onu dəfələrlə xalamgildə görmüşəm. Əla qadındır. Amma birtəhərdir.
-Necə yəni?
-10 il olar ki, tək yaşayır. Əri ölüb. Oğlu Orxan xaricdədir. Demək olar ki, Bakıya gəlmir.
Çox bilikli, savadlı qadındır. Uzun illər xarici ölkələrdə yaşayıblar. Əvvəl atası, sonra da əri diplomat olub. Özü də bir neçə xarici dil bilir. Amma xasiyyəti çox ağırdı. Xalam deyir ki, İda cavanlıqda o qədər gözəl idi ki, rəssamlar onun portretini yaratmaq, kinorejissorlar filmə çəkmək istəyirdilər. Amma atası sərt və çox ciddi adam olub. Qızına yaxşı təhsil verib. Nə olsun eee. Adamın gərək bəxti də olsun. İndi odur, qoca vaxtında o boyda evdə tək tənha yaşayır.
-Kimdir qoca? - deyə Nihad yenə əsəbiləşdi.
-50 yaşı var eee İdanın.
-50 yaş qocadı?
-Nə bilim vallah. Yəni ki, o bundan sonra həyatdan nə gözləməlidir?
-Sən get o başı boş Gülyanın yaşını hesabla. Yaşı azdır, amma ağlı ondan da azdır!
-Nihad, sənə nə olub bu gün? Niyə belə əsəbisən? Bura bax, yoxsa İdaya vurulmusan?
Nihad siqareti kül qabında söndürüb başını aşağı saldı, sonra dostuna baxıb gülümsədi:
-Sən ömründə kiməsə kulon bağışlamısan?
-Nə kulon?
-Heç, əzizim! Bu sənlik deyil! Sən bunu dərk etməzsən!
Bir müddət Nihad İradə xanımla sadəcə telefon əlaqəsi saxladı. Sonra qadının layihəsini müzakirə edib qəbul etdi və həqiqətən şirkətin gəliri xeyli artdı. Daha sonra onlar ara-sıra görüşüb işgüzar söhbətlər edərək tədricən bir-birinə isinişdilər.
O qədər də təntənəli ad günü qeyd etməyi sevməyən İradə xanım ad gününü, nədənsə, bu dəfə evində qeyd edirdi. Və Nihad onu təbrik edəcəyini bildiyindən onu evinə dəvət edəcəyini qərarlaşdırmışdı.
Nihad günün ikinci yarısı zəng etdi:
-Doğum gününüz mübarək, İradə xanım!
-Çox sağ olun, Nihad bəy.
-Sizinlə bu gün görüşmək istərdim. Əgər qonaqalarınız olmayacaqsa, bir yerdə oturub bu günü bərabər qeyd edərdik.
-Qonaqlarım olmur. Nə yaxın rəfiqəm, nə də yaxın qohumlarım var.
-Onda görüşəkmi?
-Görüşək! Amma bizdə. Mənim mənzilimdə. Mən sizi dəvət edirəm.
-Düzü bir az gözlənilməz oldu.
-Bilirəm. Amma onu da bilirəm ki, gələcəksiniz.
-Bəli. Gələcəm. Mütləq!
Nihad bir həftə bundan əvvəl aldığı hədiyyəni və bir dəstə qızılgül götürüb İradə xanımgilə getdi.
Mənzil çox müasir üslubda bəzənsə də, divarlar, bəzi antikvar əşyalar bu qadının bu günlə keçmişi ustalıqla birləşdirdiyini aydın göstərirdi. Divardan asılan qədim Təbriz xalçası ilə qarşı divardan asılan abstrakt üslubda işlənmiş rəsm əsəri zaman baxımından müxtəlif olsa da, çox həmahəng görünürdü. Otağın bir küncündə dayanan ağ royalın üstündəki şamların həzin alovu otaqa qəribə bir sakitlik gətirirdi. İradə xanım bu gün həddindən artıq cazibədar görünürdü. Əynindəki zilqara donu və belinə taxdığı incə gümüş kəmər onu daha da incə göstərirdi. Donunun yaxası həm açıq, həm də bağlı hesab edilə bilərdi. Parçası tökülən ipəkdən olduğuna görə donun yaxası hərdən bağlı, hərəkət etdikdə - əyilib-qalxdıqda isə kifayət qədər açıq görünürdü. Sanki don seçilərkən İradə xanımın artıq cavan olmayan, lakin kifayət qədər baxımlı bədəninin hər nöqtəsi nəzərə alınmışdı.
-Xoş gəlmisiniz! Sizi mənzilimdə görməyə çox şadam, Nihad bəy.
-Dəvət üçün çox təşəkkür edirəm, İradə xanım. Siz bu gün həmişəkindən daha gözəlsiniz.
-Çox sağ olun. Buyurun. Keçin.
Nihad əlindəki bir dəstə qızılgülü qadına uzadıb “Bir daha təbrik edirəm sizi!” - dedi.
Çox sağ olun! -Yer üzündə ilk dəfə ad gününü bayram edən qadın Kleopatra olub. Bilirsinizmi bunu, Nihad bəy?
-Xeyr. Çox maraqlıdır.
-Deyilənə görə Misir şahları öz ad günlərində nökərlərə pul paylayarmışlar. İndi isə
doğum günündə hədiyyə alıb Tanrıdan ad günü olana xoş arzular diləyirlər. Yaradan isə bütün arzu və diləkləri dinləsə də, yazısına heç bir dəyişiiklik etmir. Düşünür ki, siz saydığınızı sayın, görün fələk nə sayır... - deyə İradə xanım güldü və diqqətlə Nihada baxıb:
- Siz mənə hədiyyə verməyəcəksinizmi, Nihad bəy? - gülə-gülə soruşdu.
-İradə xanım, sizi ilk dəfə görəndən sizə valeh oldum. İnanın ki, heç vaxt heç bir qadını bu qədər ...
-Sevməmisiniz, bilirəm.
-Bu gün sizə bir daha vuruldum. Siz ən bahalı hədiyyəyə layiqsiniz, lakin mən...
-Lakin siz yalnız bir boyunbağı hədiyyə edəcəksiz mənə...
Nihad donub qalmışdı. Axı, o, həqiqətən bu gün bu ecazkar qadına boyunbağı almışdı. O, təəccüblə İradə xanıma baxıb “Siz hər şey bilirsiniz!” - dedi.
-Bilmədiklərim də çoxdur, - qadın cavab verdi.
Nihad çibindəki qutunun içindən incə bir boyunbağı çıxarıb İradə xanıma yaxınlaşdı. İradə xanım saçlarını əlləri ilə qaldırıb donunun yaxasını kifayət qədər açdı və güzgüyə yaxınlaşdı. Nihad onun ardınca addımlayıb əlləri əsə-əsə boyunbağını qadının boynundan asıb bağladı.
-Gözəl hədiyyədir. Çox sağ olun.
-Gözəl sizsiniz. Mən bu günə qədər heç kimə....
-Bilirəm. Heç bir qadının boynuna boyunbağı taxmamısınız, çünki ürəyinizi heç kimə veməmisiniz. Ya da onu sizdən almağı baçarmayıblar.
Sonra İradə xanım üzünü Nihada çevirib onun düz gözlərinə baxdı:
-Nihad, illər boyu ürəyinizin dərinliyində gizlətdiyiniz zərifliyi muncuq kimi sapa düzüb boynundan asmaq istədiyiniz biri varsa, həyat davam edir və çox gözəldir!"-dedi.
Nihad hiss edirdi ki, bu qeyri-adi qadınsız həyat mənasız olardı. O, İradəni bərk-bərk qucaqlayıb köksünə sıxdı və:
-Həyat səninlə gözəldir! - dedi.
Nihadla İradənin nikahına hamıdan çox təəccüblənən də, sevinən də Nihadın yaxın dostu Rüfət oldu. Çünki o, bu iki insanı çox yaxşı tanıyırdı və əmin idi ki, onlar illərdir məhz bir-birini axtarıblar...
"Paralel.az"