İmişli əhalisi başçının rüşvətxorluğundan şikayətlənir.
Son zamanlar ölkə əhalisinin icra başçılarının rüşvətxorluğundan şikayəti çoxalıb.
Redaksiyamızın elektron poçtuna daxil olan şikayətlərin əksəriyyəti məmurların, xüsusən rayonları idarə edən icra başçılarının rüşvətxorluğundan daja çox bəhs olunur.
Son bir ayda redaksiyamızın poçtuna daxil olan şikayət ərizələrini araşdırdıqda məlum olur ki, ən çox vətəndaş şikayətləri İmişli, Yasamal, Beyləqan, Saatlı və Suraxanı rayonlarından daxil olub.
Şikayətlərin ən çoxunun (27) İmişli RİH başçısı Elçin Rzayevdən daxil olması diqqətimizi çəkdiyinə görə, rayondan gələn bir şikayət məktubu üzərində dayandıq.
İmişli şəhər sakini Vaqif Əliyev şikayət məktubunda icra başçısı E. Rzayevin fəaliyyətində ciddi rüşvət faktları barədə məlumat verir. V. Əliyev şikayət məktubunda yazır: "...Elçin Rzayev İmişliyə icra başçısı təyin olunanda hər kəs düşünürdü ki, sabiq icra başçısı Vilyam Hacıyev rüşvət və korrupsiya əməlinə görə, həbs olunduğu üçün yeni təyin olunan icra başçısı təmiz işləyəcək. Lakin Elçin Rzayev icra başçısı təyin olunduğu ilk gündən əhali yanlış düşündüyünün fərqinə vardı, yeni icra başçısının rüşvət və korripsiyanın səviyyəsini rayonda yüksəltdiyinin şahid oldu. Rüşvət elə həddə çatdırıb ki, İmişli əhalisi həbs olunan sabiq icra başçısı Vilyam Hacıyevin ölülərinə hazırda rəhmət oxuyur.
İmişlidə fəaliyyət göstərən bütün idarə, təşkilat, müəssisə, bazar, dükan, market və digər sahələr icra başçısının rüşvət və korrupsiya əməlinin hədəfinə çevrilib. İcra hakimiyyətində vətəndaşların qəbuluna əhəmiyyət belə verilmir, heç kimə şərait yaradılmır. Qəbul gedən adamların xahişi, tələbi, işi düzəlmir.
İmişlidə, hətta Qarabağ veteranlarının, qazilərin və şəhid ailələrinin şikayətlərinə belə baxılmır. Elçin Rzayev cənab prezidentin rayona ayırdığı sosial iş yerlərini köməkçisi və qardaşının vasitəsilə ayrı-ayrı idarələr arasında bölərək, hər ay pulları kartlar vasitəsilə mənimsəyirlər.
Bu yaxınlarda Baş Prokurorluğun apardığı yoxlama nəticəsində İmişli rayonunda sosial iş yerlərində çalışan insanların fəaliyyətində ciddi nöqsanlar aşkarlanın və rayon 2 yüz min manatdan yuxarı cərimə olunub.
Bu sahədə baş vermiş mənimsəmələrə görə, İmişli RİH-in başçısı Elçin Rzayevin ciddi cəza alacağı və vəzifədən azad olunacağı gözlənilsə də, onu himayə edən, Prezident Administrasiyasının Nəzarət Şöbəsinin müdiri Kərəm Həsənovun müdaxiləsi nəticəsində başçının vəzifədə qalması və ciddi cəzadan xilası mümkün olub..."
Şikayət məktubundan göründüyü kimi, İmişlidə icra başçısı vəzifəsini daşıyan E. Rzayevin rəhbərlik etdiyi yalnız bir sahədə bu qədər həngamə törətməsi rayonun digər sahələrdə də ciddi pozuntu faktlarının olduğuna ciddi şübhələr yaradır.
Məktublar şöbəsi