"Mediada işləmək üçün jurnalist diplomu vacib deyil" - Qulu Məhərrəmli
"Telekanallarda bazar münasibətləri ön plandadır"
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində yayımlanan "Kamranla 1" verilişində televiziya kanallarını tənqid etdi.
Aparıcı 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyi halda, telekanalların orta yaşlı insanları evləndirməyə xidmət etməyini pisləyib.
Mövzunun aktuallığını nəzərə alıb, əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli ilə televiziyalardakı son zamanlarda daha çox gündəm olan bu tip proqramları müzakirə etdik. Həmin müsahibəni sizə təqdim edirik:
- Qulu müəllim, son günlərdə yenə gündəm efirlərdə özünə xanım və ya bəy axtaranlardır. Niyə bu tip verilişlər getdikcə artır?
- Azərbaycan televiziya məkanında vaxtilə qeybə çəkilmiş evlilik proqramlarının yenidən ekranlara qayıtması çox mənfi tendensiyadır. Nə əvvəlki dövrlərdə, nə də indi bu proqramların təşkili, hazırlanması, təqdimatı kamil bir səviyyədə deyil. Cəmiyyət bu tip mövzulara bir az həssas yanaşır. Düzdür, maraqlı tərəfləri var, xüsusən standartdan uzaq olan situasiyaların qabardılması o adamları şirnikləndirir ki, həmin adamlar bu tip proqramlarda iştirak etsinlər. Amma bu mahiyyətcə xalqın min illər boyu formalaşdırdığı dəyərləri nıhv edir. Bu dəyərlərin tapdalanaraq bu cür geniş ictimai arenaya çıxarılması yolverilməzdir. Doğrudur, bu proqramı hazırlayanlar fikirlərini və addımlarını bununla əsaslandırırlar ki, bu bir biznes layihəsidir, reklamların cəlb olunması üçün yüksək reytinqli verilişlərdir və s. Televiziya mühitində ümumiyyətlə mahiyyət etibarilə mədəniyyət sferasına aid olan və hər cür bazar münasibətlərindən uzaq olan televiziyaların ictimai missiyalarından biri də ictimai əxlaqı qorumaqdır. Bu cür verilişlərdə bir çox epizodlar deməyə əsas verir ki, televiziya həmin funksiyasından bu kimi hallarda uzaqlaşmış olur. Pul qazanmaq, reklam cəlb etmək, yüksək reytinqi təmin etmək vəzifəsi təəssüf ki televiziyalarda önə keçir və dəyərlərə münasibət məsələsi bir qədər sönük olur. Ona görə də bu məsələyə diqqət yetirilməlidir ki, biz bu verilişləri hazırlamaqla Azərbaycan ictimaiyyətinə hansı mesajları veririk? Bundan tamaşaçı hansı faydanı götürür? Ümumiyyətlə bu verilişlərin bütövlükdə götürəndə effekti, səmərəsi nədir, hansı ali məqsədi yerinə yetirir? Təəssüf ki, bu sualların əksəriyyətinə müsbət cavab vermək mümkün deyil. Bu baxımdan əlbəttə ki, bu verilişi hazırlayanlar çalışmalıdırlar ki, veriliş standartlarına, etik qaydalara əməl olunsun. Bundan başqa, milli-ictimai dəyərlər də mühafizə olunmalıdır. Amma təəssüf ki, bunların hamısı eyni səviyyədə deyil.
- Azərbaycan televiziya kanallarında bu cür proqramların sayının getdikcə artmasını bir jurnalist və pedaqoq olaraq necə dəyərləndirirsiniz?
- Əlbətdə bu gün medianın vəziyyətini birmənalı şəkildə pisdir və ya yaxşıdır kimi qiymətləndirmək çətindir. Amma ümumiyyətlə götürəndə medianın keyfiyyət göstəricilərindən birincisi onun mənsub olduğu cəmiyyəti nə dərəcədə obyektiv, dürüst və dolğun ifadə eləməkdir. Əgər o cəmiyyətdə gedən prosesləri onun bütün şaxələriylə işıqlandırırsa, problemləri göstərirsə, tənqid yazırsa, ictimai fikrə təsir edə bilirsə, deməli keyfiyyətli media var. Yox, əgər media hansısa qurumdan asılı qalırsa və o müstəqil olmayıb, ələ baxandırsa, o medianın cəmiyyətə heç bir faydası olmayacaq. Bu baxımdan bizdə yaxşı nümunələr də var, lakin təəssüf ki elə-belə, baş girləyən fəaliyyəti ilə cəmiyyətə heç bir rolu olmayan media qurumları da. Bütün çətinliklərə baxmayaraq qəzetlərimiz çıxır, maraqlı və ciddi problemlərə toxunmağa çalışırlar. Ən dinamik proseslər əlbəttə ki internet mediasındadır, daha doğrusu internetin media profilindədir. Çünki bizdə həm maraqlı youtube kanalları, youtube televiziyaları meydana gəlib. Saytlar da çox fəal işləyir. Və bunların hər biri müsbət tendensiyalardır. Amma mənfi cəhəti odur ki, mediada çalışanların daxili senzurası artır. İnsanlar medianın təşkili üçün lazım olan maddi vəsaiti əldə edə bilməyəndə müəyyən yollar axtarırlar və o yolların heç də hamısı uğurlu olmur. Ona görə də bunlar istər-istəməz media qurumlarının fəaliyyətinə təsir edir.
- Əslində jurnalistika medianın auditoriyanın ardınca getməməyi öyrədir. Amma hazırda vəziyyət bunun tərsidir. Tələb budur yəni?
- İstər televiziyada, istərsə də yazılı mətbuatda və ya saytda olsun, əlbəttə ki jurnalistika standartları hər yerdə mövcud olmalıdır. Yəni jurnalistin yüksək dünya görüşü, intellektual səviyyəsi, bəlli bacarıqları olmalı, eləcə də etik qaydaları gözləməli, yaxşı yazı və düşüncə, müşahidə qabiliyyəti olmalıdır. Bunların hamısı vacib şərtlərdir. Bəzən bu mövzunu çox şişirdirlər ki, qeyri-peşə sahibləri mətbuatda çoxalır. Bunun nə dərəcədə ziyanı var ya yox? Bu barədə zaman-zaman polemikalar olur. Mən hesab edirəm ki, əslində bu günkü jurnalist kadrları hazırlığı prosesiylə, o standartlarla geniş mənada medianın tələbatı bir-birinə uyğun deyil. Bu qədər ki media qurumu var, bu qədər ki sayt, qəzet və televiziyalar meydana çıxıb. Onlarla müqayisədə say-kəmiyyət jurnalistika fakültəsinin məzunlarının sayı kifayət deyil. Bir vaxtlar özəl universitetlərdə də jurnalistika təhsili var idi, amma çox təəssüf ki yalnış bir siyasət yürüdərək həmin fakültələri bağladılar. Halbuki o fakültələrdən də çox istedadlı, qabiliyyətli, dəyərli jurnalistlər yetişmişdi. Ona görə də bu şərti qoymaq olmaz ki, hamının jurnalist diplomu olsun. Bu çox da haqlı tələb deyil. Çünki bu gün bizim mediada çalışan həmkarlarımızın arasında bilavasitə jurnalistika fakültəsindən məzun olmayan, jurnalist təhsili almayan, amma kifayət qədər yaxşı, çevik reportyorlar, yaxşı köşə yazarları, yaxşı analitiklər var. Bizim üçün ali təhsili, yüksək dünya görüşü olmağı vacibdir, amma daha vacib olan medianın səviyyəsinini yüksəldə biləcək jurnalistlərin olmasıdır. Belə olan halda, həmin o peşə standartları ilə intellekt birləşəndə çox yaxşı effekt verir. Mən əminəm ki jurnalist təhsili almayanlar da müəyyən treninqlərdə, ixtisasartırma qurumlarında olub, öz peşə bacarıqlarını daha da irəli apara bilərlər.
Paralel.az