Bizim çörəyimiz - Cəlal Yaquboğlu yazır
Cəlal Yaquboğlu:
Təəssüf ki, bu müqəddəs nemət də bir sıra xəstəliklərin mənbəyinə çevrilməkdədir.
Azərbaycan müsəlman ölkəsidir. Elə müsəlman ölkəsi olduğu üçün də ÇÖRƏK müqəddəs nemət sayılır. Həm də o qədər Müqəddəs nemət ki, xalq arasında əsrlər boyu “Çörək Qurandan irəlidir”- deyilib. Təəssüflər olsun ki, son 30 ildə bu müqəddəs nemətə də xain əllər uzadıldı. Artıq bu gün yediyimiz çörəyin əvvəlki keyfiyyəti, ləzzəti, dadı, tamı,ətri,kaloriliyi,qida dəyəri, durumu ən əsası isə BƏRƏKƏTİ yoxa çıxıb.
Diqqətli istehlakçılar hiss etməmiş olmazlar ki, axşam marketlərdən alınan “təzə çörəyi” səhərlər yemək olmur. Samana bənzər qəribə və xoşagəlməz tərkibi, vərdiş etmədiyimiz dadı, qeyri-spesifik qoxusu, qida dəyərsizliyi ilə diqqət çəkən çörəklər süfrələrin bəzəyindən , az qala “tullantıya” çevrilib. İllah da “zavod çörəyi” adı ilə müxtəlif sexlərdə bişirilərək ticarət şəbəkələrinə paylanan çörəyin keyfiyyəti sözün həqiqi mənasında ikrah doğurur.
Şəxsi müşahidələr və keçirilən monitorinqlər nəticəsində bəlli olub ki, hətta quşlar belə sözü gedən çörəklərə yaxın durmur, onu yemirlər. “Qurandan irəli” hesab olunan bir nemətimiz- ÇÖRƏYİMİZ nə hala düşüb, İLAHİ ?
Paralel.az