Bakıdakı mədəniyyət abidələrini, kinoteatrları kimlər tarmar edir? - FOTO/VİDEO

Bakıdakı mədəniyyət abidələrini, kinoteatrları kimlər tarmar edir? - FOTO/VİDEO
 

Yaşlı nəsilə məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar.

Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o zaman insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Bu səbəbdən tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar, fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər. 

Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilib. Bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üz-üzə gəlirlər ki, sonda  məqsədlərindən daşınmalı oldular. 

Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdiyi qərar bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər.  Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibət yaşayan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən "Moskva" kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırıb və binanın giriş qapıları qıfıllanıb. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşüb və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmayıb.

 Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada "Moskva" kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumat yayılıb. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığına görə, kinoteatrının söküntüsünün dayandırıldığı açıqlandı. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən, bu yöndə məlumatlar hansı “başbilənlər”in maraqları əsasında  dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, "Moskva" kinoteatrı tamamilə tarmar edilib) 

Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, "Moskva" kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində hündürmərtəbəli yeni yaşayış binası tikməyi planlaşdırdıqları deyilir. Bütün bunlar onu deməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyətli mədəniyyət obyektinin ələ keçirilməsinə, binanın məhv edilməsinı dəstəyini əsirgəmir. 

Sual oluna bilər ki, nəyə görə "Moskva" kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, məhz Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasimin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının səbəbi var.

Bəli, yuxarıda qeyd etdiyimiz kimi "Moskva" kinoteatrının “qara günləri”nin bünövrəsi 2006-cı ildə qoyulub. Həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı haldır ki, həmin vaxt bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması barədə heç bir xəbər verilmir.

Bir sözlə, “Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara gəlmiş taleyi”nin əyani sübutudur. 

Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq.

Mövzuya qayıdacağıq.

P. S. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə hazırıq.

GundemXeber.Az

 

0.17267918586731