TOLERANTLIQ və MULTİKULTİRALİZM
Fəlsəfi anlamda multikulturalizm – eyni bir ölkədə yaşayan müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü formalaşdırmaq və reallaşdırmaq istiqamətində siyasətin həyata keçirilməsi deməkdir. Multikulturalizmin əsasını tolerantlıq - müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin tanınması, qorunması, inkişafı və harmoniyası təşkil edir. Deməli multikulturalizm bir üstqurumdursa, tolerantlıq bazisdir. Məlum olduğu kimi, tolerantlıq Azərbaycan xalqının mentalitetindən gələn bir xüsusiyyətdir, multikulturalizm siyasəti isə böyük şəxsiyyət və dahi siyasətçi Heydər Əliyevin Azərbaycana 30 illik rəhbərliyi dövründə məhz bu bazisin üzərində həyata keçirilmişdir.
Multikulturalizm ölkə daxilində müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin tanınması, qorunması, inkişafı və harmoniyasını tələb etdiyi kimi, ölkə xaricində də sivil dünyaya inteqrasiya tələb edir. Azərbaycan XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra sivil dünyaya fəal inteqrasiya etməyə başlamışdır. Bu prosesin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur və Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Azərbaycanın dünyaya inteqrasiya prosesini çox gözəl, obrazlı ifadə etmişdir: «Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir», - demişdir.
Azərbaycan türkdili müsəlman, Şərq ölkəsi olmaqla bərabər, tutduğu yol qərbyönümlü demokratiya - söz, fəaliyyət azadlığı, insan haqlarının, qanunçuluğun qorunması yoludur. Respublikamız 1991-ci ildə BMT-yə qəbul olunduğu zaman müstəqilliyini rəsmən elan etdiyi kimi, 2001-ci ildə Avropa Şurasına qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini rəsmən elan etmişdir. Azərbaycan keçən əsrin sonlarından etibarən BMT, Avropa Şurası, Avropa İttifaqı, NATO kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir, müştərək layihələrdə və müxtəlif tədbirlərdə fəal iştirak edir.
Qeyd etmək lazımdır ki, dünyaya inteqrasiya formasından asılı olmayaraq, mahiyyətcə mütərəqqi cərəyan olsa da, bütün yeniliklər kimi, müəyyən qurbanlar tələb edir. Məsələn, Avropa Şurası, Avropa Birliyi, NATO kimi beynəlxalq təşkilatlar üzvlüyə namizəd ölkələrin qarşısına sərt tələblər qoyur, bu da bəzən həmin ölkələrin adət-ənənələri, hətta qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Deməli, inteqrasiyanın nəticəsində ölkəyə yeni dünyagörüşü, mədəniyyət, mütərəqqi texnologiyalar, innovasiyalar ixrac olunur, gəlmə «yeni» yerli «köhnə»ni sıxışdırır, bəzən tamam aradan çıxarır. Bu da yerli əhalinin haqlı narazılığına səbəb olur, insanlar öz adət-ənənələrinin, mental dəyərlərin müdafiəsinə qalxırlar. Yeri gəlmişkən, inteqrasiya müasir dövrdə daha humanist formalarda - demokratiya adı altında həyata keçirilsə də, dünyada birmənalı qəbul olunmur və dünya liderlərinin - «böyük yeddilər»in, «səkkizlər»in, «iyirmilər»in toplaşdığı şəhərlərdə çoxminlik etiraz aksiyaları və polislə qarşıdurma halları müşahidə olunur.
Şübhəsiz ki, Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası da ağrısız, problemsiz başa gəlmir. Məsələn, Azərbaycan Avropa Şurasına daxil olarkən bir sıra vacib öhdəliklər götürmüşdür. Bu öhdəliklərin mahiyyətini ümumilikdə Azərbaycan mentalitetinə yaxın olan tolerantlıq təşkil etsə də, mənəvi dəyərlərimizə uyğun gəlməyən və bu səbəbdən toxunmaq istəmədiyimiz (cinsi azlığa dözümlülük kimi) məqamlar da var. Avropa Şurasının üzv ölkələrdən, o cümlədən Azərbaycandan əsas tələbləri də siyasi müxalifətə, dini etiqada və cinsi azlığa dözümlülükdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründə öhdəliklərinə məsuliyyətlə yanaşan ciddi tərəfdaş kimi tanınmışdır. İstər müttəfiq ölkələrlə ikitərəfli əməkdaşlıq sahəsində, istərsə də beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri, hətta bunlar bəzən mənəvi dəyərlərimizə uyğun gəlmədikdə belə, imkan dərəcəsində ortaq məxrəcə gəlməyə, yerinə yetirməyə çalışırıq.
Avropa Şurasının əsas tələblərindən biri də, deyildiyi kimi, dini tolerantlıq məsələsidir. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bu istiqamətdə vəziyyət göründüyü qədər sadə deyildi. Doğrudur, azərbaycanlılar tarixən tolerant xalq kimi ad çıxarmışlar, Azərbaycan dünyanın azsaylı (təəssüf ki!) ölkələrindən biridir ki, burada heç zaman dini və milli ayrı-seçkilik, bu zəmində qarşıdurma halları olmamışdır. Azərbaycan xalqı müxtəlif dinlərin və millətlərin nümayəndələri ilə yüz illərlə bir ölkədə, bir şəhərdə, bir kənddə yaşamış, hətta düşmən erməniyə də çörək vermək səviyyəsinə ucalmışdır. Qarşıdurma halları isə yalnız ermənilər tərəfindən törədilmiş, XX əsrin əvvəllərində və sonlarında isə erməni-müsəlman davası kimi tarixə düşmüşdür. Deməli, dini tolerantlıq məsələsində Azərbaycan daxilində ciddi bir problem ola bilməzdi. Yeri gəlmişkən, müstəqilliyin ilk illərində ölkədə rəhbərliyin səriştəsizliyi səbəbindən süni olaraq yaradılan milli ayrı-seçkilik halları da ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində aradan qaldırılmış, Azərbaycan xalqı vahid varlığına qayıtmışdı. Ümummilli lider həmişə deyirdi ki, biz heç vaxt imkan vermərik digər dini etiqaddan, digər millətdən olan adamlar - İslam dinindən və Azərbaycan millətindən olmayan adamlar hər hansı təzyiqə məruz qalsınlar.
Məlum olduğu kimi, azərbaycanlılar öz adət-ənənələrinə, tarixlərinə görə vahid xalq olsalar da, milli mənşəyinə və təriqətinə görə fərqli qruplardan ibarətdirlər. Azərbaycanda İslamın şiə və sünni təriqətlərini təmsil edən azəri-türkləri, ləzgilər, talışlarla yanaşı, xristian dininin müxtəlif qollarına mənsub insanlar da yaşayır. Məhz bu qrupların inteqrasiyası ölkə miqyasında multikulturalizm, tolerantlıq, milli və dini dözümlülük modelidir və vahid Azərbaycan xalqını təşkil edir. Azərbaycanda müasir tolerantlığın kökü məhz bu inteqrasiyadan gəlir və Heydər Əliyev kimi müdrik siyasətçinin 30 ildən çox hakimiyyəti dövründə nadir bir fenomenə çevrilmişdir: xalqın monolitliyi möhkəmləndikcə, tolerantlığı da yüksəlmişdir.
Azərbaycan yuxarıda deyildiyi kimi, müxtəlif millətlərə və dini təriqətlərə xas olan insanların tarixən yaşadığı və vahid xalq kimi qaynayıb-qarışdığı bir ölkədir. Dini etiqad azadlığı Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır və qanunla qorunur. Ümummilli liderimiz bu barədə haqlı olaraq demişdir: «Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərin əvvəlindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burda milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur».
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi Azərbaycanda bütün dünyada tanınan və təqdir olunan iqtisadi inkişaf fenomeni yaratmaqla yanaşı, mövcud tolerantlıq və əmin-amanlıq modelini daha da inkişaf etdirmişdir. Bu gün qədim və zəngin mədəniyyətə malik, əmin amanlığın və tolerantlığın hökm sürdüyü Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq, faktiki olaraq, sivilizasiyalararası dialoq mərkəzinə çevrilmişdir. Deməli, bütün dünya Azərbaycanı tanıyır və qəbul edir, faktiki olaraq, ona etibar edir...
Qalib ARİF
"Paralel.az"