Naxçıvanda qadınlar sosial-iqtisadı, mədəni, ictimai həyatda fəal iştirak edirlər

Naxçıvanda qadınlar sosial-iqtisadı, mədəni, ictimai həyatda fəal iştirak edirlər
 

Naxçıvan Muxtar Respublikasında qadınlar ölkəmizin hər yerində olduğu kimi dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüffatı və digər sahələrdə aktiv fəaliyyət göstərirlər.

“Report”un Naxçıvan bürosunun məlumatına görə, bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50,05 %-i, işləyən təbəqənin 33 %-i qadınların payına düşür.

Təhsil sahəsində işləyənlərin 70,13 %-ni, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 82,05 %-ni, istirahət, əyləncə-incəsənət sahəsində işləyənlərin isə 61,37 %-ni məhz qadınlar təşkil edir. Həmçinin dövlət qulluğunda işləyənlərin 24,1 faizi də zərif cinsin nümayəndələridir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24.44 %-ni qadınlar təşkil edir. Həmçinin muxtar respublikadan Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır.

Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25 605-i, yaxud 44,14 faizi qadındır ki, onların da 110-u ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir.

Muxtar respublikada Ali Məhkəmənin sədri, Ombudsman, icra başçısı, nazir, komitə sədri, həmçinin müavinləri, hakim və vəkil vəzifələrində çalışan qadınlar kifayət qədərdir. Muxtar respublikanın idarə və təşkilatlarında onlarla qadın rəhbər vəzifələrdə işləyir. Eyni zamanda 8 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir.

Naxçıvan qadınları professor, elmlər doktoru, dosent, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnərək, elmi fəaliyyətləri ilə Azərbaycan elminə mühüm töhfələr verir. Belə ki, muxtar respublikada 1 professor, 6 elmlər doktoru, 60-dan artıq dosent, 100-dən artıq fəlsəfə doktoru qadındır.

0.067326068878174