Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda da qiymətin enməsi gözlənilir?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq mallarının qiymətləri üzrə indeksi fevral ayında ardıcıl olaraq yenidən geriləyib.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayına nisbətən 0,6 % azalaraq orta hesabla 129,8 bənd təşkil edib. İndeks illik müqayisədə 8,1 % geriləyib.
Təşkilatın verdiyi məlumata görə, dünya bazarında kənd təsərrüfatına aid olan taxıl, bitki yağı, ət və süd daxil olmaqla bir sıra ərzaq məhsullarının qiymətlərində azalmalar müşahidə olunur.
Yalnız şəkər qiymətləri indeksi aylıq müqayisədə 6,9 % artaraq 2017-ci ilin fevral ayından bəri ən yüksək səviyyə çatıb.
Qarşıdan Novruz bayramı gəlir. Dünyada ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə edildiyi halda, Azərbaycanda da qiymətlərin aşağı enməsi gözlənilə bilər?
Məsələylə bağlı Cebhe.info-nun sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, aprel ayından ərzaq məhsullarının qiymətlərində qismən ucuzlaşma prosesi gedəcəkdir.
O bildirib ki, məhsulların və malların qiymətlərində endirimlər yalnız mövsümdən asılı olaraq dəyişə bilər:
“Apreldən sonra qismən olsa da, ərzaq məhsullarının qiymətlərində ucuzlaşma prosesinə müşahidə edəcəyik. Eyni zamanda əhalinin istehlak səbətində müəyyən mənada idxaldan asıllığı olan və o qədər də vacib xarakter daşımayan məhsulların, xüsusilə şirniyyatların maya dəyərindəki dəyişikliklərin onların bazarda satış qiymətlərinə təsir edəcək. Əlbəttə, həmin dəyişikliklər taxılın, eləcə də şəkərin və yağın qiymətlərində hər hansı artımlar və ya azalmalardan asılı ola bilər. Çünki bu qiymətlər hər hansı formada düşərlərsə, bu, məhsulların təklif qiymətlərinə öz təsirini göstərəcək.
Amma məhsulların qiymətlərində kütləvi ucuzlaşma prosesi müşahidə edilməyəcək. Bu, təkcə dünya bazarından qaynaqlanan faktorlardan deyil, həmçinin ölkəmizdə hazırki bazarın vəziyyətindən irəli gəlir.
Ona görə ki, Azərbaycanda liberal, rəqabətli və xüsusi təklif bolluğu ilə seçilən bazar yoxdur. Bundan savayı, bir sıra məhsulların təklifçiləri öz sahələrində rəqabət aparmaqdan daha çox inhisarçılağa meyil edirlər. Belə olduğu təqdirdə yerli bazarda kənd təsərrüfatı malları istisna olmaqla bəzi ərzaq məhsullarında endirimlərin olacağı ilə bağlı proqnozlar şübhə altına düşür. Buna görə də məhsulların qiymətlərində əhalinin xeyrinə olan gözləntilərin olacağını gözləmirəm”.
Rəşad Həsənov həmçinin Azərbaycanda inflyasiya riskinin davam etdiyi bildirib:
“Bir çox ərzaq məhsullarının istehsal xərci daha çox artıb. İstehsal qiymətləri indeksi bazarda qiymət artımları ilə müqayisədə daha ciddi şəkildə artmağa doğru gedir. Bunun da növbəti mərhələlərdə məhsulların qiymətlərinə sirayət etməsi qaçılmazdır. İstehsal marağı aşağı düşür və bu da sonradan təklif qıtlığına gətirib çıxara bilər. Məhsulların maya dəyəri daha çox bahalaşıb”.
Onun sözlərinə görə, bazarda qiymət formalaşdıran çoxlu faktorlar mövcuddur.
“Əgər istehsalçı bir müddətdən sonra qazanc əldə etmirsə, onda bu istiqamətdə maraq azalır, investisiya da başqa sahələrə yönləndirilir. Nəticə etibarı ilə bazarda həmin məhsulları təklif edənlərin sayı azalır, təklif qıtlığı yaranır və qiymətlərdə ciddi artımlar baş verir. Biz növbəti mərhələlərdə mümkün qədər bazarda öz mövqeyini qoruyub saxlamağa çalışan şirkətlərin maya dəyərindəki artımların satış qiymətlərinə ötürəcəyinə şahidi olacağıq.
Bununla bərabər, Mərkəzi Bank açıq şəkildə bildirib ki, ölkədə il ərzində illik inflyasiya 8 %-ə bərabərdir. Gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətlərində bu, özünü daha sərt şəkildə büruzə verəcək. Təəssüf ki, əhaliyə qiymətlər ilə bağlı müsbət məlumatlar vermək hələ mümkün olmayacaq”.
Yunis Abdullayev