Yasamal sakinləri Prezidentdən kömək istəyir: ""Bizim EV" MTK sahibi Əsabil Qasımov həyatımızı məhv edir"!
Əsabil Qasımov, Ulu Öndərin ağac və yaşıllıqlarla bağlı məşhur videosuna baxın! Açıq etiraf etməliyik ki, son 20-25 ildə Bakı şəhərində tikilən göydələnlər, yüksək mərtəbəli binalar çox ciddi problemlər yaradır. Bu problemlərin gələcəkdə də davam etməyəcəyinə təminat yoxdur.
Birincisi, yüksək mərtəbəli binalar tikən bütün Mənzil Tikinti Kooperativləri ( MTK ) tikintiyə icazə almaq üçün icra hakimiyyətlərinə və qurumlara külli miqdarda rüşvət verirlər.
İkincisi, məmurla sövdələşən MTK rəhbəri binanın tikiləcəyi ərazidə yaşıllıqları məhv edir və şəhərin ekologiyasına dəhşətli ziyan vurur. Bu təzə problem deyil.
Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində bu məsələyə çox kəskin münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsir. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”.
Açıq deməliyik ki, bu məsələdə MTK rəhbərləri ilə yanaşı, icra başçılarının, memarların da günahı çox böyükdür.
Digər problem odur ki, binalar tikib milyonlar qazanan MTK rəhbərləri təkcə yaşıllıqları məhv etməklə kifayətlənmir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın.
Cənab Prezidentin ciddi tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə yaşayan ailələrin uşaqları üçün ciddi təhlükə yaradır.
Bütün bunlar azmış kimi, binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat yaşaya bilmirlər. Məlumdur ki, qaydaya görə, bina tikən MTK rəhbərinə yeni binanın ətrafında 100-dən artıq ağacın əkilməsi tapşırılıb. Ağac əkmək ağac kəsənlərin başına dəysin, heç olmasa, olan yaşıllığı məhv etməsinlər.
Belə MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Yeri gəlmişkən, MTK-ların yaşıllıqlara ən çox qənim kəsildiyi rayonlar Yasamal və Nəsimi rayonlarıdır.
Bəli, “Bizim Ev” MTK da neçə vaxtdır ki, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində tikinti aparır. Tikinti vaxtilə məşhur olan “Məhsul” stadionunun soyunub - geyinmə zalını da zəbt edib. "Bizim Ev" MTK təkcə stadionun ərazisini deyil, məhəllədaxili əraziləri zəbt edib, vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına, poliqona çevrilib. Onlar voleybol meydançasını zəbt ediblər. Ərazinin tikintidən əvvəlki fotolarına baxan olsa, dəhşətə gələr!
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər səs-küydən nevroz həddinə çatıblar… Görəsən, FHN, Yasamal icra hakimiyyətinin başçısı Elşad Həsənov bu qanunsuzluqları niyə görmür?!
Tikintinin getdiyi məhəllənin sakinləri elə bir dövlət qurumu qalıbdımı ki şikayət etməsinlər..? Qanunsuz tiknti nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə də ziyan dəyib, bu 100 minlərlə ziyanı kim ödəyəcək?!
Onu da qeyd edək ki, yeni tikilən binanın pəncərələrindən məhəllə sakinlərinin evlərinin içi görünür.
Bu biyabırçılıqdır, dözülməz haldır. “Bizim Ev” MTK-nın sabiq deputat Əsabil Qasımova məxsus olduğunu ərazidə yaşayan bütün sakinlər bilir. Hətta qeyd etdiyimiz ərazidə tikilən binaya Əsabil Qasımovun qardaşı oğlu Elvin Qasımovun nəzarət etdiyi də hamıya bəllidir. Allah belə nəzarəti kəssin. Hələ bu harasıdır?
Özünü İmişli Mürşüdi adlandıran birisi, dünənə qədər rayonda dana otarırdı. İndi gəlib Bakıda tikinti biznesi ilə məşğul olur. Şikayət edən sakinlərə deyir ki, mənim qabağımda heç kim dayana bilməz! Sakinlər son ümid yeri kimi, cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs bu rayonun icra başçısı bəs nə üçündür?!
Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır? Bəs nəyə nəzarət edirsiniz, cənablar?
P.S. Yasamal rayonu Zərdabi küçəsi "Bizim Ev" MTK-nın yerləşdiyi ünvana bir ali qonaq gəlsə, hər an təhlükə mənbəyi olan bu binanın tikintisinə icazə verən icra başçısı Elşad Həsənov görəsən vəzifəsini qoruya biləcəkmi?.. İnanmaq mümkün deyil...