Lavrov Bakıya niyə gəldi?
Siracəddin Hacı:
Lavrov Bakıya səkkiz ay öncə gəlmişdi, ABŞ və Avropanın tətbiq etdiyi yasaqlardan qurtulmaq üçün Azərbaycanın imkanlarından yararlanmağa, Brüssel formatında keçirilən danışıqları pozmağa çalışırdı, o zaman istədiyini əldə etdi;
Lavrov yenə gəldi, xeyir gətirmədi, xeyrə gəlmədi. Onun gəlməsinin səbəbləri bunlardır: üç önəmli hadisə baş verdi, birincisi, Brüssel formatının bərpa imkanı ortaya çıxdı, Azərbaycan Prezidenti Münhenə getdi, ilk dəfə ABŞ-ın Xarici İşlər naziri Blinkenin iştirakı ilə Paşinyanla görüşdü, ciddi məsələlər müzakirə olundu, Prezident Brüssel danışıqlarına dəstəyini açıq ifadə etdi, verilən məlumatlara görə görüş üçün hazırlıqlar başladı – təbii ki, Rusiya özünü narahat hiss etdi. İkincisi, Güney Qafqazda mövqeləri zəifləyən Rusiya Xankəndindəki imkanlarını artırmaq üçün göndərdiyi Ruben Vardanyanı qurban verməyə məcbur oldu, o, istefaya göndərildi. Bunun üç səbəbi var:
a) Azərbaycan hakimiyyəti qəti mövqe ortaya qoydu, Rusiyaya dedi ki, Ruben Vardanyanı əsla tanımayacağıq. Bu mərhələdə Azərbaycanla qarşı-qarşıya gəlmək istəməyən Rusiya Azərbaycanın tələbini yerinə yetirdi. O, bilir ki, Ruben Vardanyan Azərbaycanı Rusiyadan uzaqlaşdıran faktordur, Ruben iddia edirdi ki, Arsax müstəqil dövlət olacaq, Azərbaycana meydan oxuyur, biz qonşu dövlət ola bilərik deyirdi. Rusiya Azərbaycana ondan uzaqlaşmaq bəhanəsi verən – səbəb olan fiqurdan imtina etdi, ancaq Xankəndi ilə bağlı planlarından imtina etmədi, etməz, Ruben gedər, Qurqen gələr;
b) Ruben Vardanyan Qarabağ ermənilərinin siyasi elitasını parçaladı, Rusiyaya qarşı güvənsizliyə yol açdı;
c) Paşinyan Ruben Vardanyanın Xankəndinə göndərilməsini Rusiya mənə alternativ hazırlayır kimi oxudu, Rusiyadan uzaqlaşmaq üçün bəhanəyə çevirdi, Rusiyanın mənafeyinə uyğun olmayan addımlar atdı, nəticədə, Ruben Vardanyan Azərbaycanı, Xankəndini, Ermənistanı Rusiyadan uzaqlaşdıran faktora çevrildi – bu üç önəmli səbəb Rusiyanın Ruben Vardanyanı istefaya göndərməsinin yolunu açdı. Rusiyanın Gürcüstanda sınaqdan çıxardığı “zəngin adam” siyasəti Qarabağda ciddi nəticələr vermədi. Rusiya Ruben Vardanyanı qurban verəndən sonra Lavrovu Bakıya göndərdi ki, Azərbaycanla danışmaq, siyasi qazanclar əldə etmək imkanı olsun;
- Lavrovun Bakıya gəlməsindən öncə üç önəmli hadisə baş verdi dedik, üçüncüsü də odur ki, Avropa Birliyinin müşahidəçi qrupu Ermənistana gəldi, Azərbaycanla sərhədə yerləşdi, Rusiya ciddi narahat oldu, həyəcanlandı ki, Güney Qafqaz əldən gedir;
Ardı var...
Paralel.az