Zori Balayan haradadır?

Zori Balayan haradadır?
 

Osman Gündüz:
Bu günlərdə xatırlanmalı və unudulmamalı adlardan ən əsası Zori Balayandır.

Xocalı soyqırımının, erməni terrorunun, "Qarabağın Ermənistana birləşdirilməsi" kimi avantürist, separatçı hərəkatın və "Artsaxın" ideoloji banisi, "yazıçı" Zori Balayan hazırda 88 yaşında, qapalı həyat yaşayır.

Əsərlərində türklərə nifrət, Qarabağ və Naxçıvanı qədim erməni torpaqları , Xocalıda törədilənləri erməni əsgərlərin qəhrəmanlığı kimi təsvir edib.

İndiki gənclik gərək bu adı heç zaman unutmasın.

Xatırlayıram ki, onun həkim-cərrah oğlu və nəvəsi də II Qarabağ savaşında iştirak ediblər.
Oğlu Hayk Balayanın müsahibəsi vardı, Ordumuzun Şuşanı azad etməsini ağlasığmaz bir əməliyyat kimi xarakterizə etmişdi.
Azərbaycan hökuməti çox çalışdı onu həbs etdirə. Ali Məhkəmə ona cinayət işi açmışdı. İnterpola axtarışa verilənlərdən olub. Bir ara MDB ölkələrində də axtarışda olub.

İnterpol onu 2005-ci ildə İtaliyada tutmuşdu.

Ermənistan hökuməti və diasporanın gücü ilə xilas ola bildi.

Zamanında əli hər yerə çatanlardan olub. SSRİ Prezidenti Qorbaçovla görüşüb, "Qarabağın Rusiyaya birləşdirilməsi" ilə bağlı Rusiya Prezidenti Putinə açıq məktub yazmışdı.

Xatırlayıram ki, hətta bəzi erməni mənbələrində o "təhlükəli avantürist" kimi təqdim edilirdi.
II Qarabağ savaşından öncə Paşinyanla birlikdə Şuşada yallı gedənlərin arasında da görüntülənmişdi.
85 yaşında olarkən Xankəndində ona separatçı qurum tərəfindən "Artsaxın Qəhrəmanı" ordeni verilib. 

Xatırlayıram ki, Prezident İlham Əliyev 44 günlük müharibədən dərhal sonra Ağdamda çıxış edərkən, Zori Balayan və digərlərini yalançı qəhrəman adlandıraraq, sinələrinə taxdığı həmin dəmir-dümürləri tullamağı təklif etmişdi.
Prezident Xocalı qatillərinə " Siz öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız" demişdi.
İkinci Qarabağ savaşından sonra onu gördüm deyən olmayıb. 

Heç yerə müsahibə, açıqlama verməyib və heç yerdə görüntülənməyib.
Görünür ki, Zori Balayan həmin "miskin həyatı" yaşamağa məhkumdur.

Düşünürəm ki, erməni təcavüzü, Xocalı soyqırımı ilə bağlı məsuliyyətə cəlb edilməli şəxslərdən ən birincisi Zori Balayandır.
Ümid edirəm nə zamansa, o da ədalət məhkəməsi qarşısında cavab verməli olacaq.

Paralel.az

0.015589952468872