Xocalı şəhidlərinə ithaf

Xocalı şəhidlərinə ithaf
 
 
Eldəniz Quliyev:
ULAMAQ İSTƏYİ
Havadan qan qoxusu gəlirdi. Ermənilər kəndi təzəcə tərk eləmişdilər. ..
Cavan bir əsgər mənə yaxınlaşdı:
- Müəllim, siz burda kino çəkəcəksiniz?..
- Hə,- dedim.
- Dalımca gəlin,- dedi.
Dinməzcə arxasınca düşdüm. Kəndn aşağı hissəsində suyu qurumuş ensiz bir arx vardı. Əsgər arxın kənarındakı tənha ağaca çatıb dayandı.
- Budu...- dedi və nə üçünsə səsi titrədi. - Ermənilər Xocalıdan əsir götürdükləri qız-gəlinlərimizin bir neçəsini bu kənddə saxlayıllarmış!..– deyəsən, bu dəfə onun bütün vücudu əsdi. - Bir həftə əvvəl it uşaqları, həmin qızları saçlarınnan... hörüklərinnən bax bu ağacdan asıblar...Meyidlər... meyidlər ağırlaşıb düşüb...amma...
- Nə amma?! - öz səsimdən özüm diksindim.
- Saçları... saçları başın dərisiylə birgə...–sözünə davam edə bilməyib... için-için inlədi.
Elə bil qəfl yerə mıxladılar məni, ayaqlarım qurğuşuna döndü... Ürəyimin döyüntüsünü gicgahlarımda hiss etdim...
Ağacın əyriş-üyrüş budaqlarından... iki cüt hörük sallana qalmışdı...
Və həmin an mən... ulamaq, it kimi ulamaq istədim...
Amma o vaxt heç ağlıma da gəlməzdi ki, bu qərib hörüklər ağır daş parçasına çevrilib ürəyimdən asılı qalacaq,- həmişəlik...
Paralel.az
0.012649059295654