DƏDRX Abşeron rayon şöbəsində vətəndaşlara rüşvətsiz sənəd verilmir

DƏDRX Abşeron rayon şöbəsində vətəndaşlara rüşvətsiz sənəd verilmir
 

Gülməmmədova Abşerondan getsə də, onun rüşvətxor komandasının əməlləri rayonda hələ də işləyir.

Rayona yeni təyin olunmuş təcrübəli icra başçısı Abdin Fərzəliyev köhnə rüşvətxor komanda ilə işləyəcəkmi?

Azərbaycanda DƏDRX rüşvətxorluğun geniş yayıldığı dövlət orqanlarından biridir. DƏDRX-in istənilən rayon Ərazi idarəsində vətəndaşlardan rüşvət almadan mülkiyyət haqqında sənəd əldə etmək çox çətindir.
Bunu vətəndaşların media üzərindən yayılan çoxsaylı şikayətləri də təsdiqləyir. Araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşları ən çox incidən, rüşvət tələb edən, çoxlu narazılıq və şikayət yaradan DƏDRX-in Abşeron rayonunun Xırdalan şəhərindən yerləşən 4 saylı Ərazi idarəsidir.

Gəlin, DƏDRX-in 4 saylı Abşeron İdarəsi rəhbərliyinin rüşvətxorluğu barədə rayon sakinlərinin mediada dərc olunmuş şikayətlərinə nəzər yetirək. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Şirəliyev Elşən Muxdər oğlu Respublika Prezidenti İlham Əliyevə və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində rüşvət və korrupsiyanın qarşısının alınması və ərizəsinə əsasən qanunvericiliyə uyğun tələbinin yerinə yetirilməsi üçün müraciət ünvanlayıb. O, yazır:

"Hörmətli cənab Prezident!

Mən 30 ildir ki, ailəmlə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində fərdi evdə yaşayıram. Evə qeydiyyatım var. Mənə Əfqanıstan Müharibəsi veteranı kimi Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı ilə fərdi mənzil tikintisi üçün 1000 kv.metr torpaq sahəsi verilib. (Arxiv sənədləri əlavə edilir)

Həmin torpaq sahəsinə Aşağı Güzdək Bələdiyyəsi tərəfindən Yer quruluşu Planından çıxarış da verilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 31 oktyabr 2012-ci il tarixli RƏYində bildirlir: Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında Şirəliyev Elşən Muxdər oğluna verilmiş  0.0966 ha torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.(Sənəd əlavə olunur)

Lakin bütün dövlət orqanları tərəfindən 1992-ci ildə mənə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət sənədi almağım üçün verilən rəy, kadastr sənədi, arxiv arayışı, İH-nin razılıq məktubunun olmasına baxmayaraq, AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi əsassız olaraq 29 il əvvəl mənə müharibə veteranı kimi verilmiş torpaq sahəsinə mülkiyyət sənədi vermir.

Hörmətli cənab Prezident!

Yaşadığım evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 4 saylı Ərazi İdarəsinə təqdim etdiyim ərizəmə əlavə etdiyim sənədlərə rəğmən idarənin cavab məktubunda bildirir:

Torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərinin sərəncam verməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bildirirk ki, torpaq sahəsinin ayrıca aktı və ya ilkin yerquruluşu planının sənədlərə əlavə edilmədiyi, istifadənizdə artıq torpaq sahəsinin olduğu aşkar edilmişdir.

Cavab olaraq bildirirəm ki, rəsmi məktubda qeyd edildiyi kimi, 1000 kv. metr torpaq sahəsinin ayrılması barədə yerli qəsəbə nümayəndəliyinin 11 dekabr 1992-cu il tarixli sərəncamı nəzərə alınmır. Sual olunur, o zaman niyə həmin torpaq sahəsi üzərində tikdiyim 110 kv. metr sahəsi olan evimin tikildiyi torpaq sahəsinin plan və ölçüsü 05 fevral 2012-ci il tarixli, AN- 421827 sayla Dövlət Torpaq Kadastr kitabında niyə qeydiyyata alınıb? Mülkiyyətin hüquqi əsası kimi Abşeron rayon, Aşağı Güzdək qəsəbə nümayəndəliyi 11.12.1992-cu il tarixli sərəncamı niyə əsas göstərilib?

Hörmətli cənab Prezident!

Abşeron rayon Arxiv İdarəsinin 02.08.2019-cü il tarixli ARAYIŞı ilə təsdiq edilir ki, “Abşeron rayonu, Aşağı Güzdək qəsəbə nümayəndəliyinin 609 saylı, 11.12.1992-cu il tarixli sərəncamına əsasən Şərəliyev Elşən Muxdər oğluna fərdi mənzil tikintisi üçün 1000 kv. metr torpaq sahəsi ayrılsın.

"Digər sənəd, Aşağı Güzdək Bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən tərtib olunmuş akt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memarın möhürilə təsdiq olunub.

Lakin 29 il əvvəl mənə verilmiş torpaq sahəsinə dair mülkiyyət sənədinin alınması üçün etdiyim müraciətə AR Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubunda bildirilir:

“AR Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/ qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır.

Bundan əlavə, sözügedən torpaq sahəsinin 0.0156 ha hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilib”.

Rəsmi imtina məktubunda qeyd edilən əsasız bəhanələrin sənədlər əsaında əsassız olduğu tam sübuta yetirilir. Göründüyü kimi, burada torpaq sahəsinin az bir hissəsinin elektrik xətti altında yerləşməsilə bağlı onu qeyd etmək olar ki, bu xətt torpar mənə veriləndən 14 il əvvəl inşa olunub. Yəni torpaq sahəsi bizə rəsmən verildikdən 19 il sonra. Buna görə biz məsuliyyət daşımırıq. Yəni bu irad tam əsassızdır.

Əsas bəhanə kimi göstərilən- “AR Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/ qəsəbə nümayəndələrinin sərəncamları nəzərdə tutulmamışdır”!

Bu irada cavab olaraq bildirəm ki, Bələdiyyələr mövcud olmamışdan əvvəl, yəni 2000-ci ildən əvvəl bütün torpaq sahələri yerli İH-nin nümayəndələrinin sərəncamları əsasında verilirdi. Və həmin sərəncamlar əsasında verilən torpaq sahələrinin hamısına mülkiyyət sənədi kimi çıxarış verilir. Bir daha xatırladıram ki, torpaq sahəsi mənə 1992-ci ildə verilib. Cənab Prezidentin 439 nömrəli Fərmanı isə 2015-ci ildə verilib. Qəbul olunan istənilən Qanun, Qərar və eləcə də Fərmanın geriyə tətbiq olunma hüququ olmadığı üçün bizim torpaqlara şamil oluna bilməz.

İmtinanın qərəzli və təmənnalı olduğunu təsdiq edən başqa bir fakt odur ki, yaşadığım qəsəbə ərazisində qonşuda olan və mənimlə bərabər 12 torpaq alan şəxslərin 10-na 4 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mülkiyyət sənədi təqdim edib. Mənə isə heç bir əsas olmadan imtina məktubu yazır.
Nə baş verib? Atalar demişkən: “Növbə kasıba çatdı, dərhal dəyirman yatdı”, yoxsa 4 saylı idarənin rəisinin saqqalının altından keçmək lazımdır? Bu imtinanın səbəbi barədə düşünərkən maddi maraqdan başqa ayrı səbəb ola biləcəyinə inanmıram.

Mənə əsassız imtina məktubu göndərən sabiq rəis mənimlə bərabər eyni ərazidən 10 vətəndaşa məxsus torpaq sahəsinə mülkiyyət sənədləri verməsi sübut edir ki, rəsi 10 nəfərdən maddi marağını təmin edib. Yəni, vəzifə səlahiyyətindən süi-istifadə edərək, insanlar arasında ayrıseçkiliyə, vəzifə saxtakarlığına yol verib.
Bir sözlə, rüşvət alaraq, ciddi qanun pozuntusuna yol verilib".
(Ardı var)

Paralel.az

0.11077094078064