Fatihə surəsinin tövhid-azadlıq bağlamında oxunuşu deyir ki... - II YAZI

Fatihə surəsinin tövhid-azadlıq bağlamında oxunuşu deyir ki... - II YAZI
 

Siracəddin Hacı:
O (ALLAH), HESAB GÜNÜNÜN – DİN GÜNÜNÜN HAKİMİ, MALİKİ, SAHİBİDİR – ey insan, həyat, ölüm, yenidən diriliş, hesab, cənnət, cəhənnəm var, din gününün varlığına inanmaq hesabını verə biləcəyin ömür yaşamağın yolunu açar, insanı pisliklərdən qoruyar, onu nəfsinə hakim qılar, nəfsini idarə edən azad olar. O günün tək, bir, bircə sahibi var, O da Allahdır, araçı, vasitəçi, qurtarıcı axtarma, xilaskar arayışı ağlını, vicdanını, məsuliyyətini öldürər, məsuliyyətini itirən kölə olar. Qurtarıcı özünsən, imanın, saleh əməllərindir. İman etmək azad olmaqdır, əminlikdir, qorxulardan, köləliyin hər çeşidindən qurtuluşdur;  

(RƏBBİMİZ) YALNIZ SƏNƏ QULLUQ ETDİYİMİZ ÜÇÜN YALNIZ (BİR TƏK, BİRCƏ) SƏNDƏN İSTƏYİRİK – bu ayə insan azadlığının ana ölçüsüdür, qulluq, təslimiyyət ancaq Allahadır. Ona təslim olan, Onun buyurduğu kimi yaşayan azad olar. Ey insan, Allahla arana heç kimi, heç nəyi vasitəçi qoyma, O, sənə şah damarından daha yaxındır. ŞİRKLİ İMAN ÇİRKLİ İMANDIR, KÖLƏLİKDİR. Tövhid – azadlıq isə təmiz, saf, xalis, şirksiz imandır, imana şirk qarışanda, bulaşanda köləliyin qapısı açılır;   

BİZİ – bu, sürünün – kölələrin birliyi deyil, içində ağıl, iradə, vicdan, seçim olan, şüurlu, insanlığın ortaq dəyərlərinin birləşdirdiyi insanların vəhdətidir, ümmət olmaqdır, ümmət azad insanların birliyidir, ona görə də sarsılmaz, qoruyucu gücdür. Müsəlmanların tövhid inancında ciddi sıxıntılar olduğuna görə ümmət də yoxdur. Tövhid anlayışı öləndə ağıl, vicdan, iradə, ümmət şüuru da ölür. Heç bir məzhəb, təriqət, camaat müsəlmanları birləşdirməz, birləşdirici güc qaynağı tövhid, Qurani-Kərim, Allah Rəsulunun örnəkliyidir;

DOSDOĞRU YOLA YÖNƏLT – doğru yol hidayətin, İslamın, azadlığın yoludur, bu yola qovuşmaq anlama, dəyərə, ilahi rizaya qovuşmaqdır – azad olan Alah rizasını qazanar;

NEMƏT VERDİKLƏRİNİN YOLUNA YÖNƏLT - ən böyük nemət hidayətdir, azadlıqdır, o, anlamlı həyatın yolunu açar. Nemət verilənlər dörd qrupdur: RƏSULLAR, ŞƏHİDLƏR, SADİQLƏR, SALEH ƏMƏLİ OLANLAR. RƏSULLAR azadlığın ölçüləri olan ilahi mesaja inanmış, onu yaşamış, insanlara daşımışlar, onlar ən gözəl örnəklərdir, onların etdiyini et ki, azad olasan. ŞƏHİD OLMAQ Allah yolunda olmaq – azad olmaqdır, azad olan şəhid olar. SADİQLƏR – onlar həqiqətə sadiqdirlər, həqiqətə sədaqət azadlığa sədaqətdir. SALEH ƏMƏLİ OLANLAR – iman etməyin, azad olmağın meyvəsi saleh – islah edən əməllərdir, iman, azadlıq, hidayət sadəcə söz deyil, əməldir, içində şüur olan hərəkətdir;

QƏZƏBƏ DÜÇAR OLANLARIN, AZMIŞLARIN YOLUNA DEYİL (bizi onların yoluna yönəltmə) – onlar ilahi rəhməti – azadlığı deyil, köləliyi seçənlərdir, köləliyi seçənlər qəzəbə düçar olar, azar, lənətlənərlər, Allahın xeyrindən, rəhmətindən, bərəkətindən uzaq qalarlar. Tövhid – azadlıq, hidayət nemətdir, şirk isə köləlik, dəlalət – doğru yoldan çıxmaq, fəlakətdir;

Fatihə oxumaq tövhidin – azadlığın əsaslarını oxumaqdır, hər namazda Fatihə surəsini təkrar etmək azadlığın əsaslarını unutma, bu dəyərləri həyatına, əxlaqına, əməlinə daşı, ey insan mesajıdır;

Fatihə surəsini oxuyandan sonra AMİN deyirik, bu söz mətndə yoxdur, Amin demək tövhidin – azadlığın əsaslarını qəbul etmək, onun uğrunda mücadilə edəcəyinə söz vermək, hərəkətə keçməkdir;

CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZİ TÖVHİDƏ, AZADLIĞA, HİDAYƏTƏ YÖNƏLTSİN, GÖZƏL İNSANLAR!

Paralel.az

0.022414922714233