ABŞ -ın Rza Pəhləviyə göstərdiyi ehtiramın səbəbi
Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi “abzasdan, təzə sətirdən” bir məsələdir. Bundan əvvəl sonuncu İran şahının varisinə hər hansı bir mühüm beynəlxalq sammitdə bu cür ehtiram göstərilməyib.
Bu, o deməkdir ki, artıq dünya birliyi, daha dəqiqi, dünyanın idarə edilməsində söz sahibi olan dövlətlər İrandakı mövcud rejimlə işləmək istəmirlər, onu legitim saymırlar, ona alternativ axtarırlar.
Başqa sözlə, İranın mollakratiya rejimi artıq reallıq hissini itirmiş xunta kimi qəbul olunur, beynəlxalq birliyin çağırışlarına müsbət reaksiya vermir, dünya düzənini təmin edən standartlara riayət etmir, prinsipləri pozur. Ona görə də, obrazlı desək, beynəlxalq güclər İran rejiminin qələmini qırıblar.
Tərs kimi, 44 il öncə hakimiyyətə gəldiyi gündən bəri illərlə terror siyasəti yürüdən, regionda destabilizasiya faktoruna çevrilmən, yaxın ölkələrə islam inqilabı ixrac etmək istəyən, uzaq ölkələrdə xof yaratmağa çalışan rəsmi Tehranın düzələcəyi, ölkənin “mollalar partiyası”nın cəngindən seçki yoluyla xilas olacağı real görünmür. Bu güruh nə islah olunur, nə başqa idarə üsulu tanıyır və ya tanımaq istəyir.
Nəhayət, 44 ildən sonra sivil dünya anladı ki, bu rejimin bu sayaq davam etməsi daha fəlakətli nəticələrə səbəb olacaq. Çünki bu teokratik rejim bütün yumşaq və sərt təzyiqlərə, sanksiyalara, müharibə təhdidlərinə baxmayaraq, nüvə silahı əldə etmək niyyətindən vaz heçmir, bunu özünün ölüm-qalım məsələsi sayır. Dünya isə düşünür ki, bu niyyətdə olan dövlətin nüvə silahına sahiblənməsinə heç bir halda yol vermək olmaz.
Ona görə də beynəlxalq güclər İranda yeni, dünyəvi bir hakimiyyətin bərqərar olmasını istəyirlər və təxminən iki ay davam edən xalq etirazlarında molla rejiminin dayaqlarının sarsıldığına əmin olublar. Hazırda ruhanilərin hakimiyyəti heç vaxt olmadığı qədər nüfuzunu itirib.
Görünür, qüdrətli qərb dövlətləri İranda başqa siyasi qüvvə görmədiyindən Rza Pəhləvini İranda hakimiyyətə əsas iddialı persona sayır.
Rza Pəhləvi etnik kökən baxımından Azərbaycana yad biri deyil. Bəzən onun anası Fərəh Pəhləvinin azərbaycanlı olması vurğulanır. Ancaq bu, həqiqətin hamısı deyil.
Rza Pəhləvinin nənəsi Tacülmülk (şəkildə soldan birinci) də azərbaycanlıdır, hətta bakılı qızıdır. Onun atası Məhəmmədrza şahın atası Rza şahın Mazandaranda doulsa da, İran azərbaycanlısı olduğu bəllidir. Rza şah bakılı Teymur xan Ayrımlının kürəkənidir. İndiki meyarla götürsək, briqada generalı rütbəsi daşıyan Teymur xan qızını tabeçiliyində vuruşan, onu ölümdən qurtaran və yaxşı pulemyotçu olduğuna görə “Rza Maksim” adı ilə tanınan gələcək şaha verərkən, o, türkcə əla danışan, şən və gənc bir zabit olub.
prezidenti Mustafa Kamal Atatürklə türkcə söhbət etməsi faktı da var, ancaq Pəhləvilər dövründə Cənubi Azərbaycanda xalqımızın hüquqlarının tapdanması, azərbaycanlılara qarşı basqıların olması daha ciddi məsələdir.
Bu baxımdan Pəhləvilər xanədanının varisi Rza bəyin yenidən İranda hakimiyyətə gəlməsini “ən yaxşı variant” saymaq olmaz. Ən yaxşısı o olar ki, ümumiyyətlə, İranda monarxiya quruluşu bərpa olunmasın, teokratik rejimin yerində demokratiya bərqərar olunsun, hakimiyyətə dünyəvi qüvvələr qanuni seçkilər yoluyla gəlsin.
Ancaq bu indilikdə mümkün deyilsə və İranda şahsevənlər kontingentinin ortaya çıxıb güclənməsi ilə Rza Pəhləvi hakimiyyətə gələcəksə, o zaman yalnız ona ümid etmək olar ki, İranın gələcək siyasi sisteminin formalaşması prosesində keçmişin acı nəticələri nəzərə alınsın, yol verilmiş səhvlər, xüsusilə də insanlığa qarşı cinayətlər təkrarlanmasın.
P.S. Münhendəki pünhan plan uğurla nəticələnsə Ququşun Tehrandakı prezident sarayında 44 ildən sonra yenidən “Səkinə dayıqızı” mahnısını oxuması mümkün olacaq. (musavat)