Suriyalılara 61,2 ton humanitar yardım paylanıb
Rusiya hərbi həkimləri Suriyada zəlzələnin 300-dən çox qurbanını müalicə edir
Suriyalılara 61,2 ton humanitar yardım paylanıb
TASS informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya hərbi həkimləri dağıdıcı zəlzələdən zərər çəkmiş 300-dən çox suriyalıya tibbi yardım göstəriblər.
“Rusiya hərbçiləri Latakiya, Hələb və Həma əyalətlərində zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etməkdə davam edir. 321 nəfər zərərçəkənə tibbi yardım göstərilib, 61,2 ton humanitar yardım (ərzaq dəstləri və zəruri əşyalar) paylanılıb”, - deyə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Agentliyin məlumatına görə, Hələb şəhərindəki Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin əməkdaşları humanitar yardım paylama məntəqələrinə ərzaq bağlamaları və digər zəruri əşyaların çatdırılmasını davam etdirirlər. Mərkəz əməkdaşları Zeyn əl-Abidin məscidinin yaxınlığında keçirilən aksiyalardan birində Xeyriyyə və Mərhəmət təşkilatına isti yeməklərin hazırlanması üçün 2,5 ton ərzaq və dezinfeksiyaedici vasitələr təhvil veriblər.
Tərcümə etdi: Səadət Sultan