Məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən müəllim həbs edildi
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş müəllim həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xəzər rayonunda yerləşən orta məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M. Abbasovun işlədiyi məktəbdə təhsil alır. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı halından istifadə edərək bu hərəkətləri edib.
15 yaşlı oğlanın anası ifadəsində deyib: “Mikayıl oğlumun təhsil aldığı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Onun yaşadığı ünvan bizim evin yaxınlığında yerləşir. Mən işdə olduğum üçün bir neçə dəfə Mikayıldan oğlumu hazırlığa aparmasını xahiş etmişəm. Sonuncu dəfə 2 sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o, mənə səs göndərərək oğlum Fuadın (şərti adlı) halsız olduğunu, hərarətinin olduğunu bildirdi və termometrin yerini soruşdu. Həmin gün axşam evə gəldikdə oğlumun halsız olduğunu gördüm və onun hərarətini ölçdüm. Bundan sonra Fuad mənə Mikayılın həmin gün evə gəldiyini, ona qarşı əxlaqsız hərəkətlər etdiyini dedi. Hadisə vaxtı oğlumun hərarəti olduğundan Mikayılın hərəkətinə qarşı heç bir reaksiya verə bilməyib”.
Mikayıl Abbasov isə ifadəsində hadisə baş verən gün sadəcə Fuadın temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər hansı seksual xarakterli hərəkət etmədiyini deyib.
İş üzrə Xəzər rayon Polis İdarəsində toplanan materiallar daha sonra Xəzər rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 3 fevral tarixli hökmü ilə 56 yaşlı kişi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun hadisədən dərhal sonra, yəni sentyabrın 5-dən həbs edilməsi nəzərə alınaraq cəzasının başlanğıcı olaraq həmin tarix qeyd edilib.