Yüzilin fəlakəti
Hafiz Rüstəm:
Bu ismi birləşməni türk imlası ilə yazdım.
Hələ 1999-cu ilin avqust ayının 17-də Türkiyədə (İzmit) baş verən 7,6 bal gücündə baş verən zəlzələ zamanı 17 217 insan ölmüş, 43 959 nəfər yaralanmış, 500 min nəfər evsiz-eşiksiz qalmış, 120 min bina tamamilə dağılmış və 25 milyard dollar zərər dəymişdi.
Həzəc, VIII növ, I variant:
məf"Ulü məfAİlü məfAİlü fəUlun
Ey Türkiyə, ey şanlı diyar, sevgili Turan,
Əsrin sonu baxdı üzünə kəc niyə dövran?
Gizli sənə qəsdlər törədən qonşuların var,
Bədxahların istər ki, həmişə olasan xar.
Bunlar sənə azmış kimi dinc durmayıb əlbət,
Qaldırdı başın zəlzələlər, qopdu fəlakət.
Bayquş kimi dinməz açılan qanlı səhərdə,
Bir anda neçə köhnə, iri kənddə, şəhərdə
Çör-çöp kimi yüzlərlə binalar uçub-aşdı,
Minlərlə vətəndaşa ölüm ağuşun açdı.
Sandıq ki, gəlib çatdı Qiyamət günü guya,
Dəsmal götürüb faciənə ağladı dünya.
Ey Türkiyə, ey doğma dilim, ölməyən haqsan,
Bu sonku sınaqdan da üzüağ çıxacaqsan!
Öncə bu oğuz qardaşın arxanda dayanmış,
İllərcə yatan, mürgüləyən şirtək oyanmış!
Ey türklərin həm qəlbinə, həm ruhuna sultan!
Məlhəm qoyuram mən sənə şah misralarımdan!
17 avqust1999
Paralel.az