"TEKTONİK SİLAH" nağılları

 

Qalib Arif:

Türkiyədə baş verən və davam edən dəhşətli zəlzələlərlə bağlı "tektonik silah" nağılları yenidən gündəmə gəlib. Düşünürəm ki, məsələyə bir də münasibət bildirməyə ehtiyac var...

Yer qabığının quruluşundan az-çox xəbərdar olanlar bilir ki, burdakı laylar və laylardakı çatlar biristiqamətli deyil, yüzistiqamətlidir, bir-birini neçə dəfə kəsir, sınır, düşür, qalxır, neçə dəfə istiqamətini dəyişir. Bu çatlardan nəinki böyük bir enerjini, qüvvəni, hətta adi bir siqnalı A nöqtəsindən B nöqtəsinə istiqamətli ötürmək, yəni "tektonik" silah kimi istifadə etmək mümkün deyildir...

Eyni zamanda, belə şaiyələr gəzir ki, "Tektonik silah" artıq ABŞ-da mövcuddur və bu zaman Yerin dərinliklərində mövcud olan nəhəng enerjidən istifadə edilir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Yerin dərinliklərindəki, elmi dillə desək, nüvəsindəki enerji maqmatik enerjidir və vaxtaşırı vulkan şəklində Yer üzünə çıxır. Bu nəhəng enerjini necəsə idarə etmək, hətta bu barədə danışmaq absurddur. Bu, insanın nəinki gücü, hətta fantaziyası xaricində olan bir məsələdir. Özünüz düşünün, vulkanları necə idarə etmək olar?!

Nəhayət, azərbaycanlı geofizik alim İkram Kərimova və onun "tektonik silah"ın "müəllif"i olması məsələsi... Bu alim gənc yaşlarından Elmlər Akademiyasında Geologiya İnstitutunda işləyib. Hələ sovet dövründə elmi institutda laborotoriya müdiri idi və fundamental elmi tədqiqatlarla məşğul idi. Amma "tektonik silah" məsələsini yox, nüvə sınaqları zamanı yaranan seysmik dalğalar (süni zəlzələlər) problemini öyrənirdi və bu səbəbdən, onun tədqiqatlarını Müdafiə Nazirliyi maliyyələşdirirdi. Müstəqillik dövründə isə fundamental elmin maliyyə mənbəyi olmadığından, yəqin ki, bütün pensiyaçı alimlər kimi MEA-da fəxri istirahətdədir və illik elmi "hesabatlar" yazıb istehsal edir...

Paralel.az

0.039067983627319