Canım Türkiyə başın sag olsun
Türkiyədə 3 gün-dür davam edən zəlzələ, təkcə türk xalqını deyil, bütün türk dünyasını, ilk növbədə isə Azərbaycan xalqını sarsıtdı və pərişan etdi. İlk yardıma qoşan da Azərbaycan oldu. Çünki bir millət, iki dövlətdən biri olan Türkiyənin ağrısı ağ-rımız, acısı acımız, sevinci sevincimizdir. Bu gün Azərbaycan dövləti əlindən gələn bütün işləri görür ki, Türkiyənin, türk xalqının ağrılarına məlhəm olsun, hər zaman onun yanında olduğunu sübut eləsin.
Amma təbii fəlakət elə gözlənilməz bir faciədir ki, onu heç kim istəməsə də, gözləməsə də, zaman-zaman insanlar bu faciələrə düçar oldurlar. Bu, həm də Allahu-təalənin bir sınağıdır və biz müsəlman olaraq bunu belə qəbul etməliyik. Çünki dərdi verən Allah, onun çarəsini də verəcəkdir. Bu sınaq, həm də milli birliyin sınağıdır. Çünki bütün ağır durumlarda yalnız bir olmaqla, birlikdə olmaqla çətinlikləri dəf edə bilərik. Bunun ayrı yolu yoxdur. Tam əminəm ki, bu gün Azərbaycanda onminlərlə, yüzminlərlə insan bir himə bənddir ki, Türkiyəyə köməyə qoşsun. Bu bizim içimizdən gəlir, türkçülüyümüzdən, islami dəyərlərə sayğımızdan irəli gəlir.
Bu iki gündə sosial şəbəkələrdə bu zəlzələlərin səbəbləri barədə nələr deyilmədi. Mən o fikirlərin hər birinə hörmətlə yanaşıram, xristian aləminin Türkiyəyə təzyiqlərini də, hiss edirəm və onları inkar etmirəm. Bununla belə, zəlzələnin baş verməsini deyil, onun bu qədər dağıdıcı olmasına diqqət çəkmək istərəm. Burada müasir tikinti sektorunun da, günahlarının olduğunu düşünürəm. Çünki bu sektorda nəfsin gücü ilə halala haram qatılmasının da, dağıntıların artmasında rolunun olduğunu hesab edirəm. Eyni zamanda insan və inanc faktorunun gözardı edilməsini də qəbul etmirəm. Belə ki son illər Türkiyədə sosial durumun kəskin həddə çatması səbəbindən bir çox mənzil krayə verən sahibkarlar kirayəçilərə qarşı çox sərt davrandılar. Hətta kirə haqqını ödəyə bilməyən vətəndaşın zor gücünə yaşadığı yerdən küçəyə atılması faktları da oldu. Qanun buna yol verir, bəs insanlıq? Allah buyurur ki, özünüzdən zəiflərə zülm etməyin, oların sizə gücləri çatmaz və məndən kömək istərlər, MƏN də onlara kömək edərəm. Bu gün, bu zəlzələ bizə bir xəbərdarlıq deyilmi? Zəif, gücsüz, evsiz eşiksiz insanları siz imkanlılar küçəyə atdınız, MƏN də hər şeyinizi əlinizdən alıb, sizi də onların yanına göndərirəm ki, görün küçədə yaşamaq necə olur. Demək ki, bu tip zəlzələlər təbii, süni və həm də mənəvi olurlar. Mənəvi zəlzələlərə həm də tikinti sektorunda baş verən qanunsuzluqlar səbəb olur. Əgər biz mənəvi zəlzələlərə qarşı davamlı davransaq təbii zəlzələlərin qarşısını ala bilməsək də, dağıntıların və insan tələfatının qarşısını xeyli dərəcədə ala bilərik. Bugünkü müzakirələrdə isə mən zəlzələnin mənəvi tərəfinin təhlilini görmədim. Yəqin ki, zəlzələnin səbəbləri və bu səbəblər arasında tikinti sektorunun rolu barədə müzakirələr zamanı, bu məsələyə mütləq toxunulacaq.
Və sonda bir daha bütün Türkiyə xalqına başsağdlığı verirəm. Allah vəfat edənlərə rəhmət eləsin, yaralılara şəfa versin!
Yusif Seyid