Ramiz Abutalıbov və Məhəmməd Əmin Rəsulzadə
Solmaz Rüstəmova - Togidi
Bu adların yanaşı çəkilməsi, təbii ki, heç kimi təəccübləndirməz. Çünki bu gün Azərbaycanda “diplomat” deyərkən ilk xatırlanan ad – Ramiz Abutalıbov olur. Bununla belə, bu ad Azərbaycan xalqının müasir tarixinə yalnız diplomat kimi yox, əslində bu peşənin yaratdığı imkanlardan yararlanaraq daha böyük, daha mühüm və daha əhəmiyyətli bir missiya ilə yazılıb: Azərbaycanın ilk milli müstəqil dövlətçiliyi – Cümhuriyyət – ilə bağlı tarixi yaddaşın hələ Sovetin “oğlan çağlarında” öz xalqına və Vətəninə qaytarılması!
1970-ci illərdə YUNESKO xətti ilə Parisdə Sovet diplomatiyasını təmsil edərkən, karyerasını və mümkündür ki, həyatını təhlükə altına qoyaraq, böyük riskə gedərək Cümhuriyyət xadimlərinin irsini onların varislərindən təhvil alıb yoxlanılmayan diplomatik xəttlə çamadanlarla (200 kq-dan artıq) Bakıya gətirməsi və sakitcə Azərbaycan arxivlərində yerləşdirməsi!
1980-ci illərin sonu-1990-larda Azərbaycanda milli-demokratik hərəkat güc topladıqca Azərbaycan tarixçiləri demək olar ki, xəbərsiz olduqları Cümhuriyyət dövrü, Üçrəngli Bayraq, Rəsulzadə, Topçubaşov.. və digər tarixi şəxsiyyətlərin adlarını öyrənmək üçün arxivlərə axışanda, burada yalnız üstündən “Məxfi” qrifi yenicə götürülmüş ADR fondları ilə deyil, ADR xadimlərinin on illəri əhatə edən siyasi mühacirət dövrü “Azərbaycan savaşını” əks etdirən sənədlərlə də rastlaşdılar. Bu sonuncuların oyatdığı təsir sözlə ifadə ediləsi deyil, xüsusilə onların arxasında konkret bir adamın müstəsna xidməti durduğu aydın olanda!
Diqqətəlayiqdir ki, Ramiz müəllim Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonra da bu sahədə fəaliyyətini davam etdirdi, əslində ömrünün bütün qalan hissəsini Parisdəki Topçubaşov arxivinin hissə-hissə Vətənə gətirilməsi, dərc edilməsi, araşdırılması, mütəxəssislərə və geniş ictimaiyyətə çatdırılmasına həsr etdi. Bu işləri görəcək müəlliflər tapdı, daha sonra özü də ciddi araşdırmaların müəllifi oldu.
Nə idi Ramiz Abutalıbovu bu işlərə sövq edən ? Bu ayrıca, çox böyük və çox geniş mövzudur. Amma bir sözlə ifadə edilərsə - Ramiz Abutalıbov Cümhuriyyətçilər ruhunun daşıyıcısı idi, bu işi də yalnız bir Vətəndaş, Azərbaycanlı kimi yox, ilk növbədə Müqəddəs bildiyi o İnsanların ruh, düşüncə və əməl varisi kimi görürdü. Həm də bu haqda çox danışmadan, bəlağətli sözlər, ifadələr işlətmədən, sakitcə, təmkinlə, yaşına və görkəminə yaraşan bir müdriklik və alicənablıqla...
Və təbiidir ki, onu tanıyanlar və şəxsən tanımayanlar belə, Ramiz Abutalıbovu ilk növbədə məhz “Cümhuriyyət”in rəmzi kimi qəbul ediblər. Odur ki, bir il əvvəl, 2022-ci il yanvarın 1-də Moskvada dünyasını dəyişmiş Ramiz müəllimin xatirəsini qeyd etməyə qərar vermiş moskvalı soydaşlarımızın Anım Mərasimini yanvarın 31-də, M.Ə.Rəsulzadənin anadan olduğu gün keçirmələri heç də təsadüfü deyildi.
Bu baxımdan əvvəlcə bu tədbirin təşkilatçıları haqda bir neçə söz demək istərdim. Məlumdur ki, Rusiyadakı Azərbaycan diasporu ən çoxsaylı qurumdur. Ölkənin bütün böyük şəhərlərində və ayrı-ayrı regionlarda irili-xırdalı xeyli diaspor təşkilatları və qrupları vardır. Təkcə Moskvanın özündə müxtəlif adlar altında bir neçə təşkilat fəaliyyət göstərir. Uzun illər Moskvada səfirliyimizin və diaspora nümayəndələrinin dəvəti ilə müxtəlif təbirlərlə iştirak etdiyimdən onların çoxunu tanıyıram. Amma son zamanlar Elşən İbrahimovun rəhbərlik etdiyi “Moskva vilayəti azərbaycanlıların regional milli-mədəni muxtariyyəti” adlanan qurumun məhz öz təşkilatçılığı və fəallığı ilə fərqləndiyi qeyd edilməlidir. Belə ki, bu diaspor təşkilatı Azərbaycan, onun görkəmli şəxsiyyətləri və tarixi günləri ilə bağlı mütəmadi keçirdiyi tədbirlərdə hər hansı söz-söhbətlərə baxmadan Moskvadakı bütün digər diaspor təşkilatlarının üzvlərini, tanınmış ziyalıları, alimləri, iş adamlarını, gəncləri, tələbələri bir yerə toplayır. Elşən İbrahimovun timsalında bir nəfərin təşəbbüsü və həmməsləklərinin dəstəyi ilə bir diaspor təşkilatının yüksək səviyyədə səmərəli fəaliyyətini Ramiz Abutalıbovun Xatirə gecəsinin keçirildiyi məkanın – Moskvadakı XTNS-də (ВДНХ) “Azərbaycan” pavilyonunun direktoru Səadət xanım Qədirova da Açılış Mərasimindəki Giriş nitqində ayrıca qeyd etdi.
Anım gecəsinə dair aşağıdakı şəkillər üzrə məlumat veriləcəyindən, burada həmin məclisin ruhuna və bu yazımın adına uyğun olaraq öz çıxışımdan Ramiz müəllim haqqında bir xatirə ilə bölüşmək istərdim.
Artıq deyildi ki, Ramiz Abutalıbov 2000-cı illərdən başlayaraq, Topçubaşovun arxivinin hissə-hissə Vətənə və xüsusən tədqiqatçılara çatdırılması üçün əməli işlər görürdü. Bunun üçün kiçik bir “İşçi qrupu” yaratmışdı. Topçubaşovun Parisdəki arxivi saxlanılan “.... Sosial elmlər araşdırma məktəbinə” Azərbaycandan olan tarixçilər buraxılmadığından Ramiz müəllim bu işin açarını tapmışdı. (Məlumat üçün: Bu elmi müəssisənin arxiv idarəsinin kuratoru Kler Muradyan adlı erməni əsilli bir qadın guya Topçubaşovun “ bu sənədlər Azərbaycan kommunistlərinə verilməsin” kimi vəsiyyətini (?) əsas tutaraq Azərbaycandan gələn tədqiqatçılara qadağa qoymuşdu. Bildiyim qədər, 2017-ci ilə qədər yalnız 3 azərbaycanlı tədqiqatçı - Zaur Qasımov, Altay Göyüşov və mən – yalnız Avropa elmi institutlarının təqdimatı ilə bu arxivdə işləmək imkanı əldə etmişdik).
Neçə illər boyu gürcü əsilli Fransa tədqiqatçısı Georgi Mamulia bu arxivdə çalışmaqla ən əvvəl Topçubaşov, Rəsulzadə, C.Hacıbəyli, X. B. Sultanov, X.Xasməmmədov və b. -nın istər öz aralarında, istərsə də digər ölkələrin siyasi mühacirət liderləri, xarici dövlətlərin rəsmi nümayəndələri ilə yazışmalarının və ümumən, müxtəlif sənədlərin üzünü çıxarmış, moskvalı tarixçi alim Salavat İsxakov bu məktubları və sənədləri geniş şərhlər və informasiya aparatı ilə birlikdə nəşrə hazırlamışdı. Bütün bu proseslərə rəhbərlik edən Ramiz müəllim isə hər iki tədqiqatçının əməyinin və kitabların nəşrinin maliyyəsini təmin etmişdi.
Bu üçlüyün neçə illər əməyi sayəsində meydana gələn və ilk dəfə elmi dövriyyəyə buraxılan müstəsna əhəmiyyətli sənədlər toplularının Cümhuriyyət tarixinin, onun görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin, Azərbaycan siyasi mühacirətinin detallar üzrə araşdırılmasında hansı rol oynadığını vurğulamağa yəqin ki, ehtiyac yoxdur. Hərdən bu sənədlərin məzmunu ilə bağlı ortaya çıxan suallarla Ramiz müəllim mənə və yəqin ki, digər tədqiqatçılara da müraciət edir və biz, moskvalı həmkarımızın dəqiqləşdirə bilmədiyi məqamları aydınlaşdırmağa cəhd edirdik. Odur ki, haradasa 2015-ci ilin əvvəllərində Ramiz müəllimin Moskvadan telefon zəngi və tələsik salamdan sonra bir qədər əsəbi səslə: “1920—ci il Şərq Xalqlarının I qurultayında Məhəmməd Əmin adlı nümayəndə olub?” sualı əvvəlcə elə də təəccüb doğurmadu. Ramiz müəllim mənim “Komintern və İran” mövzusunda doktorluq dissertasiyasının və eyni adlı geniş monoqrafiyanın müəllifi olduğumu, bu kitabın ayrıca bir fəslinin də Kominternin 1920-ci ilin 1-8 sentyabrında Bakıda keçirdiyi Şərq xalqlarının I qurultayına həsr edildiyini bilirdi. Mənim: “ Məhəmməd Əmin Rəsulzadəni deyirsinizsə, bu vaxt o, Bakda həbsdə idi, onun Komintern qurultayında nə işi vardı...” cavabıma, Ramiz müəllim: “Yox, burada məsələ başqadır, nümayəndələrin siyahısına diqqətlə baxın, mənə dəqiq məlumat lazımdır” – dedi.
Təbii ki, bu tapşırığın qarşısında bütün işlərimi kənara qoyaraq, artıq neçə illər hardasa gizlətdiyim dissertasiya-monoqrafiya “arxivimi” tapdım, sənədləri qaldırdım və yalnız ertəsi gün Türkiyə nümayəndə heyəti arasında həqiqətən Məhəmməd Əmin adlı bir nümayəndə, əslən azərbaycanlı, amma müəyyən siyasi məqsədlərlə türk kommunistləri heyətinə daxil edilmiş bir şəxsin olduğunu müəyyən etdim, daha sonra onun həyat yolunu araşdırdım, Mustafa Sübhi qrupunun tərkibində 1921-ci ildə qayıqla Qara dəniz yolu ilə Türkiyəyə gizli fəaliyyətə göndərildiyi, yolda xəstələnərək adaların birində düşdüyü və beləliklə, Mustafa Kamal tərəfindən elə dənizdəcə batırılan Mustafa Sübhi qrupunun acı taleyindən xilas olduğu və s. aşkarlandı. Təbii ki, bütün bu məlumatları dərhal Ramiz müəllimə xəbər verdim, amma dəfələrlə “Nə olub?” sualıma cavab almadım. Ramiz müəllimin xasiyyətinə az-çox bələd olduğumdan, hələ demirsə, israr etmədim. Bir müddət sonra hər şey aydınlaşdı...
Məlum oldu ki, artıq 3-4 mükəmməl sənəd toplularından sonra Salavat İsxakov G.Mamulianın Topçubaşovun Paris arxivindən çıxardığı müxtəlif məktub və yazışmaların növbəti cildini nəşrə hazırlayıb və öz “Ön sözü” ilə birlikdə tanış olmaq üçün Ramiz müəllimə verib. Bu sənədləri sətir-sətir oxuyan Ramiz müəllim bir neçə məktubun nəşrini lazım bilməyib və səbəbini göstərməklə İsxakovu məlumatlandırıb.
Bu mövzunun təfsilatına getmədən yalnız onunla kifayətlənək ki, 1928-1930-cu illər Azərbaycan siyasi mühacirəti arasında münasibətlərin son dərəcə pozulduğu, siyasi, maddi, şəxsi maraqların ümumi mübarizəyə və birgə fəaliyyətə ən kəskin şəkildə ağır təsir qoyduğu bir zamandır və bu məsələlər həmin illər yuxarıda adları çəkilən Cümhuriyyət xadimlərinin yazışmalarında çox açıq əks olunub. Bu sənədlərdən görünür ki, Paris və İstanbul Milli Mərkəzlərinin aparıcı üzvləri ayrı-ayrı qruplar halında birləşərək Azərbaycan mühacirətinin şəksiz lideri olan və xarici mərkəzlər tərəfindən birmənalı qəbul edilən M.Ə.Rəsulzadəyə qarşı olduqca xoşagəlməz kampaniya açıblar. Düşünmək olar ki, Rəsulzadənin nüfuzunun Türkiyə hökumətinin nəzərində şübhə altına alınmasında, onun evində və ofisində axtarışlar aparılması, sənədlərinin, yazılarının müsadirə edilməsi və son nəhayətdə, 1931-ci ildə bu ölkədən çıxarılmasında Sovet dövlətinin təzyiqi ilə yanaşı, bu mühacirətarası münasibətlərin də müəyyən rolu olub. Adlar çəkmirəm, bəzi məktublar olduqca ağır təsir buraxır, həm də Rəsulzadə barədə deyil, ona qarşı bu çirkin kampaniyanı açanlar, aparanlar və sonda əlləri heçdə qalan – böyük və tanınmış Adların özləri barədə...