Vasif Tağıyevin qəhrəmanlığının qiyməti layiqincə veriləcək! -Adil Qeybulla yazır
27 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Tehrandakı səfirliyimizdə törədilən qanlı terror hadisəsinin üstündən sirr pərdəsi götürülməkdədir.
Artıq xeyli müşahidə faktları (mərkəzdə yerləşən və ciddi qorunan bir küçədə polisin, xüsusi xidmət əməkdaşlarının olmaması, terrorçuya səfirlik binasına daxil olarkən maneə törədilməməsi və s.), alibilər, məntiqi təhlil və istintaq orqanlarının terroru törətməkdə icraçı rolunu oynayan Yasin adlı degeneratın anlaqsız adı ilə qələmə verilməsi, bu qanlı olayın İranın dövlət səviyyəsində təşkil etdiyi ağır bəşəri cinayət olduğu qənaətini getdikcə möhkəmləndirir.
Zatən ilk saatlardan buna şübhə yox idi... Qanlı terror hadisəsi birbaşa ölkəmizə qarşı yönələn sürəkli hədə və təhdidlərin bir komponenti hesab edilməlidir.
Görünür ki, İran regionda getdikcə güclənən və önəmi artan Azərbaycanı, onun hərbi uğurlarını qətiyyən həzm edə bilmir və ölkəmizi Liviya, Suriya kimi qan çanağına çevirmək istəyir. Amma xoşbəxtlikdən arzularla imkanlar həmişə üst-üstə düşmür... Qısa zaman kəsiyində İran bu terrorun cavabını da layiqincə aldı və aşağılandı da...
Xatırlatmaq yerinə düşərdi ki, İran X əsrdən bəri türk sülalələri tərəfindən idarə edilir. Qacar və Rusiya müharibəsi dövründə onun ərazi bütövlüyünü məhz güneyli soydaşlarımız - Azərbaycan türkləri qorumuş, Rusiyaya qarşı rəşadətlə vuruşmuşlar. Bu gün də İranın sosial həyatının bütün sahələrində soydaşlarımızın rolu yetərincədir.
Qanlı terrorun ilk dəqiqələrindən başlayaraq Azərbaycan prezidenti İlham Əliyev, müvafiq dövlət qurumları, siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayənləri qətiyyətli mövqe ortaya qoydular. Lakin son dərəcə təəssüf doğuran acı mənzərə də göz önündədir: ölkəmizdə İran xüsusi xidmət orqanarının yemlədiyi və idarə etdiyi casus şəbəkələrinin, təriqət zombilərinin perfomansı göstərir ki, vətən əxlaqı olmayan bu heterogen hörgüt daim nəzarətdə olmalıdır.
Qanlı olay zamanı terrorçunun terrorun ideya müəllifləri tərəfindən avtomat silahla təhciz edilməsi göstərir ki, məqsəd bütün səfirlik əməkdaşlarını, xüsusilə də səfiri qətlə yetirmək olub. Bu mənada şəxsi həyatını riskə ataraq terrorçunun üstünə şığıyan və onu zərərsizləşdirən Vasif Natiq oğlu Tağıyevin şücaəti xüsusi qeyd edilməlidir. Əslən Şuşadan olan igid soydaşımız Vasifin göstərdiyi rəşadət, 2020-ci ildə, 44 günlük savaşda Şuşanı texnikasız azad edən, aşırı qəhrəmanlıq nümunələri göstərən igid əsgər və zabitlərimizin şücaəti ilə müqayisə edilə bilər.
Bütün dünya gördü ki, türk əsgəri Vətən üçün bu cür vuruşur! Vətən uğrunda daim ölməyə hazır olan əsgər varsa, o Vətən basılmaz!
Vasif Tağıyevin şücaəti qəhrəmanlıq kimi tövsif oluna bilər və o milli qəhrəmandır!. Yəqin ki, dövlətimiz bu qanlı hadisədə bizə qürür nümunəsi yaşadan soydaşımız Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıq və igidlik nümunəsinin qiymətini layiqincə verəcək!
Sayğılarla,
Adil Qeybulla
01 fevral 2023