Biz hansı zamanda yaşayırıq yoxsa, insanlar zamana görə dəyişir?
Rusların belə bir məsəli var: "Rıba jivyot qde qlubje, çelovek qde luçje", yəni balıq dərində, insan harada daha yaxşıdır orada yaşayır. Bu baxımdan hazırda insan yaşamının bizim arzuladığımız kimi olan çox yerlər var, amma məmləkətimiz o sırada yoxdur. Niyə və nə üçün? Bu yazımda sizinlə bu barədə düşüncələrimi bölüşmək istəyirəm.
Məlumdur ki, müasir dünyamızın ən dəbdəbəli və möhtəşəm yaşam yerlərindən biri də Dubay əmirliyidir. Öz zənginliyi ilə göz qamaşdıran bu məkanda demək olar ki, kasıb insan yoxdur. Əvvəllər ərəb dünyasından söz düşəndə bizə elə gəlirdi ki, onlar müasir dünyanın inkişafından, sivilizasiyadan çox geridə qalırlar. Bəziləri bunu hətta islam dini ilə əlaqələndirməyə çalışırdılar. Lakin son zamanlar ərəb dölətlərinə səfər edənlərin danışdıqları, gözümüzün önünə tamam başqa bir mənzərəni gətirir. Dubay bu gün öz möhtəşəmliyi ilə onların hamısından seçilir. Buna görə də, hazırda Dubay bütün dünyanın maraq göstərdiyi bir məkana çevrilib. Axı nədir bu inkişafın sirri? Bu suala cavab verən Dubay şeyxi Mohammad əl Rəşid deyir:" Mənim babam dəvədə gəzib, mənim atam da dəvədə gəzib, mən "Mersedes" sürürəm. Oğlum "Lend Rover" sürür, lakin mənim nəticələrim dəvədə gəzəcəklər".
Nə üçün belə düşünürsünüz?
"Çətin, ağır zamanlar güclü insanlar, şəxsiyyətlər yetişdirir, güclü insanlar da yaxşı dövran yaradır. Yaxşı dövran, yüksək rifah isə zəif insanlar yaradır. Zəif insanlar da ağır və çətin zamanlar yaradır.(Yəni böyük insanların yaratdıqlarını çapıb- talayaraq dövləti və milləti zəlil və səfil gününə salaraq məhv edir - şərh müəllifindir). Çoxları başa düşmək istəmirlər ki, insanlara döyüşçü-mübariz ruhunu aşılamaq lazımdır, parazit yox."
Haşiyə:-Bu sözlər məndə başqa bir böyük sərkərdənin, 2-ci dünya savaşında SSRİ-nin faşizm üzərində qələbə çalmasında müstəsna xidmətləri olmuş marşal Jukovun sözlərini xatırlatdı. Ölüm yatağında olan Jukova sual verirlər ki, sizcə, 3-cü dünya müharibəsində hansı silahlardan istifadə edəcəklər? Sərkərdə savab verir ki, 3-cü dünya müharibəsini deyə bilmərəm, amma 4-cü dünya müharibəsində mütləq qılınc, ox və kamanla vuruşacaqlar.
İndi isə keçək əsas məsələyə. Bu da heç kimə sirr deyil ki, bir çoxlarının gözündə Azərbaycan da neft və milyonlar səltənətidir. Belədirsə, nə üçün bu məmləkətdə insanların 80 faizi dilənçi kökündə yaşayır? Yaxud, deyə bilərsinizmi ki, biz hansı zamanda yaşayırıq- böyük şəxsiyyətlərin yaratdığı güclü dönəmdə, yoxsa onların sələflərinin çapıb-talayaraq viran qoyduqları bir dönəmdə? Yaddaşınızı təzələmək üçün bir xatırlatmanı da diqqətinizə çatdırım. Bu gün dövlətin, millətin bütün sərvətlərini ata malı kimi çapıb- talayan oliqarx-məmurların 30 il əvvəl heç "zapı"ları (ZAZ) da yox idi. İndi onların övladları, nəvə-nəticələri "Lombargini", "Buqatti" kimi dəyəri milyonlarla ölçülən avtomobillər sürürlər. Hələ bir iddia da edirlər ki, bu pulları halal yolla qazanıblar. Keçmiş MTN generallarının və həbsdə olan məmurların iddialarına nəzər yetirsəniz hər şey gün kimi ortaya çıxıcaq. Lap deyək ki, həmin məmur, deputat, yaxud general ayda 2-3 min manat maaş alıb, onların vəzifədə olduqları müddət də deyək ki 20 ildir. Maaşını 3 min manatdan hesablasaq bu ildə 36 min minat edir. 20 ildə bu adamlar yeyib içməsələr, geyinib-keçinməsələr cəmi 720 min manat toplamış olurlar. Amma onların təkcə daşınmaz əmlaklarının dəyəri milyonları keçir, bu da sənə halallıq.
Bir daha soruşuram biz hansı zamanda yaşayırıq? Güclu şəxslərin zamanıdırsa, nə üçün səfalət içində yaşayırıq? Ağır və çətn zamanda yaşayırıqsa, nə üçün güclü insanlar yetişmir bu məmləkətdə? Və bu anlaşılmaz zaman nə qədər çəkəcək?
Yaxud, bu məmur talançılığına nə zaman son qoyulacaq? Göründüyü kimi, hökumətin korrupsiyaya qarşı mübarizə adı altında gördüyü işlər heç bir nəticə vermir. Toxu gedir, yerinə acı gəlir, daha çox talayır.
Müasir Azərbaycan dövləti heç kimin dədəsindən, babasından miras qalan mülk deyil. Bu dövlət xalqa məxsusdur, Konstitusiyamız da bu haqqı bizə tanıyır. Belə olduğu təqdirdə, biz nə üçün haqq etdiyimizi bu quldurların əlindən ala bilmirik?
Ölkəmizdə mövcud olan bütün pisliklərə qarşı təkcə hökumət və dövlət təmsilçilərimi mübarizə aparmalıdırlar? Bu ümumxalq işidir. 44 günlük Vətən müharibəsində olduğu kimi, bir yumruq kimi birləşərək bu quldur-talançı məmurlara qarşı da mübarizə aparmalıyıq. Dözumlü xalq olduğumuz yetər daha.
Yusif Seyid