Azərbaycan hakimiyyətinin yumşalma işartıları
Siracəddin Hacı:
Son yazılarımın birində demişdim ki, Azərbaycan hakimiyyəti 2023-cü ildə yumşalma əlamətləri göstərəcək, buna məcbur olacaq. Təbii ki, bu yumşalma sərtliklə birgə olacaq – hakimiyyət zəif görünmək istəməz. Hakimiyyətin yumşalmağa doğru addımlar atacağının səbəblərini belə sıralamışdım: zalım Rusiya zəifləyir, İran molla diktaturası Azərbaycanı güclü biçimdə sıxışdırır, Türkiyə seçimə doğru gedir, Avropa və ABŞ Qarabağ məsələsinə görə təzyiq göstərir, xalqın siyasi-sosial narazılıqları surətlə artır. Azərbaycan hakimiyyətinin xalqın gücünə ehtiyacı var, bu ehtiyac hər gün artır, artacaq...
Azərbaycan hakimiyyətinin yumşalma işartıları bunlardır:
- Keçmiş illərdən fərqli olaraq Rəsulzadənin heykəlinin ziyarətinə mane olmadı;
- Bir sıra TV-lər Rəsulzadə ilə bağlı önəmli xəbər verdi;
- Rəsulzadə ilə bağlı TV-lərdə göstərilməsi yasaqlanan filmin kinoteatrlarda nümayişinə izin verildi, həm də bir həftə;
- Ən önəmlisi Azərbaycanın Türkiyədəki səfiri MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN məzarını ziyarət etdi, bunu gizlətmədi, görüntülər paylaşdı, bilinməsini istədi – hakimiyyətin izni olmadan bir səfir bunu edə bilməz;
Deyirəm ki, Azərbaycan hakimiyyəti xalqa doğru addımlar atsa, müxalifətlə gerçək və sağlam dialoqun qapısını açsa, bu nəticələr ortaya çıxar:
- Azərbaycana zərər verən, gücünü azaldan, onu düşmənlər qarşısında çarəsiz duruma salan gərginlik azalar;
- Siyasi-sosial inkişafın yolu açılar;
- Azadlığa, ədalətə bağlı milli birliyə doğru addımlar atılar;
- Xalq da, Azərbaycan hakimiyyəti də, müxalifət də güclənər;
- Molla diktaturasının təzyiqi azalar;
- Rusiyadan uzaqlaşmaq asanlaşar;
- Türkiyə ilə iş birliyi daha da güclənər;
- ABŞ və Avropa ilə əlaqələr qurmaq imkanı artar;
- Azərbaycanın müttəfiqləri çoxalar;
- Kimsə Qarabağ məsələsi ilə bağlı Azərbaycanı mənafelərinə uyğun olmayan addımlara məcbur edə bilməz;
- Yeni Parlament seçkisinin zəruriliyi ortaya çıxar – normal bir seçki Azərbaycanı Rusiya və İran qarşısında o qədər gücləndirər ki!;
- Azad mətbuat formalaşar, xalqın maariflənməsi, siyasi və milli şüurun inkişafı sürətlənər;
- Cəmiyyətə çox ehtiyac hiss etdiyi barış gələr;
- Demirəm ki, Azərbaycan hakimiyyəti yumşaldı, hər şey həll olunmağa başladı, işartılar olduğunu söyləyirəm, bunun doğru olduğunu göstərirəm, deyirəm ki, sağlam mübarizə təşkil olunsa, xarici səbəblərin də təzyiqi ilə Azərbaycan hakimiyyəti dəyişməyə-yumşalmağa olacaq;
- Azərbaycanın ÜSYANA deyil, İSLAHATA ehtiyacı var. Bunun ilk əlaməti də milli birliyə doğru səmimi addımların atılmasıdır. Təbii ki, ilk addım hakimiyyətə aiddir;
Paralel.az