Büdcədən 225 milyon necə mənimsənilir, buna görə verilməli cəza hanı?
Müəyyən istisnanlarla qeyd etmək olar ki, ölkədə fəaliyyət göstərən dövlət qurumlarının hamısı illik hesabatlarında zərərlə işlədiyini açıqlayır.
Dövlət qurumlarının zərərləri isə dövlət büdcəsi hesabına ödənilir. Bu durumun yaratdığı mənzərə onu deməyə əsas verir ki, qurumlar məhz dotasiya aldıqları üçün büdcə vəsaitlərini səmərəsiz xərcləyirlər. Bu isə qurumlarda yeyinti hallarının kütləvi hal aldığını göstərir. Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edən qurumlar da yoxlamaların nəticəsində qurumlarda yeyinti aşkarlanndığını bu və ya digər formada bəyan edirlər. Hesablama Palatası son illər bir sıra nazirliklərdə, qurumlarda, büdcə təşkilatlarında külli miqdarda yeyinti aşkarladığını açıqlayıb. Son olaraq 2022-ci il ərzində Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin fəaliyyətinin beynəlxalq praktikaya uyğun təşkil edilməsi ilə bağlı işlər davam etdirilib, o cümlədən əməliyyat effektivliyinin artırılmasını, strukturun təkmilləşdirilməsini, kadr potensialının gücləndirilməsini əhatə edən islahatlar aparılıb, hazırlanan müvafiq daxili təlimatların və qaydaların tətbiqinə başlanılıb.
2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib. İl ərzində ümümilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar edilmiş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Bu günə qədər də bu cür məlumatlar kifayət qədər olub. Amma əsas məsələ yeyintiyə və ya səmərəsiz xərclənməyə görə hansı cəzaların tətbiq olunduğu ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Deyək ki, yeyintiyə yol verən məsuliyyətli şəxs büdcəyə vurduğu zərəri bu və ya digər səbəbdən geri qayta bilməyib. Ona hansı cəza verilib? Bu haqda heç bir dolğun informasiya yoxdur. Təcrübədə isə bu hallarda hansı addımların atıldığı ilə bağlı bir sıra məqamlar mövcuddur.
Məsələn, rüşvət və korrupsiya əməllərində görə indiyə qədər bir çox icra başçısı, nazir, nazir müavini, yüksək vəzifəli məmurlar həbs olunub. Onlardan hazırda həbsdə olanları da var, sonradan məhkəmə yolu ilə hətta müsadirə edilmiş mülkləri geri alanlar da.
Sonuncuya misal olaraq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovu göstərmək olar. Qeyd edək ki, Akif Çovdarov 30 milyon manat dəyərindəki əmlakı məhkəmə qərarı ilə özünə qaytarıldı. Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun da oxşar qaydada məhkəmədə iddia qaldırdığı məlumdur. Amma hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.
Bunlara istinad etsək, Maliyyə Nazirliyinin 185 nəzarət obyektində aşkarladığı 225 milyon 710 min manat artıq və əsassız ödənişin məsuliyyətini daşıyan rəsmi şəxslərin də həbs olunacağı istisna hal deyil. Dövlət büdcəsinə dəymiş zərərin qarşılanması üçün iki yol var: ya mənimsənilən pullar geri qaytarılmalıdır, ya da azadlıqdan mərhum olunmalısan. Hər halda büdcə vəsaitini mənimsəyənlər də bu variantları bilməmiş deyil.
Vilayət Muxtar
Cebhe.info