B.Bağırzadə də Abid Qafarovun həbsinin sifarişli özbaşınalıq olduğunu doğruladı

B.Bağırzadə də Abid Qafarovun həbsinin sifarişli özbaşınalıq olduğunu doğruladı
 


Abid Qafarovun həbs təcrübəsi Bəhram Bağırzadənin “rayonlu – şəhərli “təhqirinə” görə həbsinə hüquqi presedent yaradır
Əməkdar artist Bəhram Bağırzadənin bir ziyalı , mədəniyyət xadimi kimi , xalqı, milləti mədəni olmağa çağırması toplumda çoxanlamlı qarşılanıb. Düzü, Bəhram bəyin nə dediyini heç nə oxudum, nə gördüm, nə də eşitdim, sadəcə, ona edilən “mətbu hücumlardan” söhbətin ənənəvi “rayonlu - şəhərli didişməsi”ndən getdiyini anladım. Bəhram Bağırzadənin ortalıq 25 ildir gözümüzün önündə millət, xalq, mədəniyyət savaşı aparmasının şahidi olduğum(uz)dan, onun şəhərli – rayonlu olmasından asılı olmayaraq, ictimai yerlərdə özünü apara bilməyənlərə irad bildirməsində təhqir , böhtan və digər aşağılayıcı elementlərin olabilməzliyi gün kimi aydındır. 

Bəhram bəyə qarşı bircə başlıqlarını oxuduğum “rayonlu media təpkiləri” diqqətimi 6 ,5 aydır həbs həyatı yaşayan Abid Qafarova yönəltdi. Nə əcəb, “yeddi rayonlu” tapılmadı ki, Bəhram Bağırzadəni “rayonluları təhqir etdiyinə” görə xüsusi ittiham qaydasında məhkəməyə versin və ən yuxarı həddə cəza tələb etsin ?! Abid Qafarovun “müti” sözünə görə ən yüksək - bir illik cəzaya məhkum edilməsi təcrübəsi məhkəmənin Bəhram bəyə də eyni cəzanı verəcəyinə hüquqi presedent yaradır. Abid Qafarovun “suçu” qaziləri müti olmamağa, canlarına qıymamağa səsləməkdisə , Bəhram Bağırzadənin “cinayəti” daha böyükdür, o bütöv milləti, xalqı, rayonlu - şəhərli olmasından asılı olmayaraq mədəni olmağa səsləməklə “rayonluları aşağılayıb”. Məhkəmə öncə Bəhram Bağırzadənin soy kökü- ulu babalarının yurdu üzrə İsmayıllı rayon məhkəməsində 7 “zərərçəkən rayonlunun” şikayətini icraata götürüb, şikayətdən imtinaya baxmayaraq, onu “təhqirin olduğu yerə” - Bakı şəhəri, Yasamal məhkəməsinə göndərməlidir. Hakim (Rauf Daşdəmirov), konkret ad çəkilməməsinə baxmayaraq, qıraqdan sifarişlə bir – iki rayonlu şikayətçinin təhqir olunmasına ekspert rəyi alıb, Bəhram Bağırzadəni “rayonlu təhqirinə görə” bir illiyinə həbsə elə atar ki, vicdanı da sızlamaz. Elə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının heyətinin də aşağı instansiyanın bir illik həbsini qüvvədə saxlamaqda vicdana ehtiyacı olmaz.

Bir sözlə, Bəhram Bağırzadə Abid Qafarovun həbsinin sifarişli özbaşınalıq olduğunu doğruladı. Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq, sevilən aktyorumuz, əməkdar artist Bəhram Bağırzadəyə müdafiəçisi olduğumuz şəxsin müdafiəsinə töhfə verdiyinə görə sayğılarımızı bildirir, nüfuzundan yararlanıb, ölkənin birinci şəxslərinə müraciət etməsini diləyirik .

Məğrur Bədəlsoy,
1-ci dərəcəli Qarabağ əlili , Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin sədri

Paralel.az

0.018284797668457