Tehran rejimi sonun başlanğıcına gəldi - ŞƏRH
İran hakimiyyəti 1979-cu ildən bəri buraxdığı səhvlərin cavabını alır.
Molla rejimi iqtidara gələndən nəinki bölgə, eləcə də dünya üçün təhlükə mənbəyi olub. İslam inqilabının ilk illərində bu rejim az qala dünyanın yarısına ölüm elan etmişdi: "Amerikaya ölüm!", "İsrailə ölüm!", "İngiltərəyə ölüm!". Bir müddət sonra isə daha da irəli gedərək Kərbəla və Nəcəfi azad etmək iddiası ilə İraqa qarşı müharibəyə başladı.
Bunun ardınca isə Qüdsü (Yerusəlim-red) də azad edəcəyi ilə bağlı iddia qaldırdı.
Molla rejimi inqilabdan sonra Livanda yaratdığı "Hizbullah" vasitəsilə bu gün də İsraili və region ölkələrini təhdid edir. Hətta 2006-cı ilin iyul-avqust aylarında bu silahlı qruplaşma Tehran rejiminin hərbi, maliyyə və siyasi yardımı ilə İsrailə qarşı 34 gün müharibə apardı.
Tehran rejimi başqa dövlətlərin daxili işinə müdaxilə edib pozuculuq fəaliyyəti göstərmək, Xomeyninin leninizməoxşar "islam inqilabı doktrinasını" yaymaq və reallaşdırmaq məqsədilə xaricdə İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) "Qüds" adlı qoşununu saxlayır. “Qüds” qoşunu Yəmən, İraq və Suriyada faktiki olaraq pozuculuq fəaliyyəti ilə məşğul olur, iğtişaşlar törədir.
Beləliklə də, bu hakimiyyət mövcudluğu ilə dünyanı terrorla hədələyir. Avropa, Amerika, Afrika, bir sözlə dünyanın hər yerində İran ya terror aktı törədib, ya da bu cinayəti törətmək təhlükəsi var.
Bu azmış kimi, İran öz daxilində xarici ölkələrin diplomatik missiyalarına qarşı da terror aktları həyata keçirir. Səudiyyə Ərəbistanı, ABŞ, Azərbaycan və başqa dövlətlərin səfirlik, eləcə də konsulluqlarına qarşı hücumlar bunu əyani şəkildə sübut edir.
İranın molla rejimi Böyük Britaniya, İsrail, ABŞ, NATO-ya qarşı mübarizə aparsa da, bu dördlüyə gücü çatmır, bu səbəbdən onların müttəfiqlərinə qarşı müxtəlif formada hücumlar edir, zərbə vurmağa çalışır.
Tehran rejimi öz vətəndaşlarına münasibətdə də təhlükə mənbəyidir. Sentyabrın 27-dən İranı bürümüş etiraz aksiyalarının iştirakçılarına qarşı hərbi-polis və başqa qüvvələrlə hücumlar təşkil etməsi, qətllər törətməsi ölkə əhalisinin də terrora məruz qalmasını göstərir.
Rusiyanın Ukaynaya qarşı təcavüzkar müharibəsi də İrandakı rejimin əsl simasını bir daha ortaya qoydu. Çünki Tehran rejimi Rusiyaya hərbi texnika və silah yardım edir.
Son günlər isə Qüds (Yerusəlim-red) mütəmadi olaraq atəşə tutulur. İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında bu hücuma sərt və ağır şəkildə cavab verəcəklərini bildirmişdi. Ötən gecə İsrail dronlarının İranın hərbi obyektlərini vurmasına dair xəbərlər yayılıb.
Bu, həmin obyektlərin vurulmasına dair yayılan ilk xəbər deyil. Bundan əvvəl 2022-ci ilin yayında Rusiya Prezidenti Vladimir Putin İranda səfərdə olanda belə xəbər yayılmışdı. Ötən ilin payızında da İsrailin Tehran rejiminin 223 PUA-sını məhv etdiyi bildirilirdi.
İranın hərbi obyektlərinə İsrailin zərbə endirməsinə dair xəbərlərin yayılması birincinin buraxdığı səhvlərin məntiqi nəticəsi kimi görünür.
Regional və qlobal təhlükə mənbəyi olan, öz vətəndaşlarını qorxu altında saxlayan bir rejimin siyasi səhnədə qalıb-qalmaması hazırda dünya gündəminin başlıca mövzusudur.
Törətdiyi cinayətlərlə Tehran rejimi öz sonunu günbəgün yaxınlaşdırır. Necə deyərlər, baş verənlər sonun başlanğıcıdır.