Braziliya XİN: "Azərbaycan səfirliyinə basqını, missiya əməkdaşının ölümünü narahatlıqla qarşıladıq"
Braziliya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinin binasına silahlı basqın edilməsi, nəticədə bu missiyanın əməkdaşının həlak olması xəbərini narahatlıqla qarşılayıb.
“Report” xəbər verir ki, bununla bağlı Сənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Braziliya beynəlxalq hüququn işığında diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır.
Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, eləcə də həlak olanın ailəsi ilə həmrəy olduğunu bildirir”, - bəyanatda qeyd olunur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terrorçu Azərbaycan səfirliyini əməkdaşı tərəfindən saxlanılıb.