"Çaxırlı" kənd adları necə dəyişməlidir?

 

Həsən Əliyev:
Deyirlər dəyişəcək.

Hörmətli dilçi alim İlhami Cəfərsoy f/b səhifəsində “Çaxırlı” kənd adının Toponimiya Komissiyası tərəfindən dəyişdirilməsi barədə yazısı məni də narahat etdi.Əslində İlham müəllim haqlı olaraq Çaxırlı kəndinin adının çaxır içkisi ilə heç bir əlaqəsi olmadığını düzgün vurğulayır.O, kəndin əsl adını qədim türk arealı kimi verərək, qədim türk tayfaların inancı olan çakır quşunun inancı ilə özlərini adlandıran türk tayfa adlarından yaranan toponimlər kimi açıqlayır.Və kəndin adının dəyişilməsi rəsmləşərsə, onun adının “Çakır” yazılmasını təklif edir.Alim çox haqlıdır.Çünki, toponimik adların əsas prinsipi tarixi kökün qorunmasına xidmət edir.Toponimik adlar fonetik hadisələr, transliterasiyalar, kalka üsulları və şivələrdə zaman zaman deformasiyalara məruz qalmışdır.

Görəsən bu dəyişilən kəndlərin adı nə kimi fəsadlara yol açacaqdır?Dilçi alimlər bu komissiyaların iclaslarında etimoloji izahlar verirlərmi?Deyərdim ki, dilçilik elmi ilə toponimiya elmi biri birindən uzaq düşmüşdür.Nə coğrafiyaçı alim dilçiliyi, nə də dilçi alim coğrafiyanı qədərincə təhsil aldığı sahədə geniş proqramda öyrənməmişdir.Bu gün coğrafiya fakültələrində “toponimist” ixtisası yetişdirən müstəqil fakültə yoxdur.Əslində mənəvi varlığımız dilimizlə ölçülən kimi, tarixi ərazilərimizin də toponimik adların bizə məxsus olması bilinməlidir.Toponimlərin öyrənilməsində əsas şərt ərazilərimizdə olan arealların müəyyən olunması, qədim tayfa adlarının toplusunun əldə edilməsi , tarixi hadisələrin toponimik adlarda rolunun düzgün müəyyənləşdirməsi lazımdır.

Bir dəfə “Albaniya Tarixi” barədə yazımla əlaqədar Akademiyaya dəvət olunmuşdum.Adını çəkmədiyim akademik mənim bu yazımı bəyəndiyini bildirdi və bunu necə yazdığımı mənə sual etdi.Mən də cavabında bildirdim ki, məntiq və dilçiliyin əsasında. O mənə dedi ki, tarix hara, dilçilik hara? Özü yazdığı tarixdən ona sual verdim ki, Qədim Kabalakada (indiki Qəbələdə) “səlbirlər” deyilən bir tayfadan bəhs etmisiniz.Deyə bilərsinizmi ki, “səlbir” adının mənası nədir?Cavab verdi ki, elə “səlbir” “səlbir”dir də...Mən isə izah etdim ki, bu ad ərəb arealına aid toponimik yer adıdır.Ərəb dilində “səlb”sözü xristian dininə mənsub olanlar deməkdir.Həqiqətən də bu gün albanların varisi olan Nic kəndinin əhalisi həmin ərazidə yerləşir.Onların dini də xristianlıqdır.Akademik bir az fikirləşib dedi ki, yəqin “səlib müharibəsi”də həmin sözdəndir.Onun fikrini mən də təsdiqlədim.Ona bir neçə alimin yanında sual verdiyimə görə, məni bir daha qəbul etmədi.Əslində mənim ona ehtiyacım da yox idi...
Keçək mövzunun əsas məsələsinə.

Bu gün Azərbaycan ərazisində “Çaxırlı” kəndi Cəbrayıl, Masallə, Göyçay və İmişli rayonlarında mövcuddur.Eyni zamanda Göyçə mahalının Basarkeçər rayonunda da “Çaxırlı” kəndi olmuşdur.Əgər biz bu qədim yer adlarının tarixinə nəzər salsaq, bu ərazilərin sakinlərinin hamısı müsəlman təriqətli insanlardırlar.Necə ola bilər ki, islamın qadağan etdiyi bu içkinin adı ilə bu kəndlər adlandırılsın?

Əgər biz “Çaxırlı” kənd adına qədim türk tayfa adı kimi baxsaq, mütləq teolinqvistikaya müraciət olunmalıdır.Qədim türklərdə həm “çağ” həm də “qor” adlı “od tanrı”ları olmuşdur.Söz çağ(k,q)+ qor(ır) birliyindən yaranmadır.Onların inancı isə alim İlhami Cəfərsoyun dediyi kimi “çakır” şahin fəslindən olan iti caynaqlı, ətyeyən bir yırtıcı quşdur.Qədim türklər onu əhilləşdirərək özlərinə ram etmişlər.Türklər çakırı güclü qolları üstündə gəzdirərək, onlarla ova çıxmışlar.Tayfanın bu cür ovla məşğul olduqları səbəbindən qonşu tayfalar onları “Çakırlı” adlandırmışlar.Demoqrafiyadan məlumdur ki, tayfalar köç edərkən adlarını özləri ilə daşımışlar.(necə ki, Bayatlar kimi.)

“Çaxırlı” toponiminin türkmənşəli söz kimi 2-ci mənası müasir türk dilində “çahır” sözü olub, “çəmən , otlaq” mənasını bildirir.”Çahırlı” isə”çəmənlik, otlaq yeri, əkin yeri” mənasında işlənir.Azərbaycan dilində işlənən “çayır, cayır, çayırlıq, cayırlıq” sözləri də “yabanı ot” kimi oxşar mənalar daşıyır.

Həqiqətən də mənim özümün bildiyim Cəbrayıl rayonunun “Çaxırlı” kəndi dağsız, dərəsiz, təpəsiz düzən bir ərazidir.Demək olar ki, əkin üçün əlverişli bir şəraiti vardır.Cəbrayılın digər bir kəndi olan “Məzrə” kəndi də oxşar bir ərazi olduğundan ərəb arealı olaraq ərəbcə “məzrə” - “əkin yeri” mənasını bildirən sözdən toponimik ad almışdır.

Hər 2 toponimik adın türkmənşəli olması əminliklədir.Həm “Çakırlı”, həm də “Çayırlı” yeni toponimləri bizi qədimdən günümüzə gəlib çıxmış “Çaxırlı” kənd adından çox da uzağa salmayacaqdır.

P.S. Toponimik Komissiya niyyətlərində hansı adları tutublarsa bilmirəm, ancaq bu alternativləri də nəzərə alsalar daha məqsədəuyğun olar.İnanıram ki, bu kəndlərin əhalisi də onları dəstəkləyərlər.Bizim də payımıza bir “sağ ol” düşər.

Paralel.az

0.02823805809021