Talıbovlara məxsus 270 milyonluq mülklər hansı ölkədədir? - FOTO

Talıbovlara məxsus 270 milyonluq mülklər hansı ölkədədir? - FOTO
 



Beynəlxalq araşdırmaçı jurnalistlər Gürcüstanda Vasif Talıbov və onun ailəsinə bağlı 270 milyon dollarlıq biznes və mülkləri üzə çıxarıb. 
Bu barədə Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin (OCCRP) yayımladığı araşdırmada bildirilir.

Araşdırmada türkiyəli iş adamı Emin Uçarın Gürcüstandakı hotel, restoran, yaşayış komleksləri və digər biznes fəaliyyətindən bəhs olunur. Müəlliflərinin ortaya çıxardıqları sənədlərə əsasən, iş adamı E. Uçar Naxçıvana 30 ilə yaxın rəhbərlik etmiş Vasif Talıbov və onun ailəsini təmsil edib. 
Araşdırma müəlliflərindən olan Aydan Yusifin sözlərinə görə, bu sərvətin Azərbaycandan Talıbovlara məxsus şirkətlər vasitəsilə yatırılmasına ciddi şübhələr var: “Əldə olan məlumatlar ondan ibarətdir ki, “Gəmiqaya” şirkəti Azərbaycanda bir sıra sahələrdə genişmiqyaslı biznes fəaliyyəti ilə məşğuldur. Holdinq yeni yarananda Azərbaycanda bir sıra dövlət sərmayələrindən yararlanıb. Sonra isə MR-da onlarla dövlət satınalmalarına qatılıb və qalib olub. Orada müxtəlif tikinti işlərini həyata keçirib. 2012-ci ildə Vasif Talıbov Gürcüstana gəlib. Ondan sonra oğlu Gürcüstanda mülklər almağa başlayır. Həmin ildə E. Uçar Gürcüstanda öncə “Gəmiqaya” şirkətini təsis edib. Sonra isə onun adını dəyişib “Maqro” qoyaraq fəaliyyətini davam etdirib”.

E. Uçarın vəkilləri onun Gürcüstandakı sərvətini istiqrazlardan qazandığını, kiminsə biznesi üçün saxta təmsilçilik etmədiyini, qanuni davrandığını bildirsələr də, V. Talıbovun oğlu Seymur Talıbovun vəkili OCCPR-a bildirib ki, R. Talıbov və E. Uçar Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir. 
Araşdırmaçı jurnalistlər həmçinin Rza Talıbovun onun adına mülk almaq üçün E. Uçara verdiyi etibarnamənin surətini də əldə ediblər. 
Mənbə qeyd edib ki, ötən il Talıbovların Birləşmiş Ərəb Əmirliklərindəki biznes imperiyası haqqında  araşdırması olub. Onlar çirkli pulların yuyulmasında da ittiham olunublar. Həmçinin Talıbovların işgəncə yolu ilə sahibkarların biznesini ələ keçirilməsi ilə bağlı da materiallar hazırlanıb. 

Paralel.az

0.025462865829468