Azərbaycan hakimiyyəti qərbi azərbaycanlıları niyə önə çıxarır? - I yazı

Azərbaycan hakimiyyəti qərbi azərbaycanlıları niyə önə çıxarır? - I yazı
 

Siracəddin Hacı: 
- 2023-cü il bizimlə birbaşa bağlı olan dörd ölkədə hakimiyyəti qorumaq – xilas etmək uğrunda mübarizə ilidir: Rusiya, Türkiyə, İran, Azərbaycan;
- Ukraynada siyasi, iqtisadi, hərbi, diplomatik bataqlığa saplanan Rusiya da, Putin də zəifləyir. Rusiya ilə sıx bağı olan Azərbaycan hakimiyyəti onun savaşda məğlub olması halında ortaya çıxacaq nəticədən çox narahatdır, ən önəmli dəstəkdən məhrum qala bilər. Azərbaycan hakimiyyəti bu nəticənin ola biləcəyini görür, Putindən sonrakı – zəif Rusiya dönəminə hazırlaşır, itirilmə ehtimalı ciddi olan xarici dəstəyin yerini iç (daxili) dəstəklə - hakimiyyətin dayaqlarını yerliçilik əsasında gücləndirməklə doldurmağa çalışır – qərbi azərbaycanlılara yönəlir;
- Türkiyədə seçim yaxınlaşır, Ərdoğanın işi çox çətindir, onun qatı tərəfdarları da seçim ikinci tura qalacaq tezisi ilə razılaşırlar – türk xalqının ən doğru seçimi edəcəyinə inanıram. Əgər HDP seçkidə öz namizədi ilə iştirak etməsə, altılı masanın namizədini dəstəkləsə, Ərdoğanın seçkinin birinci turunda məğlub olmaq ehtimalı son dərəcə güclənəcək. Ərdoğanın Azərbaycan hakimiyyətinə önəmli dəstək verdiyi bəllidir. Bu, çox güclü dəstəkdən məhrum olmaq Azərbaycan hakimiyyətinin sıxıntılarını artırır, onu daxili imkanlara – qərbi azərbaycanlılara yönəldir;
- İran molla diktaturasının taleyi tükdən asılıdır, yasaqlar nəticəsində dünyadan, zülmü ilə xalqdan qopmuş rejimi uzun müddət qorumaq imkansızdır. Molla diktaturası bu gün özünü edam, həbs, işgəncə, qorxu, yasaqlarla qorumağa çalışır. Rejimin Azərbaycan hakimiyyətinə münasibəti (və əksinə) dəymə mənə, dəyməyim sənə ölçüsü üzərində qurulmuşdu. İş (razılıq) o yerə çatmışdı ki, Azərbaycan hakimiyyətinin razılığı ilə İranın lideri Seyid Əli Xamneyinin özəl təmsilçisi Bakıda dini fəaliyyətlə məşğul olur, Azərbaycanda İranın mənafeyinə xidmət edənləri əlaqələndirir, siyasi məqsədli dini xurafələr yayır, minlərlə azərbaycanlının düşüncəsini zəhərləyir, Azərbaycan hakimiyyəti isə susurdu. Qarabağ savaşından sonra tarazlıq pozuldu, Azərbaycanın güclənməsi İranı narahat etdi, onun iç üzü ortaya çıxdı, Azərbaycana açıq düşmənlik siyasətinə yönəldi… Molla rejiminin çökməsi Azərbaycan hakimiyyəti üçün yeni vəziyyət ortaya çıxaracaq, İrandakı siyasi zəlzələ Azərbaycana, Azərbaycan hakimiyyətinə ciddi təsir göstərəcək. Azərbaycan hakimiyyətinin bu siyasi zəlzələnin nəticələrindən qorunmaq üçün daxili gücə - dayağa ehtiyacı var, yoxsa ayaq üstə durması çətin olar, elə buna görə də daxili siyasi qaynaq axtarır – qərbi azəraycanlılara yönəlir;
- Bir də ölkə daxilindəki vəziyyət var, Putinin, Ərdoğanın dəstəyi itirilsə, mövcud Azərbaycan hakimiyyətini tənqid etsək də, o, başqalarından daha yaxşı, sərfəlidir deyən molla diktaturası çöksə, xarici bağı zəifləyən – qırılan hakimiyyətin sosial-siyasi narazılığı sürətlə artan xalqı idarə etməsi çətin işdir, daxili dəstək olmadan imkansızdır, elə buna görə də güc qaynağı arayışı qaçılmazdır. Sizə qəribə gəlsə də, deyirəm ki, Azərbaycan hakimiyyəti sərtləşməyə deyil, yumşalmağa doğru gedəcək, məcbur olacaq, ancaq bunu elə edəcək ki, zəif olduğu bilinməsin, hakimiyyətin zəifliyi fikri ortaya çıxmasın, rəqiblər həvəslənməsin;
- Vasif Talıbovla bağlı məsələdən sonra belə bir fikir ortaya çıxdı ki, hakimiyyət Naxçıvan qrupunu sıradan çıxarır. Bu, doğru ölçü deyil, Azərbaycan hakimiyyəti təşkilatlanmış, güclü, əlində böyük imkanları olan bu qrupdan imtina etməz, bu gücü yenidən nizamlayar, nizamlayacaq, yeni fiqurlar önə çıxaracaq. Arada bir az sıxışdırsa da, onların imkanlarını azaltmağa çalışsa da, vəziyyət dəyişdi, xarici dayaqları zəifləyən hakimiyyətin daxili qaynaqlara ehtiyacı var, elə buna görə də Naxçıvan və Qərbi Azərbaycan qrupunu yenidən sistemləşdirəcək;
- Bir məsələ də var: Azərbaycan xalqının siyasi şüuru yavaş-yavaş olsa da, formalaşır, bu hakimiyyətin ənənəvi idarəçilik üsulu ilə xalqın tələbləri arasında uyğunsuzluq yaradır, xalq bir az böyüyüb, uşaqlıq köynəyi bədənə dar gəlir, böhrana yol açır – böhran problemlərin həlli ilə bağlı mövcud üsulların bir işə yaramaması nəticəsində ortaya çıxır. Azərbaycan hakimiyyəti xalqla yeni ünsiyyət yolları tapmağa məcburdur. Bu məsələnin həm siyasi, hüquqi islahatlar tərəfi, həm də daxili imkanları artırmaq yönləri var – Ana Yasa da dəyişəcək, Naxçıvan və Qərbi Azərbaycan qruplarına yönəliş də güclənəcək;
Azərbaycan hakimiyyəti siyasi imkanlarını niyə məhz yerliçilik əsasında artırmağa çalışır?
Ardı var…

Paralel.az

0.02879810333252