QİSAS DADIR

QİSAS DADIR
 

20 YANVARA HƏSR EDİRƏM! !!

QİSAS DADIR

Yavaş yeri, asta dolan,
Bu torpaqda şəhid yatır!
Çiçək deyil burada solan,
Qərənfildi qanda batır!

Salam söylə, endir başın,
Şəhid ruhu inciməsin!
Nalə çəksin, öpsün daşın,
Zəminxarə səngiməsin!

Güllə səsi gəlir burdan,
Burda səssiz ruh ağlayır!
Can alışır burda qordan,
Burda ələm, qəm çağlayır!

Müqəddəsdi o qara daş,
Müstəqillik, İstiqlaldı!
Əli yalın gedən savaş,
Özgürlüyə çığır saldı!

Bu torpağı Vətən etdi,
Cərgə - cərgə gömülən can!
Bayraqları bayraq etdi,
Köynək - köynək tökülən qan!

Asta yeri, təzimlə dur ,
Bu torpaqda şəhid yatır!
Qaytar yurdu, əzmlə dur,
Şəhid qanı qisas dadır!

Təvəkkül Goruslu. 19. 01. 2019.

Təvəkkül Goruslu

"Paralel.az"

0.017792940139771