QÜRUR GÜNÜDÜR!

QÜRUR GÜNÜDÜR!
 

Milli hiss insanı ən gözlənilməz addımlar atmağa sövq edir. Mən, ali təhsilli tarix müəllimi imperiyaların idarəçilik, tərkibinə qatdığı diğər xalq və dövlətləri zorən, silah gücünə necə əlində saxladığını bilə-bilə, O Qanlı gecədə millətimin əliyalın azadlıq mücadiləsinə qalxan kəsimi ilə bərabər idim - “Şamaxinka” deyilən ərazidə.

O gecə ölümün bir addımlığındaykən necə sağ qalmağım bu gün də mənə möcüzə kimi gəlir. Allahın lütfi idimi, yoxsa 5 ay sonra dünyaya gələcək ilk körpəmin duasımı, bilmirəm. Tək onu bilirəm ki, heç adını soruşmağa macal tapmadığım, sonradan da rastlamadığım O gənc 20 Yanvar dairəsində məni hasarın arxasına itələməsəydi, yaxud bilmədən öz ayağımla gəlib düz üstlərinə çıxdığım, tranvay xəttinin üstündə dayanmış BTR-in həndəvərində siqaret çəkən “Vaqner”in sələfləri məni görsəydi bu gün məndə sizə Şəhidlər Xiyabanındakı məzardan baxırdım.

Kimin nə deməsindən asılı olmayaraq O GÜN vətəndaş qanıyla yazılmış QÜRUR GÜNÜDÜR!

Biz Azadlığımızı qanımız və canımızla qazanmışıq. Bu həqiqəti ancaq əliheydər qarayevlər, musabəyovlar kimi Rus imperiyasının nökərləri və sərvətinə dünya həsəd apardığı halda, məqsədli şəkildə xalqı miskin vəziyyətdə saxlayaraq, onlarda SSRİ-yə nostalji hisslər formalaşdıranlar inkar edə bilər. Ki bunlar da tarixə əbədi lənətlənmişlər kimi düşəcək, buna heç kimin şübhəsi olmasın!

Şəhidlərimizi sayğı və qürurla anır, Allahdan rəhmət diləyirəm!

Rövşən Kəbirli

"Paralel.az"

0.033113956451416