İranla sərhəddə atəş açıldı - Fotolar
Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikası dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İran istiqamətinə qaçmışlar.
Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 (bir) sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə hərəkət etmişdir.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.