Prezident Administrasiyasında vətəndaş qəbuluna kim qadağa qoyub?
Məğrur Bədəlsoy:
Prezidentin saytı qəbula “hə” , Administrasiyanın qəbul mərkəzi “yox” deyir
Müraciət etmək, dinlənilmək - qəbul olunmaq hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3 maddəsinə görə, vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər. Bu ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun – Konstitusiya , bu qanun, bu da qanuna , Konstitusiyaya qadağa! Özü də qadağanı qoyan ali icra hakimiyyəti orqanının administrasiyasıdır ! (?)
Başına gələn başmaqçı olar, deyiblər, Prezident Administrasiyasının Vətəndaş qəbulu mərkəzinə “başmaq seyrinə” yox, Nizami polisinin quldurluğuna hüquqi qiymət verilməməsindən şikayətlə bağlı baş vurmuşdum. 03.09.2022-ci ildə 10-dan yuxarı polisin zoru ilə 24-cü Polis Şöbəsinə aparılıb, qollarımı arxadan qandallayıb 9 qabırğamın sındırılması (qalanlarını savaşda düşmən mərmisi “sındırıb”) , kontuziyalı başıma vurulan polis təpiklərinin zərbələrindən növbəti açıq -qapalı kəllə beyin travması ilə “təltif edilməyim” cinayətini Nizami prokuroru Pərviz İbayevin , baş prokuror Kamran Əliyevin , Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının qeyri-prosessual göstərişlə ört-basdır etməsinə ali icra hakimiyyəti orqanının hüquq mühafizə orqanları ilə iş şöbəsinin başçısı Fuad Ələsgərov qiymət verməyə borcludur . Məhkəmə hakimiyyətindən heç danışmağa dəyməz , Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından icra məmuru Ceyhunun (tel. 0507704020) , müstəntiq Qalib Kərimlinin , Azad İsmayılzadə adlı məhkəmə işçisinin 40 gün qabağa tərtib etdikləri 05.09.2022-ci il tarixli “ 1-ci dərəcəli Qarabağ qazisini işgəncə kamerasında yaralı durumda həbsdə saxlayıb, evində axtarış aparılması” qərarından apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 3 aydır “baxmağa utanır” . İnsan hüquqlarına tüpürmək elə hədsizdir ki, 30 ildir tibbi uçotunda olduğum DİN hospitalında müalicə olunmağıma da sifarişlə qadağa qoyulub. Bu yandan da qəbul olunmaq hüququna da Prezident Administrasiyasının qəbul mərkəzi qadağa qoyub.
İşgəncədən PA-nın 1111 çağrı mərkəzinə şikayət edib, qəbula yazılmağı diləyəndə, Fuad Ələsgərovun 6 aydan bir qəbul etdiyini (?-qanun təxirəsalınmaz tədbirlər görülməsi nədəni ilə anında qəbul edilməni tələb edir ), qəbul mərkəzinə gedib əyani yazılmağı bildirdilər. Qəbul mərkəzində isə çağrı mərkəzinin yanlışlıq etdiyini dedilər. Prezident Administrasiyasının iki mərkəzinin birinə də Prezidentin rəsmi internet saytında qəbula yazılmağımı Administrasiyanın “təşəkkürü” ilə cavablandırıldığını anlada bilmədim. Hər iki mərkəzin operatorları belə “qəbula yazılmaq” xidmətinin olmadığını bildirdilər. Qəbula online yazılmağımı sübut edən “screenshot”u əlavə etməyim də yardıma çatmır. 18 yanvar 2023-cü ildə Fuad Ələsgərovun – hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdirinin qəbuluna hüquq qazana biləcəyəm, yoxsa, yenə də “qadağa hüququ” qüvvədə olacaq?
Paralel.az