Çıxış yolu həmişə var...
Qalib ARİF:
Rusiyanın ən təcrübəli siyasətçilərindən biri, məşhur iqtisadçı Qriqori Yavlinski nəhayət ki, Rusiyada mövcud olan və bütün dünyanı ayağa qaldıran rejimin dəqiq tərifini verib. Yavlinski məlum jurnalist A.Benediktova (“Exo Moskvı”) 2023-cü il müsahibəsində deyib ki, Rusiyada harkimiyyətin, biznesin və mülkiyyətin bir əldə cəmləşdiyi mürtəce bir sistem hakimiyyətdədir. Xüsusi olaraq vurğulayıb ki, bu sistemin adı Putinizmdir, mən onun əleyhinəyəm, faciə və hətta cinayət hesab edirəm. Əminəm ki, Rusiyada minlərlə, yüz minlərlə, milyonlarla insan mənimlə həmrəydir, belə hesab edir...
Bu sistemin meydana gəlməsində, hakimiyyəti ələ keçirməsində və indiyə kimi ölkəni idarə etməsində ən böyük günahkar Rusiya xalqıdır, çünki xalq hakim rejimin “siz hakimiyyəti bizə verin, biz də sizin maaşlarınızı və pensiyalarınızı verək” şərti ilə, faktiki olaraq, razılaşmışdır. Xalq sadəcə olaraq öz taleyinə, gələcəyinə biganə qalmış, faktiki olaraq, bu gününün dünən, sabahının bu gün talanması ilə barışmışdır. Son 20 ildə bu sistemi dəyişmək üçün əlində dəfələrlə real imkan olsa da, ədalətsizliyə etiraz etməmiş, küçələrə çıxmamış, bu sistemin axırına çıxmamışlar. Amma hazırda Rusiyada yaranan bu ağır vəziyyətə, Ukrayna ilə sonu görünməyən ədalətsiz müharibəyə görə siyasətçilər, ziyalılar, o cümlədən mən özüm də məsuliyyət daşıyırıq.
Xalqın ziyalıları da faciə, hətta cinayət olan bu sistemin əleyhinə çıxmamış, qaçıb aradan çıxmağa, Avropada, Amerikada yaşamağa üstünlük vermiş, ölkəni və xalqı taleyin və bu cinayətkar rejimin öhdəsinə buraxmışlar. Mənim bir siyasətçi, müxalifətçi olaraq, ölkəmdən getmək, Rusiyanı tərk etmək fikrim yoxdur. Mən 30 ildir ki, aktiv siyasətdəyəm və 3 dəfə ölkə prezidentliyə öz namizədliyimi vermişəm. Doğrudur, qalib olmamışam, amma mənə səs verən, inanan milyonlarla insana borcluyam və onların inamını sındırmayacağam. Nəhayət mən ziyalıyam və xalqımın yaxşı günündə olduğu kimi pis günündə də yanında olmalıyam və ölkəmin faciədən çıxış yolunu axtarmalıyam...
Çıxış yolu isə həmişə var, xalq arasında deyirlər ki, Allahın 100 dərdi varsa, 1000 dərmanı da var. Hazıkı ağır siyasi və iqtisadi vəziyyətdən, müharibə fəlakətindən çıxmağın yolu da var. Mən yuxarıda dedim ki, bu sistemin əleyhinəyəm, ədalətsiz müharibənin əleyhinəyəm, bunu faciə, hətta cinayət hesab edirəm və əminəm ki, Rusiyada minlərlə, yüz minlərlə, milyonlarla insan belə hesab edir. Amma bu azdır, çıxış yolu 10 milyonlarla, 100 milyonlarla insanın bu mürtəce rejimin cinayətkar mahiyyətini dərk etməsində, ona etiraz etməsində, onu rədd etməsindədir. Yenə deyirəm, bu sistemi xalq yaratmışdır, sonsuz səlahiyyətlər vermiş və cinayətkar bir rejimə çevirmişdir. Yalnız xalq bu sistemi dayandırmağa, bu rejimi cəzalandırmağa, bu cinayətlərin qarşısını almağa qadirdir...
Paralel.az