Simonyan: "Ermənistan Laçın dəhlizi ilə bağlı danışıqlarda iştirak etməyəcək"
Spiker Azərbaycanla danışıqları “Dağlıq Qarabağ” hakimiyyətinin aparacağını deyib.
“Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməyəcək. “Dağlıq Qarabağ” hakimiyyəti Azərbaycanla birbaşa danışıqlar aparmaq imkanındadır”.
Bu açıqlamanı Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində deyib.
Alen Simonyan vurğulayıb ki, Rəsmi Yerevan “Dağlıq Qarabağ” hakimiyyətinin istənilən qərarını dəstəkləyəcək.
Ermənistan parlamentinin spikerinin sözlərinə görə, “Dağlıq Qarabağ” hakimiyyəti Azərbaycan tərəfi ilə birbaşa təmasda olub: “Blokadanın ilk iki həftəsində təmaslar olub, indiki mərhələdə bu təmaslar dayanıb”.
Alen Simonyan Qarabağ tərəfdən danışıqları kimlərin apardığını açıqlamayıb.
“Son vaxtlara qədər kimin danışdığını və necə danışdığını bilirdim. Prezidentlə də əlaqə olub. İndi desəm ki, bu olmayıb, yalan olar”, – deyə Simonyan əlavə edib.
“Ermənistanın Laçın dəhlizi ilə bağlı danışıqlarda iştirak etməməsi düzgündürmü?” sualına Simonyan:
“Məgər Laçın dəhlizini Ermənistan bağlayıb?” – deyə cavab verib. Spiker Ermənistanın Laçın dəhlizi ilə bağlı danışıqlara müdaxilə etməməsinin səbəbini belə izah edib: “Əgər Ermənistan buna getsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq. Azərbaycanın bir məqsədi də Ermənistanı bu danışıqlara çəkməkdir ki, sonra da Ermənistan ərazisindən dəhliz açılması gündəmə gəlsin.
Ermənistanın xarici işlər naziri elə bu səbəbdən dekabrda Moskvada keçirilən görüşə qoşulmadı”.
Laçın dəhlizində nə baş verir?
Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.
Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.
Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.
Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.
Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.
Tarixçə
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.(Meydan TV)
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.