Qırğız liderinin İrəvana “isti məktubu” - diplomatiya, yoxsa?

Qırğız liderinin İrəvana “isti məktubu” - diplomatiya, yoxsa?
 

Sadır Japarovun ölkəsi ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Paşinyana göndərdiyi məktuba Bakıdan reaksiyalar.

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsi ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib. Qırğız lider məktubunda ölkəsi ilə Ermənistan arasındakı “çoxəsrlik dostluq əlaqələri”ndən bəhs edib.
“Qırğız Respublikası xalqlarımız arasında çoxəsrlik dostluq münasibətlərinə əsaslanan Ermənistan Respublikası ilə əməkdaşlığa önəm verir”, - məktubda qeyd olunub.
Eyni zamanda Japarov Paşinyana iki ölkə arasındakı əlaqələrin “keyfiyyətcə yeni müstəvi”yə qaldırılmasını təklif edib: “Qırğızıstan-Ermənistan münasibətlərinin hazırkı potensialını keyfiyyətcə yeni səviyyəyə qaldıracaq yeni və daha mükəmməl əməkdaşlıq formalarının kəşfinə səy göstərməliyik. Bu kontekstdə mən Qırğızıstan-Ermənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 2022-ci il noyabrın 4-də keçirilən birinci iclasını vacib və aktual hesab edirəm”.
Qırğızıstan Prezidenti bildirib ki, ölkələrin və xalqların rifahı və firavanlığı naminə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətlərində Paşinyanla əməkdaşlığı fəal şəkildə davam etdirəcək.

Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında yaranıb. Amma  2009-cu ildə Qırğızıstanın Azərbaycanda səfirliyi açılıb. Lakin bir neçə ildən sonra diplomatik münasibətlərimizdə soyuqluq yarandı və faktiki olaraq səfir Bişkekə  geri çağırıldı. 4 il bu ölkənin Bakıda səfiri olmadı. Yeri gəlmişkən, Qırğızıstanda 21 mindən çox etnik azərbaycanlı yaşayır. Bu, kifayət qədər böyük diaspordur. Müqayisə üçün deyək ki, Qırğızıstandakı erməni diasporunun sayı 800 nəfərdən bir az çoxdur.
Qeyd edək ki, ötən il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Prezident İlham Əliyevin iki ay əvvəl, oktyabrda  Bişkekə səfərində Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar verilib.
Qırğızıstanla Ermənistan həm Avrasiya Birliyində, həm də KTMT-də birgə fəaliyyət göstərirlər. Noyabr ayında hökumətlərarası komissiyanın İrəvanda toplantısı olub. Ayrı-ayrı dövlət məmurları səviyyəsində də bu təmaslar artıb. Bəs Qırğızıstan Türk Dövlətləri Birliyinin üzvü, Azərbaycanla strateji tərəfdaş kimi Ermənistanla yaxınlaşma kursunun izahı nədir?

 Azər Badamov 
Deputat Azər Badamov bu ölkənin ikibaşlı siyasətinə diqqət ayırdı: “Başa düşülən deyil ki, erməni və qırğız xalqlarını hansı çoxəsrlik tellər bağlayır və ya da daha  mükəmməl əməkdaşlıq formalarının hansı kəşfinə ümidlidirlər. Hamı bilir ki, Ermənistan iqtisadi səfalət içində çabalayan və ona-buna yalvararaq imdad diləyən, sözdə müstəqil olduğu qeyd edilsə də, reallıqda müstəqil olmayan ölkədir. Bu ölkənin əməkdaşlığı genişləndirmək üçün hansı potensialı ola bilər? O cümlədən Qırğızıstan da kasıb və güclə özünü dolandıran ölkədir. Qırğızıstan Ermənistanla əməkdaşlıqda bu ölkəyə nə verə bilər, bu da bir sualdır. Amma Qırğızıstanın Azərbaycanla əməkdaşlığı bu ölkəni inkişafa qovuşdura bilər. O cümlədən türk dünyasına qovuşduraraq böyük bir iqtisadiyyatı özündə birləşdirən türk dünyası ölkələri ilə əməkdaşlıqdan faydalana bilər. Hesab edirəm ki, Qırğızıstan Prezidenti Sadır Japarov ümumi vəziyyəti dəyərləndirə biləcək dövlət başçısıdır və İrəvana göndərdiyi məktubda qeyd olunan məsələlər, sadəcə, siyasi-diplomatik etika naminə yazılıb. Amma Qırğızıstan Prezidenti həm də unutmamalıdır ki, iki cəbhədə dostluq etmək olmaz . Hər bir ölkənin lideri öz dostunu seçə və dəyərləndirə bilməlidir. Bu dostluq xalqların əsl tarixi kökləri və münasibətləri üzərində qurulanda möhkəm və faydalı olur”.

Elşən Mustafayev 
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, dövlətlər arasında diplomatik münasibətlərdə bir-birilərinə təbriklər göndərmək qaydaları həmişə olub: “Adətən belə təbriklərdə ümumi ifadələrdən istifadə olunur. Qırğızıstan Prezidentinin Ermənistana göndərdiyi təbrik məktubunu oxuyanda hiss olunur ki, bu təbrik hazır şablon materialın üzərində tələsik şəkildə bəzi dəyişikliklər etməklə hazırlanıb. "Xalqlar arasında əsrlərlə davam edən dostluq əlaqələri" və s. ifadələr isə qeyd olunan təbrikin Ermənistana deyil, sanki Qazaxıstana, Özbəkistana göndərildiyi təəssüratını yaradır. Yəni dediyim kimi, bu cür təbrikin hazırlanması Qırğızıstan Prezidentinin protokol şöbəsinin xidmətidir. Amma bu o demək deyil ki, belə mətnlə təbrikin hazırlanmasında diqqətdən qaçan amillər olub. Digər Orta Asiya respublikalarından fərqli olaraq Qırğızıstan hər zaman fərqli mövqelərdə olub. Burada milli məsələlərdən tutmuş müstəqilliklərinə yanaşmaya kimi bir çox məqamlar var. Ölkə çox kasıb olduğundan hər zaman kənardan yardımlar arayıb. Digər tərəfdən, Orta Asiyada türk dövlətləri arasında yeganə ölkədir ki, tarixi kimliyinə çətinliklə qayıdır. Bu ölkədə rus dili ikinci dövlət dili səviyyəsindədir. Siyasətçilər içində milli hissləri yüksək olan və bu istiqamətdə çalışanların sayı az olmasa da, ümumilikdə dövlətin idarəçiliyində hələ də fərqli düşünənlərin sayı çoxluq təşkil edir. O səbəbdən Qırğızıstan Prezidentinin Paşinyana bu şəkildə təbrik məktubu göndərməsinə təəccüb etmirəm. Eyni zamanda düşünürəm ki, maraqlarımız çərçivəsində biz də heç nəyi unutmamalıyıq".

Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı isə fərqli düşünür. O, bu məsələ ilə bağlı Qırğızıstanla münasibətlərin gərginləşməsinin əleyhinədir: “Fikrimcə, Japarovun məktubu diplomatik etiket əsasında yazılıb və bunu normal qarşılamaq mümkündür. Digər tərəfdən, Qırğızıstan Respublikası və Ermənistan hərbi və siyasi-iqtisadi ittifaqlarda yer alır, rəsmi Bişkekin İrəvanda siyasi-iqtisadi münasibətləri inkişaf etdirməsi əvvəlki dövrlə müqayisədə indi Azərbaycan üçün o qədər də təhlükəli deyil. Çünki Qarabağ münaqişəsi başa çatıb və işğal dövründə işğalçı ölkə ilə qurulan istənilən əlaqə bizim haqlı narazılığımıza səbəb olurdu, indi bunu normal qarşılamaq mümkündür. Bişkekin Bakı və İrəvanla münasibətlərinə tarixi müqayisə üzərindən yanaşsaq, fərqli nəticələr, mövcud şərtlər üzərindən baxsaq, fərqli nəticələr çıxarmaq olar. 2010-cu ildə Qırğızıstanda baş verən iğtişaşlarda Azərbaycan da ittiham olunurdu və münasibətlərin müəyyən dövrdə durğunluğunun səbəblərindən biri də bu idi. Digər tərəfdən, Qırğızıstan Mərkəzi Asiyada ABŞ-ın (Qərbin) müəyyən iştirakının olduğu ölkə olub. Bu kontekstdən baxdıqda belə fikir yarana bilər ki, Japarov Paşinyan hakimiyyəti üzərindən Qərblə təmaslarını davam etdirmək üçün bu siyasi xətti izləyir, yaxud Qırğızıstan siyasətində keçmişdən qalma Qərb meylləri Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində Qərbə yaxın olan və bu yaxınlığı davam etdirmək istəyən iki ölkənin münasibətlərinə təsir edir. Hərçənd mən bu tarixi konteksti bir kənara atmadan məsələyə mövcud şərtlərlə yanaşmanın tərəfdarıyam. Qırğızıstan Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsini imzalayıb, iki ölkənin münasibətləri yüksələn xətlə davam edir, o cümlədən Bişkekin Türk Dövlətləri Birliyində rolu daha da artıb. Bu baxımdan, Bişkekin İrəvanla münasibətlərinə daha çox bu ölkənin hərbi və siyasi ittifaqda yer aldığı ölkə ilə münasibətlərini saxlaması, Bakı ilə münasibətlərə zərər gətirmədən xarici siyasətdə balanslı mövqe tutması kimi baxa bilərik. Onu da nəzərə almalıyıq ki, Qırğızıstan KTMT-də Azərbaycana qarşı mövqe sərgiləməyib, yaxud nə torpaqlarımız işğal olunduğu vaxt, nə də indi Bakı ilə münasibətləri Ermənistana qurban verməyib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

0.027652978897095