Ağır döyüşlərin getdiyi Ukraynanın Soledar şəhərindəki son durum açıqlanıb

Ağır döyüşlərin getdiyi Ukraynanın Soledar şəhərindəki son durum açıqlanıb
 

Ukrayna hərbçiləri və əsasən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularından ibarət Rusiya hərbçiləri arasında şiddətli döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində son durum açıqlanıb.

“Report”un məlumatına görə, Ukrayna və Rusiya Baxmut yaxınlığında yerləşən Soledar şəhərinə (bir vaxtlar 10 000 nəfər əhalisi olub) nəzarət barədə ziddiyyətli bəyanatlar verirlər.

Belə ki, Ukrayna Prezidenti Ofisinin müşaviri Oleksiy Arestoviç Soledarın “vaqnerçilər”in iddia etdiyi kimi mühasirədə yox, “yarıməhatə”də olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərin qərb və şimalında müdafiəni saxlayırlar. Bundan başqa, müşavir cənubdan Soledara aparan yolun Rusiya hərbçilərinin atəş nəzarəti altında olduğunu vurğulayıb. Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar isə şəhərdəki vəziyyətlə bağlı konkret bir şey deməyərək oradakı durumu “şiddətli döyüşlər” olaraq qiymətləndirib. Hazırda Baxmut cəbhəsindəki döyüşləri mütəmadi şəkildə geniş işıqlandıran hərbi jurnalist Yuri Butusov Rusiya teleqram kanallarının dezinformasiya yaydığını və Soledardakı Ukrayna hərbçilərinin mühasirəyə alınmadığını qeyd edib.

Rəsmi Moskva Soledardakı son vəziyyətlə bağlı rəsmi açıqlama yaymasa da, Rusiyaya bağlı “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojın şəhərin tam nəzarətə alındığını açıqlayıb. Üstəlik, dəstə başçısı həmin istiqamətdə yalnız “vaqnerçilər”in döyüşdüyünü vurğulaması yerli mətbuatda Rusiya Silahlı Qüvvələrinin hərəkətsizliyi kontekstində birmənalı qarşılanmayıb. Eyni zamanda, ölkənin dövlət agentliyi aralarında Y. Priqojının da olduğu “Vaqner” muzdlularının şəklini dərc edərək “Soledarın duz şaxtalarının azad olunduğunu” açıqlayıb. Bununla belə, dövlət agentliyinin yaydığı şəklin qurama olmasına işarə edən açıq mənbələr üzrə araşdırmaçı (OSINT) "Def Mon" resursu bu şəklin Donetsk vilayətinin Volodimirovka şəhərində çəkildiyini iddia edib. Diqqətçəkən məqamlardan biri də odur ki, daha öncə Qərb mətbuatında həmin şaxtaların Priqojının onları kommersiya məqsədləri üçün istifadə etmək niyyətində olduğuna dair məlumat yayılıb.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

0.021640062332153