Dillərin mənimsədilməsi üçün uşaqların məktəbəqədər və ibtidai təhsil yaş dövrləri ilə bağlı tədris standartları (proqramları) dəyişdirilməlidir

Dillərin mənimsədilməsi üçün uşaqların məktəbəqədər və ibtidai təhsil yaş dövrləri ilə bağlı tədris standartları (proqramları) dəyişdirilməlidir
 

Dillərin mənimsədilməsi üçün uşaqların məktəbəqədər və ibtidai təhsil yaş dövrləri ilə bağlı tədris standartları (proqramları) dəyişdirilməlidir.

Dünyanın qabaqcıl ölkələrində bilinqval və polilinqval təlim modellərinin aktuallığı və geniş tətbiqi, eləcə də hazırki dil situasiyasında ölkəmizdə də bu təlim modellərinin və müvafiq tədris standartlarının reallaşdırılmasının səmərəliliyi barədə dəfələrlə mətbuatda, respublikamızda və xaricdə keçirilən elmi konfranslarda təqdimatlar etmişik. Təkliflərimizi Elm və Təhsil Nazirliyinə (ETN) bildirmişik.

Hamıya gün kimi aydındır ki, Azərbaycanda yüz minədək şagird orta təhsili əcnəbi dillərdə alır. Bu da ölkə Konstitusiyasınının, Təhsil və Ümumi təhsil haqqında qanunların vətəndaşlara verdiyi imkan daxilində mümkün olmuşdur. Yəni Azərbaycanının sivil, tolerant və multikultural ölkə olaraq, öz vətəndaşlarına, həm də müxtəlif səbəblərdən burada yaşayan və işləyən insanlara dövlət dili ilə yanaşı digər tədris dili seçmək imkanı verilməsi cəmiyyətimizdə normal hal kimi qarşılanır. Eyni dil və tədris situasiyası məktəbəqədər təhsil pilləsi, ali təhsilin müxtəlif səviyyələri üçün də səciyyəvidir. Hətta son tədris illərində müxtəlif təhsil pillə və səviyyələrdə əcnəbi dillərdə təhsilin həcmi bariz şəkildə artmaqdadır. İctimai qınaq və kadr çatışmazlığı ümumi təhsildə bu situasiyanı nəzarətdə saxlamağa və hamını məsələyə ayıq yanaşmağa məcbur etsə də, digər pillə və səviyyələrdə hələ ki, vəziyyət narahatçılıq doğurmur. Lakin yaranmış dil və təhsil situasiyası istər milli-dövlətçilik maraqları, istərsə də müvafiq qanunvericilik aktları ilə ziddiyyət təşkil etdiyindən məsələ gündəmdən çıxarıla bilməz.

Hazırda Elm və Təhsil Nazirliyinin status və fəaliyyət dairəsinin genişlənməsi, ölkə prezidentinin sərəncamları ilə ali məktəblərin nəzdində tədqiqat institutlarının yaradılması, eləcə də ETN-nin tabeliyində Ali təhsil, Məktəbəqədər və ümumi təhsil agentliklərinin formalaşdırılması, bir tərəfdən, Ali təhsil haqqında qanun layihəsi ətrafinda müzakirələr, bununla paralel olaraq Milli Elmlər Akademiyasının dəqiq, texniki, təbiət, informasiya texnoligiyaları sahələrini əhatə edən institutların ETN-nə inteqrasiya olunması planları, digər tərəfdən, cəmiyyətimizi, xüsusən də pedaqoji ictimaiyyəti ciddi şəkildə düşündürür və narahat edir. Təhsil və elm məsələləri təkcə qanunvericilik və icra strukturlarında, ictimai qurumlarda deyil, həm də sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir. Ümid edirik ki, ciddi və uzunmüddətli transformasiya və inteqrasiya elmi potensialımızı, elm və təhsil strukturlarımızı yeni relslər üzərinə daşımalıdır. Yuxarıda göstərdiyimiz məsələlərin həllində də düşünülmüş və xaosdan uzaq yanaşmanın tərəfdarıyıq. Şəxsən biz “Zaman hər şeyi yerinə qoyacaq” prinsipi ilə hərəkət etməyi mövcuq zamana şamil etməkdən çəkinirik. Yəni, problemlərin başımızın üzərini almasını gözləməməliyik...

Sevindirici haldlr ki, dövlət dilinin və əcnəbi dillərin ən müasir yanaşmalara uyğun tədrisinin təhsilimizdə prioritet istiqamətlərdən biri kimi elan olunması ilə bağlı yazılarımızdan və müraciətlərimizdən sonra bu istiqamətdə müəyyən addımlar atılmışdır. Ötən dərs ilindən etibarən tədris əcnəbi dillərdə aparılan bütün ümumtəhsil ocaqlarında iki fənnin dövlət dilində aparılmasına başlanılmışdı. Bu tədris ilində pilot layihə ilə 20 məktəbdə “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisinə yer verməsi ilə ETN tərəfindən ümumi təhsil pilləsində bilinqval təlimin başlanğıcının qoyulduğu qanaətindəyik. Cari dərs ili ərzində təlim rus dilində aparılan məktəblərdə rusdilli pedaqoji kadrlar çatışmadığı təqdirdə musiqi, təsviri incəsənət, bədən tərbiyəsi fənlərinin dövlət dilində tədrisinin mümkünlüyü barədə göstərişin verilməsi isə təkcə vəziyyətdən çıxış yolu yox, həm də faktiki olaraq, bütün təhsil ocaqlarına bilinqval təlimi reallaşdırmaq fürsəti verib...

Hazırda dünyada məşhur olan və ölkəmiz üçün xarakterik olabilmə təzahürləri aydın şəkildə sezilən bi-(poli)linqval təlim modelinin tam şəkildə reallaşması  üçün hansı reseptlər təklif olunmalıdır?

Birincisi, tədris əcnəbi dillərdə aparılan məktəb və siniflərdə bilinqval təlimə keçidlə bağlı layihə və tədbirlər davam etdirilməli və bu tipli bütün məktəblərə aid olunmalıdır.

İkincisi, növbəti tədris ilində respublikamızın təlim xarici dillərdə aparılan məktəbəqədər və ümumi təhsil müəssisələrində, onların tərkibindəki qrup və siniflərdə bilinqval təhsil modelinə keçid məqsədilə “Ümumi təhsil haqqında” Qanunun 6.2 və 6.4 bəndlərinə istinad edərək, tədris standartlarına (planlarına) əlavələrdə “tədrisdə dövlət dilinin üstünlüyünün təmin edilməsi üçün  Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası, musiqi, təsviri incəsənət, gənclərin çagırışaqədərki hazırlığı, fiziki tərbiyə və s. fənlərin dövlət dilində tədrisi” ifadəsinin qeyd olunmasını, digər fənlər üzrə tədris dilinin seçilməsini isə məktəbin pedaqoji kadr potensialına uyğun aparılmasını təklif edirik.  Qeyd edək ki, bu, həm də “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi”ndə (MKÇ) 1, 2, 4-cü səviyyələr üzrə bacarıqlara da müvafiqdir. Məktəbəqədər və ümumi orta təhsil müəssisələrində təlim prosesinin iki (üç) dildə təşkil olunacağı təqdirdə, müvafiq qanunvericilik aktlarından, tədris standartlarından, planlarından, tədris vəsaitlərindən təlimin bu və ya digər xarici dildə aparılmasını göstərən ifadələrin çıxarılması, tədris planlarında iki dilin (Azərbaycan-ingilis və ya Azərbaycan-rus dillərinin) təlim dilləri kimi göstərilməsi məqsədəuyğundur.

Üçüncüsü, müasir linqvodidaktika, linqvopsixologiya, linqvokulturologiya, metalinqvistika və sair əlaqəli elm sahələri üzrə mütəxəssislərin yekdil rəyi, uşaq bilinqvizmi və polilinqvizmi üzrə çoxsaylı pedaqoji-psixoloji müşahidə və eksperimentlər əsas götürülməklə, erkən inkişaf və məktəbəhazırlıq dövrlərinin iki və ya üç dildə təlimə başlamaq üçün ən optimal yaş dövrü (2-7 yaş) kimi qiymətləndirilməsi (bəzi mütəxəssislər bu dövru 6 yaşla məhdudlaşdırırlar), 8-12 yaş dövrünün isə dillərin mənimsənilməsi baxımından  nisbətən münbit yaş mərhələsi hesab edilməsi və göstərilən yaş dövrlərində umumi təhsil səviyyəsində dillərin intensiv şəkildə tədrisinə geniş yer verilməsi məqsədəuyğundur. Bunu isə məhz bilinqval və polilinqval təlimi şərtləndirən cəhətlər kimi vurğulamalıyıq.

Burada bir haşiyyə çıxıb vurğulayaq ki, hələ təxminən bir əsr əvvəl, bilinqvizmin təklif olunduğu ilk dövrlərdə  iki dilin paralel şəkildə öyrədilməsinin və bu dillərdə tədrisin təşkilinin uşaqların idraki inkişafını ləngitməsi barədə fərziyyə və iddialar elmi əsasını tapmadığından ABŞ, Kanada, Almaniya, Finlandiya və digər qabaqcıl ölkələrdə bu gün bilinqval və ya polilinqval təlim modellərinə üstünlük verilməkdədir. Yəni bilinqval və ya polilinqval təlimə xas elmi-metodiki yanaşmalara əməl olunarsa, göstərilən yaş dövrlərində uşaqların paralel olaraq iki, üç və daha artıq dilləri mənimsəməsi onlar üçün problem yaratmır. Problem göstərilən yaş dövlərindən xaric tədris pillə və səviyyələrində tədris proqramlarının intensiv dil dərsləri ilə yüklənməsində və sonrakı mərhələlər üçün vacib olan təlim hədəflərindən yayınmaqdadır.    

Dördüncüsü, ümumitəhsil müəssisələrinin ibtidai siniflərində hazırda tədris dili kimi işlədilən əcnəbi dilin tədrisi səviyyəsini və keyfiyyətini qorumaq şərti ilə tədris standartları və planlarına dövlət dilini ikinci təlim dili kimi daxil etmək. Bu məqsədlə tədris dilinə ayrılan həftəlik 8/9 saatın üstünə dövlət dilinə ayrılan 2 saatı (sinif yarımqruplara bölündüyü təqdirdə 4 saatı) gəlməklə 10/11 və ya 12/13 saat            dərsi iki təlim dili arasında tam bərabər bölməklə hər ikisini eyni standartlar üzrə tədris etmək (yəni şagirdlərə oxu, yazı, şifahı nitq və qrammatik minimum bilik və bacarıqları aşılamaq). İbtidai siniflərin tədris planlarında ən azı daha üç-dörd fənnin (musiqi, rəsm, fiziki tərbiyə və informatika) dövlət dilində tədrisini təşkil etmək.

Nəzərə almaq lazımdır ki, tədris əcnəbi dillərdə aparılan siniflərdə şagirdlərin 95 faizindən çoxu dövlət dilini bu və ya başqa səviyyədə anladığından yuxarıda göstərilən tədris fənlərinin mənimsənilməsi onlar üçün çətinlik yaratmayacaq. İndiki halda tədris dilindən asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsi tələbi də müsbət nəticəyə yardım edəcək. Digər tərəfdən, bu, məktəbəqədər təhsil müəssisələrinin bilinqval təlimə keçidi üçün gözəl motivasiya yaradacaq. Göstərilən tədbirin başqa bir cəhəti - tədris resursları məsələsi də təşkilati və maliyyə istiqamətində də təhsil sistemimiz üçün problem yaratmayacaq. Təhlil və müşahidələrimiz göstərir ki, hazırda dövlət dilində təlim aparılan məktəb və siniflərin tədris resursları bilinqval təlimdə adekvat şəkildə qavranıla bilər. Təbii ki, növbəti illərdə tədris resurslarının yenilənməsi prosesində onların məzmun və struktur məsələsi gündəmdə olacaq.

Kadr məsələsinə gəlincə, hər bir məktəbdə kifayət qədər ibtidai sinif və Azərbaycan dili müəllimlərimiz, həm də Müəllimlərin işə qəbulu imtahanlarında yüksək bal toplayıb iş növbəsi gözləyən pedaqoji kadrlarımız çoxdur. İstənilən halda bu zaman bilinqval və ya polilinqval təlimin əsas şərtlərindən biri – tədris dillərini (Azərbaycan və rus, ingilis) aparan şəxslərin ayrı-ayrı pedaqoqlar olmasıdır. Nəzərə almaq lazımdır ki, göstərdiyimiz dillərin artikulyasiya, yazı və oxu vərdişləri, leksik və qrammatik bazası bir-birindən fərqlənir. Bu vərdiş və bacarıqların tədris dilləri üzrə ardıcıllıqla aşılanmasını da məqsədəuyğun hesab edirik. Bu ardıcıllıq tədris planlarına (standartlarına) əlavələrlə müəyyən olunmalı, xüsusi metodiki tövsiyələr hazırlanmalıdır.    

Beşincisi, perspektivdə respublikamızın göstərilən tipdən olan ümumitəhsil müəssisələrini   orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris dilləri arasında nisbi paritet gözlənilməklə bilinqval təlimin, yuxarı siniflərdə (X-XI) isə təmayül fənləri nəzərə alınmaqla polilinqval təlim modelinin tətbiqi gözləməlidir. Göstərilən praktika Türk Dövlətləri Birliyinə daxil olan Qazaxstanda uğurla sınaqdan keçirilərək, artıq öz faydasını verməkdədir.  

Bilinqval və polilinval təlim modelinin ümumi təhsil pilləsində, təlim əcnəbi dillərdə aparılan tədris müəssisələrində tam reallaşdırılması perspektivini xüsusi olaraq iki cəhətdən faydalı hesab edirik: 1) bu praktikanın gələcəkdə təlim dövlət dilində aparılan məktəblərimizdə tətbiqi və yayılması təcrübəsi də istisna olunmur. Belə ki, müasir zamanda əcnəbi dillərin intensiv şəkildə mənimsədilməsi üçün bəzi tədris fənlərinin bu dillərdə aparılması tövsiyə olunur (ilkin olaraq kadr potensialı,  şagirdlərin arzusu və siniflərin təmayülü əsas götürülməklə məktəbin Pedaqoji Şurasının qərarı ilə).  Bu, həm də məktəblərdə inteqrativ təlimin reallaşmasına şərait yaradacaq amillərdən ola bilər. Əcnəbi dillərdə  mükəmməl elektron-tədris resurslarının bolluğu şəraitində məktəb şagirdləri üçün tədris prosesini maraqlı məcraya yönəltməklə yanaşı, onların qarşısında aydın perspektivlər də açıla bilər. Yuxarıda qeyd etdiyimiz kimi, artıq bir sıra ali məktəblərimiz Azərbaycan və rus bölmələri ilə yanaşı, ingilis dilində mütəxəssis hazırlığı tədris proqramlarına üstünlük verməyə başlayıblar.

Aydındır ki, məktəbəqədər və ümumi təhsil pillələrində bilinqval və polilinqval təlim modellərinin tətbiqi təkcə insanlarımızın fərdi və karyera inkişafına deyil, həm də bütövlükdə vətəndaş cəmiyyətinin tərəqqisi, ölkəmizin dünyaya inteqrasiyası, əmək resurslarımızın beynəlxalq əmək bazalarında layiqincə təmsil olunması, milli maraqlarımızın və mədəniyyətimizin daha fəal şəkildə təbliği üçün geniş perspektivlər açacaq. Bu layihələrdən ən böyük qazancı isə respublikamızın təhsil sistemi - dövlət dili ilə yanaşı xarici dilləri yaxşı biləcək abituriyentlərin üz tutacaqları universitetlərimiz əldə edəcək.

Birincisi, universitetlərimiz, dövlət və əcnəbi dillərdə mütəxəssis hazırlığında hazırda malik olduqları dil problemindən qurtulacaq (bu isə tədris proqramlarının icrası və keyfiyyətin təminatında ən ciddi problemlərdən biri olaraq qalmaqdadır), ikincisi, xarici universitetlərlə qarşılıqlı tələbə-müəllim mübadiləsi, müştərək layihələrin icrası prosesləri intensivləşəcək, üçüncüsü, universitetlərimizə əcnəbi tələbə axını reallaşacaq, dördüncüsü, ali məktəblərimizdə dövlət və əcnəbi dillərdə yaradılan elmi və tədris ədəbiyyatların elmi-metrik mənbələrə, dünya elm və tədris məkanına yolu asanlaşacaq, beşincisi, universitetlərimizin ən ciddi problemlərindən biri - buraxılış kurs tələbələrinin istehsalat təcrübəsi və məzunların işədüzəlmə imkanları genişlənəcək, sonuncusu, universitetlərimizin beynəlxalq reytinqlərdə təmsilolunma perspektivləri artacaq.

Bu məqalədə və əvvəlki çıxışlarımızda bilinqval və polilinqval təlimin  zərurəti ilə bağlı gətirilən arqument və faktlar, bütün təhsil pillələri və səviyyələrində müvafiq tədris standartları və planlarının tətbiqindən əldə oluna biləcək nəticələr ilə əlaqədar mülahizələrin diqqətdə saxlanılacağına və nəzərə alınacağına ümid edirik.                               

 Telman Cəfərov, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

"Paralel.az"

 

 

0.042330980300903