Dünyanın ən qədim şərabının izi ilə...

Dünyanın ən qədim şərabının izi ilə...
 

Alimlərin bildirdiyinə görə, 8000 il yaşı olan saxsı qab fraqmentlərində ən qədim şərabçılıq izləri aşkar olunub.

Tbilisi yaxınlığında aparılmış arxeoloji qazıntılar nəticəsində şərab komponentlərinin izi qalmış saxsı küpələr aşkar olunub, alimlər bildirib.
Küpələrdən bəzilərinin üzərində üzüm salxımı və rəqs edən kişi təsvirləri var.
Bu tapıntıya qədər ən qədim şərabçılıq izləri 7000 il bundan əvvələ aid olan saxsı qablarda aşkar olunmuşdu. Həmin artefaktları arxeoloqlar İranın şimal-qərbində tapmışdı.

Son tapıntılar barədə xəbər ABŞ-ın Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
"Biz hesab edirik ki, bu, Avrasiya üzümünün şərab hazırlamaq məqsədi üçün becərilməsinin ən qədim nümunəsidir", - məqalənin həmmüəlifi, Toronto Universitetinin əməkdaşı Stephen Batiuk deyib.
"Şərab Qərb mədəniyyəti üçün mərkəzi əhəmiyyətə malik olub. Dərman kimi, insanlararası münasibətləri həlimləşdirən amil kimi, düşüncəyə təsir göstərən maddə və çox qiymətli mal kimi şərabın Yaxın Şərqdə dindarlıq, əczaçılıq, cəmiyyət üçün əhəmiyyəti böyük olub."
Saxsı küpələr neolit dövrünə aid olan və Tbilisidən 50 km cənubda yerləşən Qadaçrili Qora və Şulaveris Qora adlı qədim məskənlərdə aşkar edilib.
Şərabın kimyəvi əlamətləri 8 küpədə aşkar edilib, onlardan ən qədimi eramızdan əvvəl 5980 ilə aiddir.
Qədim küpələrə bənzəyən kvevri adlı şərab küpəsindən Gürcüstanda şərab istehsalçıları indiyədək istifadə edir, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze deyib.
Bu tapıntıya qədər, İranın şimal-qərbində, Zaqros Dağlarında aşkar olunmuş ən qədim şərabçılıq izləri eramızdan əvvəl 5400-5000 illərə aid edilmişdi.
2011-ci ildə Ermənistandakı bir mağarada 6000 il bundan əvvələ aid olan şərab məngənəsi və küpəsi aşkar olunmuşdu.
Dünyanın ən qədim şərabı isə, güman edildiyinə görə, fermentasiya üsulu ilə düyü, bal və meyvələrdən Çində eramızdan 7000 il əvvəl hazırlanıb.

0.020689964294434