Oxumaq, oxumaq, yenə də oxumaq...

Oxumaq, oxumaq, yenə də oxumaq...
 

 

Qalib ARIF:
"Mənim düşüncələrim" silsiləsindən
Həzrəti İsa Peyğəmbərin bir hədisi var, buyurur: “Əgər, siz insanların balıq yeməyini istəyirsinizsə, onlara balıq verməyin, balıq tutmağı öyrədin”. Düşünürəm ki, hazırda bütün dünyada internet-məkanda tez-tez səslənən “Kitab oxuyanlar bu gün də, sabah da televiziyaya baxanları idarə edəcəklər” deyimi də bu hədisə əsaslanır. Çünki kitablar təxəyyülün inkişafına xidmət edir – sizə balıq tutmağı öyrədir, televiziya isə onu sizə hazır verir. Tutaq ki, siz Hüqonun “Səfillər”ini oxuyursuz, sizin beyninizdə yalnız sizə aid olan, sizin yaratdığınız Janvaljan, Javer obrazları canlanır. Televiziyada Fransanın “Səfillər” filminə baxanda deyirsiz “yox, burda Janvaljan çox qocadır, Javer isə çox keçəldir”. 

Təxəyyül böyük qüvvədir, insanın analitik ağlını, yaradıcı təfəkkürünü inkişaf etdirir. Cek London deyir “Təxəyyül hətta vəhşini də dahi edə bilir.” Albert Eynşteyn isə təxəyyülə elmdən, təhsildən böyük qiymət verir, “Təxəyyül günəş şüasını minib, istədiyi yerə çapmağa qadirdir” deyir. Deməli, təxəyyül yaradıcılığa doğru aparan, təfəkkürə yol göstərən bir işıqdır. Dünyanın bütün bədii əsərləri, dahi kəşfləri bu işığın gücündən yaranır. Bu işığın mənbəyi bir tərəfdən insanın öz talantıdırsa, digər mənbəyi oxuduğu kitablardır. Bunlar sanki qoşa qanadlardır, insanlığı irəli aparır. Aristotel hələ 2500 il bundan əvvəl demişdi ki, “Hər hansı yeni ideya, ən azı iki köhnə ideyanın qovşağında yaranır.” Köhnə ideyaları isə insan oxuduğu kitablardan alır, onların üzərində öz talantı ilə yeni ideyanı yaradır.

Kitab oxumağn təxəyyülü inkişaf etdirməkdən, təfəkkürə qida verməkdən başqa, insanın sağlamlığına, formada qalmasına da müsbət təsir edir. Kitab oxuma prosesi insan beynini gimnastika etdirir, beyni qocalmağa, korşalmağa qoymur. Bu da insanı cavan saxlayır, yaddaşını yaxşılaşdırır, ömrünü uzadır. Viktor Hüqoya, Lev Tolstoya, Albert Eynşteynə baxın, görün kitab oxumaq onların peşəkar yaradıcılığını hansı səviyyəyə qaldırıb, ömrünü nə qədər uzadıb. Mütəmadi kitab oxuyan adamlar, bir qayda olaraq hazırcavab, özlərinə inamlı olurlar, söz ehtiyatları çox olur, obrazlı desək, söz üçün “cibə” girmirlər. Həyatdan, düşdükləri situasiyadan daha asan baş çıxarırlar, ən azı, çörəklərini kitab oxmayanlardan daha rahat qazanırlar. 

Hazırda bütün dünyada internet-məkanı başına götürən bir deyimi də var: "Kitab oxuyanların sayı sürətlə azalır, XIX, XX əsrlərdə kitab oxuyanların heç 5-10 faizi indiyə qalmır”. Hesab edirəm ki, tamamilə səhv yanaşmadır. Sadəcə olaraq, klassik demiş, “Zamanın nehrəsi çalxanır, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. XIX, XX əsrlərdə kitab oxumaq, sadəcə olaraq dəb idi, indi Feysdə vaxt keçirmək kimi. Odur ki, həmin dövrlərdə kitab oxuyanlar da çox idi, evdar qadınlardan tutmuş, işsiz-gücsüz adamlara kimi. Balzakı yada salın, onun əsərlərini bütün Avropanın, Rusiyanın evdar qadınları oxuyurdu...

Bu gün isə, Balzakı oxuyanları barmaqla saymaq olar. Çünki vaxtın qızıl olduğu dövrdə insanlar kitabı vaxt keçirmək üçün yox, yeni bir şeylər öyrənmək, nə isə götürmək üçün oxuyurlar. Odur ki, bədii kitabları oxuyanların sayı müəyyən qədər azalır, elmi, fəlsəfi kitabları oxuyanların sayı isə parallel olaraq artır. Bunu dedektiv əsərləri oxuyanların sayının azalması timsalında daha bariz müşahidə etmək olar. Deməli, kitab oxumaq da bütün ali dəyərlər kimi dərk olunan zərurətdir, dərk olunduqda şəxsiyyətin inkişafına, yaradıcılığına, dərk olunmadıqda isə, ən yaxşı halda, vaxt itkisinə səbəb olur. Ən pis halda isə, dəli olanlar da var…  

Bəli, kitab keçmişin səlnaməsi, bu günün güzgüsü, gələcəyin xəbərçisi kimi bütün zamanların və bütün insanların diqqət mərkəzində olub və olacaq. Min illərdir ki, uzaqgörən, öz xalqının inkişafını istəyən şahlar, imperatorlar kitabı, kitabxananı qoruyur, insanları kitab oxumağa, savad almağa çağırırlar. Zalımlar, vicdansız hökmdarlar isə kitabxanaları yandırır, xalqları qaranlıqda saxlamağa çalışırlar. Eramızdan əvvəl Misirdə İskəndəriyyə kitabxanasının yandırılmasından tutmuş, XX əsrdə kommunistlərin, faşistlərin kitabları, kitabxanaları yandırmasına qədər, bunun yüzlərlə nümunəsini saymaq olar. Ancaq tarix göstərir ki, kitab yandıranlar heç zaman öz arzuların çatmırlar və çatmayacaqlar. Alçaqlar, vicdansızlar nə qədər yandırsalar da, kitab Səməndər quşu kimi odun, külün iğindən çıxır, xalqlara, insanlara yol göstərir, savad verir…
Düşünürəm ki, kitab yandırmaq ən böyük ədalətsizlikdir, faktiki olaraq, bəşəri cinayətdir. Sadəcə olaraq, orta əsrlərdə müəllifləri yandırırdılar, indi onların kitablarını yandırırlar. Amma kitabları yandırmaqdan daha böyük bir cinayət var: KİTABLARI OXUMAMAQ…

Paralel.az

0.0384521484375