"Fransa qərəz nümayiş etdirir" - Natali Qule - VİDEO

 

Natali Qule: Azərbaycana sanksiya tətbiq etmək balansı pozur və faydasizdir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü və sədri kimi Fransanın Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim etdiyi sənəd qəbul olmadı.

Halbuki Fransa Azərbaycan əleyhinə olan bəyanatı qəbul etdirə bilmək üçün bütün resurslarını səfərbər etdi, məkrli işlər nəticəsində Fransa parlamentinin 11 üzvü prezident Makrona məktub ünvanladı ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun.

Hətta Fransa düşünürdü ki, Azərbaycan əleyhinə hazırlanan bəyanatı qəbul etdirəndən sonra bunu qətnaməyə çevirməyə nail olacaq. Bu günlərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da TŞ-də qətnamənin qəbul ediləcəyini əminliklə vurğuladı.

Proseslər Fransa-Ermənistan cütlüyünün çirkin niyyətini açıq şəkildə ortaya qoydu. Amma cəhdləri uğursuz oldu. Hazırladığı sənədin özünə qarşı yönəldiyini görən Fransa rəsmi məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etmək məcburiyyətində qaldı.

Nəticədə Fransa məğlub oldu, dünyanın gözü qarşısında rəzil duruma düşdü. Beynəlxalq ictimaiyyətlə yanaşı, Fransa Senatının üzvü Natali Qule də rəsmi Parisin ədalətsiz, qərəzli olduğunu açıq etiraf edirlər.

Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında məğlub etdi. Paris-İrəvan tandeminin cəhdlərini puça çıxardı. Bu parlaq qələbə Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani şəkildə ortaya qoydu.

Azərbaycan Fransanın iç üzünü açdı. Getdikcə nüfuzunu itirən Fransa və onun rəhbəri Makronun erməni diasporunun və lobbisinin əlində oyuncağa çevrildiyini nümayiş etdirdi. Fransa-azərbaycanlılarının koordinasiya şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva da bildirib ki, rəsmi Parisin erməni lobbisinə göstərdiyi dəstəyin və sevginin sərhədi yoxdur.

Qeyd edək ki, Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı da BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. O zaman bu mümkün olmadı. 44 günlük Vətən Müharibəsinin gedişindən və ondan sonra da Fransanın bu cür oxşar cəhdləri oldu.

Fransa keçmiş Minsk Qrupunun həmsədri kimi artıq tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olsa da, 30 illik işğal dövründə bir dəfə olsun obyektiv mövqe ortaya qoymadı, digər həmsədrlərlə birlikdə münaqişənin dondurulmasına, Azərbaycanın işğalla barışmasına çalışdı.

0.01943302154541