Ad gününüz mübarək!

Ad gününüz mübarək!
 

Bəli, insanı mühit yetişdirir, savadı isə təhsil verir. Qalan xüsusiyyətlər genlə, qanla gəlir. Bütün bunlar birləşəndə insan təfəkkürü sərhədsiz olur…

Savadın insanın dünyagörüşündə, davranışında əhəmiyyətli rol oynadığını hamımız bilirik. Onun bu səviyyəyə yetişməsində savadın rolu az olmayıb...

Vəzifə insanın faydalı olması, daha çox adamın problemlərini həll edib, xeyirxahlıq göstərməsi üçün Allahın verdiyi fürsətdir...

Müxtəlif vəzifələrdə çalışıb. “Azərkimya” Dövlət Şirkətinin rəhbərinin müavini postunadək yüksələ bilib. Heç vaxt heç kimə pisliyi dəyməyib, iş adamlarına dəstək olub, fəhlə və mühəndis kollektivinə doğma münasibət göstərib, problemlərinin həllinə çalışıb...

Pandemiyanın ilk vaxtlarında yaradılmış fonda iyirmi min manat pul köçürdüyünün şahidi olmuşam. Vətən müharibəsi dövründə qırx min manat “orduya dəstək fondu”na vəsait köçürməsindən əlavə, dəfələrlə ön cəbhəyə ərzaq, isti pal-paltar aparıb. Neçə-neçə qazi, şəhid ailəsinə yardım edib. Bu gün də davamı gəlir...

Xeyriyyəçilik hər imkanlıya nəsib olmayan keyfiyyətdir. O qədər zəngin adamlar tanıyırıq ki, nə bir yetimi sevindirib, nə bir kimsəsizə arxa durub, nə də imkansıza əl tutub. Heç İslam qaydalarına görə var-dövlətinin fitrə-zəkatını vermək də ağlından keçməyib. O isə, yanına pənah gətirən kimsəni əliboş yola salmır. İmkansıza yardım edir, yetimə, kimsəsizə yiyə durur. Ehtiyac içində qovrulana kömək edib, sıxıntıdan qurtarır. Məgər birdir-ikidir Onun xeyirxah əməlləri? Say-hesabı çoxdan itib...

Təpədən-dırnağa ölkəsinə, xalqına, el-obasına bağlı adamdır. Azərbaycanı, azərbaycanlıları canı qədər sevir. Azərbaycan, deyiləndə ayağa durmağı bacarır. Torpaqlarımız işğaldan azad olunandan sonra dözməyib üzü Qubadlıya yol tutdu. Elə bil, Ona dünyanı bağışlamışdılar. Sevincinin həddi-hüdudu yox idi...

Doğulub boya-başa çatdığı Sumqayıtın abadlaşmasında onun da öz tohfələri olub. Bir vaxtlar oxuduğu məktəbin dam örtüyünü öz hesabına düzəltdirib. Böyüdüyü binanın qarşısında xeyir-şər üçün bina tikdirib, həmin bina ilərdir ki, imkansızlara təmənnasız xidmət göstərir. Heç vaxt siyasətə qarışmır, amma ictimai fəal kimi həmişə öndə olur. Şəhərin bütün tədbirlərinə, yığıncaqlarına hörmətli, nüfuzlu sakin kimi dəvət alır, iştirak edir...

Hər bir şəhərin öz elitası var. Onlar da iki hissəyə bölünürlər- Yerli elita, müvəqqəti elita. Yerli elita həmin şəhərdə böyüyüb ərsəyə çatanlardan olur, müvəqqəti elita isə şəhərə təyin olunmuş məmur və vəzifə sahiblərindən. O, Sumqayıtın yerli elitasının sırasındadır...

El ağsaqqalıdır! Bəzən yol ayrıcında çaşıb qalırıq, hansı səmtə üz tutmağımızı təyin edə bilmirik. Xeyirin harada, zərərin hansı istiqamətdə olduğunu müəyyən etmək üçün bir müdrik tövsiyyəsinə, ağıllı məsləhətə ehtiyacımız olur. Problemlər üstümüzə hücum edəndə, əlacsız qalanda onun yanına gedirik. Küsənləri barışdırmaq, kinləri mum kimi əritmək, düşmənləri sülhə gətirmək onun ağıl və təfəkkürü qarşısında adi bir əmələ dönüb. Rəftarında o qədər mükəmməldir ki, təvazökarlıq, sadəlik elə bil ruhuna biçilib, uşaqla uşaq, böyüklə böyük olmağı bacarır. Heç kimi acılamaz, amma elə bir söz deyər ki, qulaqlarda sırğa olar...

Dekabrın 29-u haqqında söhbət açdığım Hacı Gülağa Abişovun 63 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və işlərində uğurlar arzulayıram.
Çox yaşasın!
Qarşıdan gələn yeni ili də mübarək olsun!

Elman Eldaroğlu

"Paralel.az"

0.15054082870483