Orfoqrafik anarxiyaya mühüm “töhfə”

Orfoqrafik anarxiyaya mühüm “töhfə”
 

Şəxs adları obyekti başqalarından fərqləndirməyə xidmət edən, bu obyekti fərdiləşdirən və identikləşdirən sözlərə deyilir. Başqa sözlə, şəxs adları fərdiləşdirici nominasiya funksiyasını yerinə yetirir. Gündəlik həyatda şəxs adları ilə mütəmadi olaraq qarşılaşırıq. Onlara müxtəlif funksional üslublarda rast gəlmək olar. Əcnəbi şəxs adlarının transliterasiyası xüsusi diqqət tələb edir, amma belə məlum olur ki, ölkəmizdə bu sahədə ciddi nöqsanlar var. Transliterasiya qaydaları və xüsusi isimlər lüğəti hazırlanmadığından ölkədəki orfoqrafik anarxiyaya onlar da öz “töhfəsini” verir.
Türkiyədə işlənən şəxs adlarının həm mənbə dildə olduğu kimi, həm də Azərbaycandakı qarşılığı kimi işlənməsi xüsusilə diqqəti cəlb edir. Məsələn, Nobel mükafatı laureatı Əziz Səncərin adı-soyadı ən populyar saytlarda “bütün mümkün variantlarda” yazılır: Əziz Səncər (president.az), Əziz Sancar (AzərTAc), Aziz Sancar (APA). Doğru olan Əziz Səncərdir deyə düşünürük. Çünki hər iki ad Azərbaycanda şəxs adı kimi işlənir. Türkiyənin Vitse-prezidenti Fuat Oktayın ad-soyadının yazılışında saytlar arasında “konsensus” var – Türkiyədəki kimi yazılır. Hər iki ad Azərbaycanda işlənildiyi halda, onların Türkiyə orfoqrafiyası ilə yazılması təəccüblüdür. Bəzən eyni adın eyni saytda iki cür yazılması hallarına da rast gəlirik: “Sentyabrın 14-də Bakıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimi keçirilib (AzərTAc, 14 sentyabr 2022 ), “Türkiyənin səhiyyə naziri Fahrettin Koca…” (AzərTAc, 14 oktyabr 2022).

Təbii ki, bütün bunlar xoş deyil və bu anarxiya aradan qaldırılmalıdır. Türkiyədə və Azərbaycanda ortaq olan şəxs adları yazılarkən hansı sənədə istinad edilməlidir? Əgər elə bir sənəd yoxdursa, onda doğru və yanlış necə müəyyən edilməlidir? Bununla bağlı dil təəssübkeşi olan tanınmış ziyalılarımızın fikrlərini öyrənmək istədik.

Əməkdar jurnalist, AzərTAc-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov: “Mənim fikrimcə, əcnəbi şəxs adları bizdə necə səslənirsə, elə də yazılmalıdır. Məsələn, Əziz Səncər, Fuad Oqtay, Fəxrəddin Qoca kimi. “AzərTac”da bu cür əcnəbi adların iki cür yazılışına gəlincə, bunu olsun ki, xarici müxbirlər elə göndərir, ayrı-ayrı şöbələrdən gəlir və bəzən redaktorlar buna diqqət yetirmirlər. Prezidentin məlumatları, əsas rəsmi xəbərlərimizə fikir verin, orada 

Azərbaycanda necə səslənursə, eləcə də yazılır”.

Fəxrəddin Veysəlli, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, professor: “Adların və soyadların, ölkə, şəhər, kənd, qəsəbə adlarının yazılışında elmi prinsiplərə riayət olunmalıdır. Bu elmin adı transliterasiyadır. Bütün adların transliterasiyasında iki yol var: ya yazı əsas götürülür, ya da tələffüz. Məsələn, ingilislər öz paytaxtlarını Landon adlandırırlar. Biz isə ona London deyir və yazırıq. Deməli, burda bizim üçün yazı əsas olmuşdur. Dediyiniz adlar bizdəki qarşılığı kimi – Əziz Nesin, Kamal Paşa, Nazim Hikmət şəklində yazılmalıdır. Kamal Paşa latın əlifbasına keçəndə erməni A. Dilaçar /ə/ fonemini əlifbadan çıxardı. Amma bu gün də türk dilində /ə/ fonemi işlənir. Məsələn, türklərə zəng gələndə dəstəyi qaldırıb /əfəndim/ deyirlər. Mən eşitməmişəm ki, onlar /efendim/ desinlər.

Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri Elçin İsmayılov:

– Sualınıza belə də cavab verə bilərəm. Bu məsələdə bir prinsip yoxdur. İş yoldaşlarımla danışdım. Bunların da heç birinin belə bir prinsipin olmağından xəbərləri yoxdur. Yəni, kim necə istəyirsə, elə də yazır. Ancaq əslində sözlər bizim dilimizdə olduğu kimi yazılmalıdır. Qəribə burasıdır ki, türklər bizim adlarımızı, sözlərimizi bəzən öz dillərinə uyğunlaşdırıb deyirlər. Hətta toponimlərimizi də. Biz də onların şəxs adlarını dilimizə uyğunlaşdırıb deyirdik, indi isə onlar kimi deyirik. Yəni, dilçilər sırf bunun tərəfdarıdır. Mən bir də sorğu keçirdim, beş-altı nəfərdən soruşdum və bu qənaətdəyəm ki, bizim dildə necədirsə, elə yazılsa, daha 

məqsədəuyğundur. Yəni “e” saitinin yerinə “ə” yazmaq və s. Yəni bizim dilimizin qaydalarına – Azərbaycan türkcəsinin qaydalarına uyğun olmalıdır. Yazılış da, deyiliş də. Ancaq bir də vurğulayıram, bu məsələdə konkret bir transliterasiya prinsipi yoxdur… Mən burada transliterasiya ilə məşğul olan İlham müəllimlə və bir neçə başqa alimlə söhbət etdim. Dedilər ki, “e”lər “ə” kimi yazılmalıdır. O biri hallarda da vəziyyətə baxmaq lazımdır.

Professor Nəriman Qasımoğlu (ADA Universiteti):
“Neçə onilliklərdir. Azərbaycanda qarşılığı olan türk şəxs adları dilimizdəki kimi yazılır: Nazim Hikmət, Əziz Nesin, Süleyman Dəmirəl və s. Məncə, belə doğrudur. Amma elə adlar var ki, onların Azərbaycan orfoqrafiyasına uyğun yazılması mümkün görünmür. Akademik nəşrlərdə isə müəlliflərın ad və soyadının olduğu kimi yazılması praktikası geinş yayılıb və bunu doğru hesab edirəm. Kütləvi informasiya vasitələrində eyni şəxs adının fərqli şəkildə yazılması isə təəssüf doğurur”.

 

Səadət Şıxıyeva,  AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent: “Yalnız türk deyil, ümumiyyətlə, xarici şəxs adlarının yazılışında imla fərqliliyi təkcə publisistik yazılarda deyil, elmi mətnlərdə tez-tez rastlaşdığımız və həllini gözləyən məsələlərdəndir. Məsələn, Əhməd Qabaqlımı, yoxsa Ahmet Kabaklımı, Kınalızade, yoxsa Xınalızadə yazılmasının doğruluğu barədə həmişə tərəddüdüm olub. Zənnimcə, şəxs adlarını, xüsusilə dilimizdə qarşılığı olanları Azərbaycan türkcəsinin tələbinə uyğun yaza bilərik. Onsuz da həmin adlar ədəbiyyat siyahısında əslinə uyğun qeyd olunur. Amma bu da var ki, həmin şəxslərə mətn içində istinad etdikdə internetdə həmin mətnin elektron variantı əsasında sitatgöstərmənin müəyyənləşməsində qarşıya problemlər çıxır. Yəni ad və soyad dəyişdikdə həmin şəxs ona istinad olunduğundan xəbərsiz qalır. Bu mürəkkəb məsələ ciddi müzakirə olunmalıdır. Türklər mənim soyadımı ingiliscə verməyə meyllidirlər. Belə ki, türk əlifbasında x hərfi olmadığından soyadımı Şıhıyeva yazmaq məcburiyyətində qalıram. Amma onlar bu şəkli deyil, ingiliscə variantı – Shikhiyevanı seçməyə meylli görünürlər. Bu, sadəcə, bir nümunədir. Düşünürəm ki, bu məsələdə vahid yazı qaydası qəbul olunmalı və pərakəndəlik tədriclə aradan qaldırılmalıdır”.

Yeganə Kərimzadə, yazıçı: “Məncə, nəinki türk, eyni zamanda, digər xarici adlar dilimizə uyğunlaşdırılmalıdır. Bu, dünya təcrübəsində yenilik deyil ki, adlar və yer adları yerli dilə uyğunlaşdırılır. 

Bu, dünya təcrübəsində yenilik deyil ki, adlar və yer adları yerli dilə uyğunlaşdırılır. Bu, düzgün tələffüz üçün vacib şərtlərdən biridir. Saytlarda gedən səhvlər isə, məncə, qeyri-peşəkarlıqdır və saytlarda tərcüməçilərin olmamasından irəli gəlir. Peşəkar iş peşəkar kollektivlə inkişaf edə bilər”.

Jalə İsmayıl, filologiya üzrə fəlsəfə doktoru, redaktor: “Azərbaycan dilində xarici dillərdəki xüsusi isimlərin necə yazılması ilə bağlı ciddi problem var. Ənənəvi olaraq, ruscadan aldığımız adlara yenidən baxılmalıdırmı? Hər dilin özündəki tələffüz əsas götürülməlidir, yoxsa orijinal yazılış Azərbaycan dilinə uyğunlaşdırılmalıdır? Texasmı, Teksasmı? Milanmı, Milanomu? Kipr, yoxsa Kıbrıs?

AMEA Dilçilik İnstitutu çox vaxt itirib bu qaydaları yeniləmək üçün. Artıq dəqiq söz deyilməlidir. Bu sahədə ən qarışıq vəziyyət türkcə sözlərlə bağlıdır. İnsan adlarının və coğrafi adların əksəriyyəti Azərbaycan dilində də olduğu üçün bu adların yazılışı və tələffüzü, sadəcə, şəxsi təşəbbüs və subyektiv rəylər əsasında baş verir. Hər redaktorun arqumenti fərqlidir.

Arzu edirəm ki, qısa müddətdə rəsmi dilçilərimiz bir qərar versinlər və hamı bu qərara uyğun hərəkət etsin. İndiki halda türkcədəki xüsusi isimlərin orijinaldakı kimi işlənməsinin tərəfdarıyam”.

Gülyaz ƏLİYEVA

0.015527963638306