"Açıq mikrofon" aksiyası bu dəfə Şəmkirdə baş tutdu - FOTO
Sahibkarlarla sayca 54-cü, ümumilikdə isə 220-ci "Açıq mikrofon" aksiyası Şəmkirdə baş tutdu.
"Ötən ilin avqust ayından etibarən start götürən "Açıq mikrofon" aksiyası çərçivəsində bu gün sahibkarlarla 54-cü, ümumilikdə isə 220-ci görüşümüz baş tutur. Keçirilən görüşlərdə əsas məqsəd və amalımız istər sakinlərin, istərsə də sahibkarlıq subyektlərinin qaz təchizatı ilə bağlı problemlərini dinləmək və yardımçı olmaqdan ibarətdir. Bu gün də "Səyyar qəbul otağı" Şəmkir sahibkarlarının ixtiyarındadır".
"Paralel.az" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib. Daha sonra mikrofon önünə keçən sahibkarlar üzləşdikləri çətinliklərdən söz açıblar.
"İstixanada məhsulumuz var. Sizdən xahişimiz odur ki, məhsul satışa çıxana qədər istehlak etdiyimiz təbii qaza görə yaranan borcumuzun hissə-hissə ödəməyimizdə bizə köməklik edəsiniz", - deyə sahibkar Yunis Namazov bildirib.
Digər sahibkarlıq subyektləri - Babək Məmmədov və Tapdıq Mehdizadənin müraciəti də eyni yönümlü olub. Ünvanlanan müraciətlərlə bağlı Birliyin məsul şəxsləri tərəfindən sahibkarlara izahatlar verilib.
Məlumat üçün bildirək ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Şəmkir rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.