Fuad Muradovun vəzifə müddəti bitmədimi? -Araşdırma
Fuad Muradovun istefa verməyə gücü çatmırsa, qoy, dövlət onu vəzifədən azad etsin.
Fransa Senatının Azərbaycan əleyhinə yekdilliklə (cəmi 1 nəfər əleyhinə səs verib) qətnamə qəbul etməsindən sonra gözlər yenidən dövlətimizin nüfuzunun qorunması, xarici siyasətimizə dəstək göstərilməsi və ölkəmizin maraqlarının müdafiəsi ilə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsinin və islahatlar dövrünü yaşayan rəsmi media qurumlarının fəaliyyətinə (fəaliyyətsizliyinə) yönəldi. Baxmayaraq ki, sözügedən proses, yəni ölkəmizin informasiya müharibəsində uduzması barədə hələ sentyabrda sərhəddə baş verən toqquşmadan sonra müstəqil ekspertlər və media orqanları həyəcan təbili çalırdılar.
Ümumiyyətlə, onsuz da son illərdə fəaliyyəti ciddi tənqid olunan, diasporumuzu parçalamaqla məşğul olduğu barədə ciddi ittihamlarla üzləşən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən müharibəsindən sonra daha da arxayınlaşıb, hətta özünü də, rəhbrəlik etdiyi qurumu da unutdurmağa çalışıb.
Halbuki Fransa kimi Avropanın aparıcı dövlətində erməni diasporunun güclü olduğunu, yenidən prezident seçilən E. Makronun Ermənistanın maraqlarından çıxış etdiyini nəzərə alaraq, Diasporla iş üzrə Dövlət Komitəsi bu ölkədə fəaliyyətini qat-qat gücləndirməli idi. Üstəlik, Fransada ermənilərlə yanaşı, Türkiyədən, İrandan olan soydaşlarımızın, müsəlman əhalinin çoxluğunu nəzərə alaraq onların arasında ölkəmizin təbliğinə geniş yer verməli idi.
Əvəzində nəyin şahidi oluruq? Fuad Muradovun qrant layihələri adı altında illərlə pul ayırdığı adamlar, 10-15 nəfər azərbaycanlı “Nooldu, Paşinyan?” mahnısının sədaları altında guya Fransa Senatına etiraz aksiyası düzənləyir…
Paralel.az media üzərindən aparılan araşdırmadan sonra xəbər verir ki, sosial media ortamında yayılan görüntülərdəki utancverici mənzərə qarşısında Fuad Muradov istefa verməli idi. Hər halda Parisdə baş verənlər, Fransa Senatında qəbul edilən üzdəniraq qətnamədən sonra Diasporla iş üzrə Dövlət Komitəsinin lüzumsuzluğu bir daha gündəmə gəlir.
Çünki ölkəmiz üçün son dərəcə vacib olan bu qurum əslində Azərbaycan dövlətinin xarici siyasətinə dəstək olmaq əvəzinə, yararsızlığını bir daha sübut etdi. Xarici ölkələrdəki soydaşlarımızın ciddi şəkildə səfərbər olması və ölkəmizin mənafelərinin qorunması üçün ciddi addımlar atılması məqsədilə yaradılan Diasporla iş üzrə Dövlət Komitəsi Fuad Muradovun rəhbərliyi dövründə qondarma qrant layihələrinin uğursuzluğu, xarici ölkələrdə Komitənin yaratdığı koordinasiya şuralarının fəaliyyətsizliyi və Avropadakı diasporlarımızın parçalanması ilə yadda qalıb.
Ümumiyyətlə, Fuad Muradovun son illərdəki fəaliyyəti qrant layihəsi və medal verməkdən ibarət olub. Həmçinin dövlət tərəfindən ayrılan milyonlarla pulların nə üçün, hara xərclənməsindən Fuad Muradovdan başqa, heç kimin xəbəri yoxdur. Xaricdə yaşayan soydaşlarımızın sözlərinə görə, F. Muradovun rəhbəri olduğu Komitə diaspor təşkilatlarının, xarici ölkələrdəki Azərbaycanın dostlarının və səfriliklərimizin səylərini birləşdirə bilmir.
Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, Fuad Muradov bu 5 il ərzində öz fəaliyyətsizliyi ilə, Diasporla İş üzrə Dövlət Komitəsinin vacibliyini sual altına alıb. Çünki ölkəmizə qarşı Avropanın aparıcı ölkələrində olan mənfi münasibət xaricdəki soydaşlarımızın həmrəylik məsələsinə etinasız yanaşmasından deyil, Qərb ölkələrdəki səfirliklərimizin Diasporla İş üzrə Dövlət Komitəsinin yaratdığı koordinasiya şuralarının yarıtmaz fəaliyyətindən qaynaqlanır.
Maraqlıdır ki, Fransa Senatının qərar qəbul etməsindən sonra F. Muradovun rəhbərlik etdiyi, o cümlədən ölkəmizin təbliğatı ilə məşğul olan əlaqədar qurumların fəaliyyəti hansı istiqamətdə qurulacaq?
Son aylarda ölkəmizə qarşı baş verən informasiya hücumları qarşısında ciddi tədbir görülmədiyini nəzərə alanda, hər hansı mühüm addımların atılmasını gözləmək sadəlöhvlükdür.
Beləliklə, F. Muradov ona həvalə edilən vəzifənin öhdəsindən gələ bilmədiyini artıq əməlilə sübut edib. Bir şəxsin vəzifədə özünü göstərməsi üçün 5 il kifayət deyilmi? Artıq hamı görür ki, Diasporla İş üzrə Dövlət Komitəsi diasporumuzla işləyə, xarici ölkələrdə ölkəmizin maraqlarının qorunması naminə müsbət addımlar ata bilmir.
F. Muradovun nəyin hesabına və kim tərəfindən cənab Prezidentə təqdim olunaraq, Diasporla İş Komitəsinə sədr təyin olunması barədə ölkədə gəzən şaiyələrin bu gün də səngimədiyi məqamda onun vəzifədən azad olunması və bacardığı işin dalınca göndərilməsinin tam zaman olduğunu bütün cəmiyyət söyləyir.
Araşdırma media üzərindən tədqiqat əsasında hazırlanıb