Ruhumuzun körpə vaxtlarında...

Ruhumuzun körpə vaxtlarında...
 

Dekabrın 28-i onun ad günüdür

“Bar verən ağaca daş atan çox olar”- bu bir atalar məsəlidir. Onun da haqqında müxtəlif şaiələr dolaşır. Kimisi deyir ki, uşaqlı ailələrə “uşaqpulu”nun verilməsinin əleyhinə çıxıb, kimisi isə onun ölüm xəbərini yayır, kimisi də...

SƏS! SƏSdə böyük qüdrət olduğunun hamımız şahidi olmuşuq. SƏS adamı mübarizəyə səsləyə, uşaq kimi kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək. Bəli, SƏSin xalq arasında ucaltdığı ifaçılar, müğənnilər çox olub…

Kim deyir ki, mərdlik ancaq kişilərə xasdır? Mərdlik dəyərdir, qadınlarda da olur- Onda da var. GÖZƏLLİK- Allahın bəndəsindən əsirgəmədiyi lütfdür- Onda da var. KÜBARLIQ- vücudu ruha təslim edən gücdür- Onda da var…

Deyir ki,- “Türkiyədə istirahət edirdim. Şabalıd satan bir gəncə yaxınlaşıb, şabalıd aldım. Bu gəncin azərbaycanlıya oxşadığını görüb, haralı olduğunu dəqiqləşdirmək üçün sual verdim. Dedi ki, azərbaycanlıdır. Rayonların birində müəllim işləyir. Üç ay, yay tətilində Türkiyəyə gəlib alver edir ki, yeni qurduğu ailəni dolandıra bilsin…”

Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr ünvanına yetişə bilsin. Buna ancaq nadanlar ağız büzərlər. Ondan fərqli olaraq, kişi həmkarı isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…

Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ Ali Sovetinin deputatı olanda, şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı. Bəzilərindən fərqli olaraq, özünü reklam etməyi heç vaxt xoşlamayıb. Amma kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Nə qədər ehtiyacı olan insanı sevindirdiyinin sayını Uca Tanrıdan başqa heç kim bilə bilməz. Ola bilsin ki, kimsənin haqqı özünə çatmayıb. Amma həmin haqq onda yox, arada itmiş olar…

Əlbəttə ki, GÖZƏLDİR. Bir əsrdən 14 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də onu tərk etməyib, etibar və sədaqət göstərib…

KÜBARDIR- Gündəmdə qalmaq üçün heç vaxt saxta fəndlərdən istifadə etməz. Axı ictimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…

Zeynəb Xanlarova- Yeniyetmə çağlarımda, gənclik illərimdə adı gələndə minlərlə həmyaşıdım kimi, tələsik “sehirli qutu”nun qarşısına yüyürdüyüm, sevə-sevə dinlədiyim xanım.
Zeynəb Xanlarova- Azərbaycan operasının Leylisi, Əslisi! Milyonlarla azərbaycanlının musiqi zövqünü formalaşdırmağı bacaran qadın. Ruhumuzun körpə, ac vaxtlarında mahnıları ilə ürəyimizdə yuva quran, yaddaşımızda yer alan xanəndə...

Bəli, dekabrın 28-i bu möhtəşəm, qürurlu xanımın 86 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram...

Çox yaşasın!

Elman Eldaroğlu

"Paralel.az"

0.023416042327881